Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 16:13

Dünyanın ən qədim ticarət mərkəzində alver «ölüb». Yoxsa İstanbulda «Kapalıçarşı»dakı xalça dükanında 43 yaşlı Mehmet «Reuters»in müxbiriylə söhbətləşməyə vaxt tapmazdı, axı, başını qaşımağa vaxtı olmurdu.

Mehmet biznesin 2013-cü il Gezi etirazlarından sonra pisləşməyə başladığını deyir. «Sonra Suriya və İraq müharibələri təsirini göstərdi. Daha sonra bomba hücumları…».

«QANUNLAR DA ABSTRAKDIR»

15-cə əsrə aid bazarda vaxt vardı turist əlindən tərpənmək olmurdu, ancaq terror hücumları və siyasi qarışıqlıqdan sonra onların da sayı azalıb. Üstəlik, türk lirəsi dollara qarşı dəyərinin 25 faizdən çoxunu itirib ki, bu da Mehmet kimi ticarətçilərə ziyan vurub.

Məqalədə vurğulanır ki, təhlükəsizlik problemləri və iqtisadi böhran prezident Erdoğan-ın yeni Türkiyəylə bağlı kampaniyasının özəyində durur. Pasxa bayramında – aprelin 16-da ölkədə referendum keçiriləcək, prezidentə qanunvericilik üzərində yekun söz demək, eləcə də nazirləri seçmək səlahiyyəti vermək səsə qoyulacaq. Tərəfdarları bunun iqtisadi transformasiyaya yol açacağını deyirlər.

«Türkiyənin bütün problemlərini qanunlarla həll etməyə çalışırıq, amma qanunlar da abstraktdır», – Erdoğan-ın müşavirlərindən olan Mehmet Uçum bu ay jurnalistlərə söyləyib. «Türkiyə davranışı, mədəniyyəti, xalq-dövlət münasibətlərinin 10 illik islahat prosesinə başlayırıq», – Ucum vurğulayıb.

«XEYLİ DEMOKRAT AKP-Nİ DƏSTƏKLƏYİRDİ»

Amma «Reuters» yazır ki, Mehmet tezliklə özünə gələn deyil. O, ötən il xalça dükanını satıb və hazırda satıcı işləyir. «Gəlirim icarəhaqqını ödəmirdi», – Mehmet deyir.

R.T.Erdoğan
R.T.Erdoğan

Əslində, hətta Erdoğan-ın tənqidçiləri belə islahatların gərəkdiyini etiraf edirlər. 96 illik respublika tarixində 65 hökumət dəyişib və ordu siyasətə dəfələrlə müdaxilə edib. Hazırkı konstitusiya 1982-ci ildə, ölkə xunta tərəfindən idarə olunanda hazırlanıb. Erdoğan AKP-si 2007-ci ildə xarici ekspertlərin yardımıyla onu dəyişməyə cəhd göstərib.

«Əməkdaşlıq etdiyimiz vaxtlar varıydı», – təkliflər üzərində işləmiş konstitusiya hüququ üzrə professor Ergun Özbudun deyir. «Liberal demokrat olaraq, ordu və ədliyyənin hamiliyinə qarşıydım, çox qəddar idilər. O zaman xeyli demokrat AKP-ni dəstəkləyirdi».

Plan ordu və ədliyyənin müdaxiləsindən müstəqil sistem qurmaq idi. Amma bir il sonra ordu yenə işə qarışdı və AKP-nin bağlanması üzrə iddia irəli sürüldü. Amma partiya bu iddianı uddu və 2011-ci ildə üçüncü müddətə seçildi.

«MÜXALİFƏTDƏN DƏ QORXMADILAR»

«O vaxtdan işlər tərsinə getməyə başladı. Avtoritar rejimə doğru irəlilədilər. Daha müxalifətdən də qorxmurdular», – professor Özbudun söyləyir.

Erdoğan seçicilərin qəlbinə girməkdən ötrü millətçi qəzəbdən, daha parlaq gələcək vədlərindən yararlanır. O iddia edir ki, lirənin başına gələnlər Türkiyəyə qarşı beynəlxalq sui-qəsdə bağlıdır. Hökumət mediası isə terror hücumlarına görə Qərbin kəşfiyyat şəbəkələrini suçlayır. Erdoğan tərəfdarları bütün bunlara cavab olaraq prezidentə daha çox səlahiyyət verilməsini istəyirlər.

«Kapalıçarşı»dakı Mehmet isə Erdoğan-ın vədlərinə şübhəylə yanaşır, amma necə səs verəcəyini də demir. «Çətin günlərdə hamımız millətçiyik və Erdoğan da camaatı buna inandırmağa çalışır. Amma müxalifət də alternativ təklif etmir. Ortada qalmışam», – keçmiş ticarətçi söyləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG