Sentyabrın 18-də İraqda kürd müstəqilliyinə dair referenduma bir həftə qalmış Türkiyə tankları İraq sərhədində böyük hərbi manevr keçirib.
Bundan az əvvəl, Türkiyə, Bağdad hökuməti və qonşu İran İraqın şimalındakı muxtar kürd regionunda “Kürdüstanın mütəqilliyinə” dair referendumun keçirilməsinə qəti etirazlarını bildiriblər.
Reuters agentliyi bildirir ki, İran da Türkiyə kimi bu referendumun onların öz kürd icmalarında həyəcan yarada biləcyindən narahatdırlar.
Türkiyənin baş naziri Binali Yıldırım deyib ki, onun ölkəsinə daxildən və ya xaricdən hər hansı hədə dərhal cavab reaksiyası ilə dəf olunacaq.
Türkiyə hərbiyyəsi İraqla sərhəddə keçirilən manevrlərin görüntülərini yayıb.
Lakin bütün etirazlara baxmayaraq kürd liderlər referendum niyyətindən geri çəkilməyəcəklərini bildiriblər.
Bu referendumun keçirilməsinə BMT də etiraz edir. BMT kürd liderləri Bağdad hökuməti ilə dialoqa çağırır.
Hərbi təlimlərə gəlincə isə, Türkiyə poliqona zirehli maşınlar və tanklar da daxil 100-dək hərbi texnika çıxarıb. Doğan agentliyi təlimdə iştirak edən texnikanın döyüş raketləri ilə silahlandığını bildirir.
Türkiyənin hərbi komandanlığı bildirib ki, bu manevrlıər plan üzrə sentyabrın 26-da, yəni Kürdüstan referendumundan bir gün sonra keçirilməli idi, lakin elə referendumla bağlı irəli çəkilib.
Hərbi manevrlərlə eyni vaxtda baş nazir Yıldırım bəyan edib ki, “Suriya və İraqda xam xəyallarla yaşayanlar bizim hər hansı hədəni qətiyyətlə dəf etmək əzmində olduğumuzu bilməlidirlər”.
Maraqlıdır ki, bu gərginliyin fonunda Rusiyanın Rosneft şirkəti Kürdüstan regionunda neft kəmərlərinin çəkilişinə investisiya yatıracağını bildirib.