Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:45

450 küçə uşağı qeydiyyatdadır


Bakıda uşaqları dilənməyə belə məcbur edirlər
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00

Bakıda uşaqları dilənməyə belə məcbur edirlər

►Komitə rəsmisi deyir ki, belə uşaqların statistikası tam dəqiq deyil

2015-ci ildə Azərbaycanda avaraçılıq və dilənçiliklə məşğul olan yetkinlik yaşına çatmayan 450 uşaq qeydə alınıb.

Trend-in xəbərinə görə bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyir.

E.Sfərov qeyd edib ki, belə uşaqlar adətən yaşları 13-dək olanlardır:

“Avaraçılıq və dilənçiliklə məşğul olan ənənəvi təbəqə roman uşaqlardır.Bunlar arasında həm qızlar, həm də oğlanlar olur. Amma ənənəvi olmayan təbəqə arasında, belə uşaqlar daha çox oğlanlardır”.

Rəsmi və real statistika fərqlidir

Azərbaycanda belə uşaqların statistikası tam dəqiq deyil. E.Səfərovun deməsinə görə, əksər ölkələrdə belədir:

“Bütün dünyada avaraçılıq və dilənçiliyə cəlb edilən uşaqların qeydiyyatı dəqiq aparılmır. Çünki qeydiyyat rəqəmləri müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş faktlara əsaslanır. Ona görə də bugünkü real rəqəm bir qədər çox ola bilər. Ola bilsin ki, reallıqda belə uşaqların sayı 500-600 olsun”.

Valideyn amili...

Komitə rəsmisinə görə, uşaqların avaraçılıq və dilənçiliyə cəlb edilməsinə əsasən, valideynlər təsir göstərirlər. Elə 2015-ci ildə də bəzi uşaqların valideynləri tərəfindən dilənçilik və avaraçılıqla məşğul olmağa məcbur edilməsi faktları qeydə alınıb:

“Bu faktlar qeydə alınandan sonra, birbaşa olaraq valideynlərin məsuliyyətə cəlb edilməsi məsələsi də var. Digər məsələ isə odur ki, bu, yalnız valideyn məsuliyyətinin cəlb edilməsi ilə bitməməlidir. Məhkəmə tərəfindən valideyn hüququnun məhdudlaşdırılması barədə qərar verilməlidir. Çünki hansı səbəbin olmasından asılı olmayaraq, valideyn öz vəzifəsini yerinə yetirə bilmirsə, uşaqları buna məcbur etməməli və təhsildən yayınmaya şərait yaratmamalıdır”.

Risqli ailələr nəzarətdə götürülməlidir

E.Səfərov deyir ki, avaraçılıq və dilənçiliklə məşğul olan uşaqların aşkarlanması gərgin iş tələb edir. Bunun üçün hüquq-mühafizə qurumları, icra hakimiyyətlərinin qəyyumluq şöbələri risk altında olan ailələr ilə işləri gücləndirməlidirlər. Söhbət, əlil, işləməyən, alkoqolizmə və narkomanlığa düçar olan valideynlərdən gedir.

Uşaqlar üçün dövlət sığınacaqlarının yaradılmasını vacib olduğunu deyən komitə rəsmisi qeyd edir ki, 90-cı illərlə müqayisədə artıq stereotiplər, ailə dəyərləri dəyişib:

“Əvvəllər qohumlar uşaqların küçəyə atılmasına icazə verməzdilər. Əgər valideynlərdə bir problem var idisə, uşaqları qohumlar özləri saxlayardılar. Bu gün isə isti qohumluq münasibətləri yoxa çıxır, “böyük ailə” prinsipləri yaddan çıxır. Bu da müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Sonda isə daha çox uşaqlar zərər görürlər”.

Bir neçə gün əvvəl Bakı küçələrində dilənçilik edən biri qız, üçü oğlan olmaqla 8-11 yaşlarında dörd azyaşlıda cinsi yolla keçən sifilis xəstəliyi aşkarlanmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG