Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:24

NATO üzvü Türkiyə Rusiyadan S-400 raket kompleksi almaqla hərbi alyansla ədavət aparmaq fikrində deyil. Ankara oxşar silahların alışından ötrü Fransa və İtaliya ilə də danışıqlar aparır. «Reuters» agentliyi yazır ki, bunu NATO-nun baş katibi Jens Stoltenberg deyib.

Bəzi Qərb ölkələri Ankaranın qərarının alyansa zərbə vurmaq məqsədi daşıdığını düşünürlər. ABŞ-ın liderlik etdiyi hərbi alyans Ukrayna və Suriya böhranları üzündən Moskvayla gərginlik yaşayır.

S-400-Ə GÖRƏ İLKİN ÖDƏNİŞ OLUNUB

Sözügedən silahları NATO müdafiə sisteminə inteqrasiya etmək mümkün olmadığından, bu razılaşma narahatlıq yaradıb.

***Buna da bax-Peskov: 'Moskva ilə Ankara S-400 raketləri ilə bağlı danışıqları davam etdirirlər'

Ancaq Stoltenberg deyir ki, bu, suveren qərardır və bu haqda Türkiyə prezidenti Recep Tayyip Erdoğan-la danışıb.

«Türkiyə S-400-ləri NATO havadan müdafiə sisteminə inteqrasiya etmək xahişini irəli sürməyib», – Stoltenberg agentliyə müsahibəsində deyib.

Türkiyə artıq S-400-dən ötrü ilkin ödənişi edib və 2019-cu ildə onları əldə edəcək.

Stoltenberg-in sözlərinə görə, Türkiyənin yüksəkçinli rəsmiləri, eləcə də Erdoğan ona deyib ki, Ankara NATO-nun güclü müttəfiqi olaraq qalır.

***Buna da bax-Rusiya Türkiyəyə S-400-ləri satır, 'sirlərini' yox

ERDOĞAN-IN İRADI

R.T.Erdoğan NATO ölkələrini Rusiyanın uzaqmənzilli raketlərinə alternativ təklif edə bilməməkdə suçlayır. Ancaq Stoltenberg deyir ki, Türkiyə indi Paris və Romadan da oxşar sistemlərin alınması üzrə danışıqlar aparır.

Stoltenberg ayrıntıları açıqlamasa da, Türkiyənin SAMP-T raketləriylə tanış olduğunu söyləyib, çünki İtaliya həmin sistemlərdən Türkiyədə yerləşdirib. Məqsəd Ankaranı raket zərbələrindən qorumaqdır.

SAMP-T sistemini «Eurosam» İtaliya-Fransa konsorsiumu buraxır.

Ekspertlərin fikrincə, Rusiya fərqli texnologiya və nou-haudan yararlanır və bölüşməyə də meylli deyil.

NATO-nun kollektiv müdafiə öhdəliyinə uyğun olaraq, alyans üzvləri gəmilərini, təyyarə və silah sistemlərini inteqrasiya edirlər. Vaxtilə sovet idarəçiliyində olmuş bəzi Şərqi Avropa müttəfiqləri isə hələ də Rusiya istehsalı olan təyyarələrə bel bağlayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG