Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:08

Türkiyədə 20 radio və televiziya qapadılıb


TV
TV

Türkiyə hökuməti 20 radio və televiziya kanalının yayımını dayandırmaq barədə qərar verib.

Bağlananların çoxu kürd televiziya kanalları, solçu radio-stansiyalardır. Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, kürd dilində yayımlanan «Zarok» uşaq telekanalı, ələvilərin «TV10» kanalı, «Hayatın Sesi», «Azadi TV», «Van TV», «SES Radio» və sairləri də bağlananlar sırasındadır. Komitə polisin bir neçə yayım orqanında reyd keçirdiyini, ofisləri möhürlədiyini yazır.

«SƏHVİ NECƏ DÜZƏLDƏK?»

«Zarok» kürd uşaq kanalının baş prodüseri Dilek Demirel «Deutsche Welle»yə müsahibəsində yayımın qəfildən, heç bir izahat verilmədən kəsildiyini deyib. Sonradan vəkillərinin vasitəsilə onlara separatçılığı təbliğ etdikləri, təxribatla məşğul olduqlarına görə bağlandıqlarını bildiriblər.

«Zarok» məşhur cizgi filmlərini göstərməkdən savayı, uşaqlara kürd dilində mahnı öyrədir, maarifləndirici verilişlər hazırlayırmış. Qeyd edək ki, Türkiyə dövlət məktəblərində kürd dilində təhsilə icazə verilmir.

Dilek Demirel əllərində rəsmi açıqlama olmadığından harasa şikayət edə bilmədiklərini söyləyir: «Biz səhv edib-etmədiyimizə əmin olmalıyıq ki, bu səhvi düzəldib, yayımı bərpa edə bilək».

Buna da bax-Türkiyə 10 mindən çox müəllimi PKK-çılara dəstəkdə suçlayır

«REJİMİN ƏSL ÜZÜ»

«Deutsche Welle» hakimiyyətinin ilk illərində Erdoğan-ın kürd dili və mədəniyyətini yaymaq məqsədiylə islahatlar apardığını, hətta kürd özəl məktəblərinin artdığını, kürd dilində dövlət televiziya kanalının açıldığını yada salır. 2015-ci ildə sülh prosesinin alt-üst olmasından sonra durum kürdlərin ziyanına dəyişib, çevriliş cəhdindən sonra isə kürdlər daha da sıxışdırılır.

Almaniya Yaşıllar Partiyasının milliyyətcə türk olan həmsədri Cem Özdemir «Deutsche Welle»yə müsahibəsində deyib ki, «Zarok TV»nin bağlanması Türkiyədə repressiv rejimin güclənməkdə olduğunu göstərir: «Mətbuat və söz azadlığına hücum rejimin əsl üzünü ortaya çıxarıb».

Türkiyənin ən böyük dini azlığı olan ələvilər üçün nəzərdə tutulmuş «TV 10»nun rəhbərliyi isə kanalın ələviləri susdurmaqdan ötrü bağlandığını bildirir. «Tənqidçi mətbuatı susdurandan sonra hökumət azlıqların yayımlarını dayandırmağa keçib, hədəf mədəni və siyasi ifadə azadlığını önləməkdir». Kanalın icraçı direktorunun müavini Robert Mahoney Jurnalistləri Müdafiə Komitəsinə açıqlamasında belə deyib.

«YENİ FAŞİST DÖVLƏTİYLƏ ÜZ-ÜZƏYİK»

«IMC TV»nin baş koordinatoru Eyüp Burç «T24»ə müsahibəsində «yeni faşist dövləti ilə üz-üzəyik» söyləyib.

Türkiyə hökuməti iyuldakı çevriliş cəhdindən sonra kütləvi təmizləmə əməliyyatı aparır. Hakimiyyət çevriliş cəhdinin arxasında Amerikaya sığınmış Fethullah Gülen-in dayandığına əmindir və onunla əlaqədə şübhəli bilinən 10 minlərlə adamın həbsi, ya da işdən qovulması barədə qərarlar verir. Ölkədəki azlıqlar, o cümlədən kürdlər, yəhudi və xristianlar da onlara qarşı səslənən ittihamlardan narahatdırlar. Təmizləmə əməliyyatı çərçivəsində onlarla kürd mənşəli dövlət işçisi vəzifəsindən uzaqlaşdırılıb. Fövqəladə vəziyyətin elan olunması Erdoğan hökumətinə parlamentsiz qərarlar çıxarmağa, «milli təhlükəsizlik naminədir» deyərək saysız-hesabsız media orqanını qapatmağa imkan verib.

XS
SM
MD
LG