Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:03

Yarımsultan


Karikatura
Karikatura

Türkiyədə konstitusiya referendumu prezident Recep Tayyip Erdoğan-ın qələbəsi ilə başa çatdı. Onun Konstitusiyaya 18 düzəlişi qəbul edildi. Seçicilərin çoxu parlamentli respublikadan prezidentli respublikaya keçidi dəstəklədi. Ancaq həm də bəlli oldu ki, ölkə əhalisinin, az qala, yarısı hakim Ədalət və İnkişaf Partiyasını (AKP) dəstəkləmir. İndi müxalifət nəticələrə yenidən baxılmasını tələb edir. Narazı seçicilərsə etiraz aksiyaları keçirirlər.

Müxalifətin səsləri yenidən saymaq tələblərinə baxmayaraq, Türkiyənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Sadi Güven 16 aprel referendumunun nəticələrinin qüvvəyə mindiyini elan edib. Müxalifət səslərin 60 faizə qədərinin yenidən sayılmasını tələb edir və bülletenlərin 37 faizinin şübhəli olduğunu deyir.

DƏYİŞİKLİKLƏR

Erdoğan-ın təklif etdiyi dəyişiklikləri 23.2 milyondan çox adam dəstəkləyib. Bu, 1923-cü ildən bəri ölkədə aparılan ən irimiqyaslı islahatdır. 1923-cü ildə Mustafa Kemal Atatürk Türkiyə Cümhuriyyətinin əsasını qoyub. İndi Erdoğan icraedici hakimiyyətin başçısı olaraq özünə vitse-prezidentlər və başqa yüksəkrütbəli məmurlar, o cümlədən hakimlər və prokurorlar təyin edə biləcək. Baş nazir postu isə ləğv edilir.

***Buna da bax-Erdoğan: 'Türkiyə ATƏT-in hesabatlarını görmür, eşitmir və tanımır…'

Referendumun nəticələrindən narazı Türkiyə vətəndaşları İstanbul, Ankara və İzmir kimi iri şəhərlərin küçələrinə çıxıblar. Aksiya iştirakçıları hökuməti səslərin saxtalaşdırılmasında suçlayır və onların yenidən sayılmasını tələb edir. Ölkənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) bülletenlərin irimiqyaslı manipulyasiyaya məruz qaldığını bəyan edib. Partiya referendumun nəticələrini qəbul etməyəcəyini bildirərək, 2.5 milyon səsin etibarsız sayılmasını tələb edib. CHP-nin sədr müavini Erdal Aksünger hakimiyyəti öz xalqına qarşı əməliyyat keçirməkdə günahlandırıb.

«BU İMİCLƏ NƏ QƏDƏR QALA BİLƏR?»

İnternetdə MSK-dan möhürsüz bülletenləri etibarsız saymağı tələb edən petisiya yayılmaqdadır. Müraciət müəlliflərinin fikrincə, bu halda qutuların saxta bülletenlərlə doldurulması riski yüksəkdir. Çünki bunun həqiqətənmi yerli seçki komissiyalarının səhvi olduğu, yaxud da qəsdən törədildiyini sübut etmək mümkün deyil. Petisiyada möhür vurmayan seçki komissiyalarının yoxlanması da tələb edilir.

Erdoğan əleyhdarlarının İstanbulda nümayişi.
Erdoğan əleyhdarlarının İstanbulda nümayişi.

Müxalifətçi jurnalist Ertuğrul Özkök hesab edir ki, «hayırçı»ların səylərinə baxmayaraq, nəticələr dəyişməyəcək. «Referendum bitib. ...Bəyənsək də, bəyənməsək də, Türkiyə prezidentli respublika olacaq... Ancaq Türkiyə nə qədər bu imiclə qala bilər? Söhbət təkcə beynəlxalq aləmdəki mövqelərdən getmir. Səsvermənin nəticələri göstərdi ki, ölkə əhalisinin, ən azı, yarısı hökumətə inanmır. Buna görə əminəm ki, bu gün səhər prezident və mövcud hökumət nə etməli olduqları barədə düşünməyə başlamalıdırlar», – o deyir.

«ƏHALİNİN GƏRGİNLİK SƏVİYYƏSİ AYDIN GÖRÜNÜR»

Jurnalistin sözlərinə görə, hökumət Türkiyənin son zamanlar məruz qaldığı tənqidləri də nəzərə almalı olacaq:

***Buna da bax-'Erdoğan-ın əvvəlki kimi bağırmasına meydan qalmadı'

«Türkiyənin ünvanına eşitdiyimiz tənqidlərin böyük hissəsi əsaslıdır. Məhkəmə sistemimiz, demək olar ki, məhv edilib. Hamıya məlumdur ki, indi hakimlər qərarları siyasi konyunkturadan çıxış edərək verirlər. İqtisadi vəziyyət də bərbaddır – Türkiyə iqtisadiyyatına xarici investisiyaların səviyyəsi kəskin düşüb və düşməkdədir. İşsizlik səviyyəsi görünməmiş dərəcədə artıb. Suriya siyasəti də iflas etdi. Bütün bunlardan əlavə, səsvermə xəritəsinə baxa bilərik. Xəritədə əhali arasında gərginliyin səviyyəsi aydın görünür. Əhalinin islahatların əleyhinə səs verən yarısının narazılığına məhz hakim partiya tərəfdarlarının mövqeyi səbəb olub. Onlar əmindirlər ki, sayları 51 faizdən çox olduğuna görə istədiklərini edə bilərlər».

Türkiyə təhlilçiləri qeyd edirlər ki, Erdoğan tərəfdarlarının və hökumətin özünəinamı səslərin paylanmasında da gözləniləməyən nəticələrə yol açıb. Ənənəvi olaraq AKP və Erdoğan-ı dəstəkləyən iri şəhərlər - İstanbul, Ankara, Adana, Antalya və s. referendumda «yox» deyiblər. Bundan başqa, gənclər və ali savadlıların hakim partiyanı dəstəkləmədiyi üzə çıxıb.

Erdoğan tərəfdarları Ankarada qələbəni bayram edirlər.
Erdoğan tərəfdarları Ankarada qələbəni bayram edirlər.

«TÜRKİYƏDƏ ÇOX ŞEY DƏYİŞMƏYƏCƏK»

Publisist Sedat Bozkurt-un sözlərinə görə, gərginlik təkcə seçicilər arasında yox, siyasi sferada da artmaqdadır: «Hakim AKP-nin sərgilədiyi hakimiyyət hərisliyi problemlərə yol açır. Türkiyə siyasətində gərginlik artır. Məhz buna görə də, prezident davamlı olaraq həm hüquqi, həm də qanunvericilik sərhədlərini genişləndirir. Ancaq bununla iş bitmir. Referendum zamanı etik normalar da pozulub. Biz AKP-nin dövlətin resurslarından arzuladıqları nəticəni əldə etmək üçün dəyənək kimi yararlandığını gördük. Ən maraqlısı isə odur ki, vaxtilə AKP-nin özü opponentlərini analoji davranışda suçlayaraq hakimiyyətə gəlib. Və məhz AKP ölkənin təkpartiyalı rejimlə idarə edilməsinə qarşı çıxıb. Hazırda isə biz məhz bunu müşahidə edirik».

Ancaq ekspert əmindir ki, əslində, rəsmən prezident üsul-idarəsinə keçilməsindən sonra belə, Türkiyədə çox şey dəyişməyəcək. «Son iki il yarım ərzində Türkiyədə artıq əsl prezidentlik sistemi işləyir. Bundan başqa, Erdoğan-ın 2014-cü ildə keçirilmiş birbaşa seçkilərdəki qələbəsindən sonra yaşadıqlarımıza baxsaq, bizi bundan sonra nələrin gözlədiyi aydın görünür. Əsas məsələ bütün bu qəbul edilmiş düzəlişlərin praktikada necə icra olunacağıdır. Bəyənsək də, bəyənməsək də, qüvvədə olan Konstitusiyamız və onun təsbit etdiyi müəyyən qaydalar var. Məsələn, Konstitusiyada deyilir ki, qanun da, prezident də tərəfsiz və müstəqil olmalıdır. Eyni zamanda, dövlət başçısı heç zaman özünü belə aparmayıb. Türkiyədə qaydalar yox, onlara necə əməl olunduğu vacibdir. Buna görə də, düzünü desək, mən hər hansı qlobal dəyişikliklər gözləmirəm», – deyə o bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG