Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:12

'Azərbaycan Ermənistana atalıq edən Rusiyadan ədalət gözləyir'


Azərbaycan Xocalı qırğınının ildönümünü qeyd edir
Gözlə

No media source currently available

0:00 0:02:47 0:00

Azərbaycan Xocalı qırğınının ildönümünü qeyd edir

Xocalı faciəsinin 25-ci ildönümü, Qarabağ cəbhəsində yenidən iri silahların işə düşməsi, ölkənin idxaldan asılılığının artması bu gün medianın aparıcı mövzusudur...

DÜNYA XOCALINI TANIYIR

«Azərbaycan» qəzetində «Dünya artıq Xocalı faciəsini bəşəriyyətə qarşı soyqırımı kimi qəbul edir» sərlövhəli məqalə dərc edilib.

Müəllif 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin işğalı və dinc əhalinin kütləvi sürətdə qətlə yetirilməsinin dünyada tanıdılması prosesini dəyərləndirir.

Yazıda qeyd edilir ki, Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir: «Dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının xatirəsi anılır, mitinqlər, aksiyalar keçirilir, insanlığa qarşı vəhşilikləri əks etdirən fotoşəkillər, filmlər nümayiş etdirilir».

Müəllif vurğulayır ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun müstəsna rolu var. Yazıda deyilir ki, Fondun səmərəli fəaliyyəti sayəsində, əvvəlki dövrlərdən fərqli, indi beynəlxalq ictimaiyyət Ermənistanın cinayətlərini kəskin şəkildə pisləyir.

Müəllif bildirir ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalı faciəsini soyqırımı kimi tanıyan ilk təşkilatdır. Bundan əlavə, 15 ölkə və ABŞ-ın 21 ştatı bu faciəni soyqırımı kimi tanıyıb: «Bu cür tanınmalar cinayəti törədənlərə cəzasızlığın çox sürə bilməyəcəyi və gec-tez ədalətin zəfər qazanacağı barədə siyasi müraciətin ünvanlanması üçün vacibdir. Göründüyü kimi, «Xocalıya ədalət!» kampaniyası hədəflərinə doğru inamla davam edir».

İlham Əliyev Ağdamda
İlham Əliyev Ağdamda

«BU HAKİMİYYƏTİN DÖVRÜNDƏ QARABAĞ AZAD OLUNMAYACAQ»

Azadliq.info saytında «Atəşkəs müharibəsi» sərlövhəli məqalə oxumaq olar.

Yazıda son günlər yenidən cəbhədə iri silahların işə düşməsi təhlil edilir.

Müəllif cəbhədə baş verənlərlə ölkənin digər ərazilərində baş verənlərin paralellərini aparır: «Həm hüquqsuzluqdan, ədalətsizlikdən, saxtakarlıqdan, həm də 20 faiz torpağımızın işğalından əziyyət çəkirik. Hər iki işğal utancverici, faciəvi, dəhşətlidir».

Müəllif qeyd edir ki, son günlər cəbhə bölgəsində atəşkəs yenidən pozulub, qarşı tərəf cavab atəşi ilə susdurulub və itkilər var.

Müəllifə görə, cəbhədə elə proseslər baş verir ki, sanki 20 faiz ərazisi işğal edilən Azərbaycan yox, Ermənistandır: «Sanki, 20 faiz torpağı işğal edilən Azərbaycan deyil, Ermənistandır. Bəli, ermənilər aprel döyüşlərində itirdikləri 800 hektar ərazinin qisasını almaq istəyirlər... Üstəlik, Azərbaycan Ermənistana atalıq edən Rusiyadan ədalətli qərar gözləyir».

Yazıda vurğulanır ki, «biz sülhü təmin etmişik» deyənlər, bir gün də atəşin kəsilməsinə nail olmayıblar.

Müəllif qeyd edir ki, 23 ildir rəsmən atəşkəs rejimi olsa da, yüzlərlə əsgər döyüşlərdə həlak olub: «Göründüyü kimi, bunların «atəşkəs rejimi» də saxtadır. Heç bir müqaviləyə əməl edilmir, nə müharibə etməyə hünərləri, nə də atəşkəsi təmin etməyə qətiyyətləri var. Bu qədər danışıqlardan sonra bir gün güllə səsinin kəsilməsinə nail ola bilməyənlər, torpağı necə geri qaytaracaqlar?».

Müəllif yazır ki, bu hakimiyyətin dövründə Qarabağın azad olunacağı inandırıcı görünmür. İndi ölkədə faktiki «atəşkəs müharibəsi» gedir: «Analoqsuz hökumətin atəşkəs müqaviləsi də analoqsuzdur. Bəli, sülh danışıqları sədaları altında güllələr rəqs eləyir. Yenə də 3-4 günlük gərginlikdən sonra «danışıqların potensialı tükənməyib» təbliğatını eşidəcəyik».

Supermarket
Supermarket

ƏRZAQ İDXALI ARTIR

«Novoye Vremya» qəzetində isə «Azərbaycan ərzaq idxalını artırır» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda ərzaq məhsulları idxalının artması təhlil edilir.

Müəllif vurğulayır ki, 2016-cı ildə Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını artırıb.

Yazıda rəsmi şəxslərə istinadən bildirilir ki, kartof və soğan istisna olmaqla, bütün növ məhsullar ixrac edilir. Müəllif bu mənfi meylin indi də davam etdiyini bildirir.

Yazıda qeyd edilir ki, bu ilin yanvar ayında ərzaq malları idxalı 23 faiz artıb: «Beləliklə, paradoks yaranır. Kənd təsərrüfatının inkişafına vəsaitlər qoyulur, amma bununla belə ərzaq məhsullarının ölkəyə idxalı artır».

Müəllif hesab edir ki, burada problem bu yatırımların nə dərəcədə səmərəli olmasındadır.

Yazıda deyilir ki, bu faktlar da ölkənin idxaldan asılılığının aradan qaldırılması və ərzaq təhlükəsizliyi ilə bağlı deyilənlərin həqiqət olmadığını üzə çıxarır.

Müəllif yazır ki, ekspertlər bu sahədə dönüşə nail olmaqdan ötrü ixtisaslaşdırılmış kənd təsərrüfatı bankı yaradılmasını təklif edirlər. Ancaq Strateji Yol Xəritəsində bu məsələ öz əksini tapmayıb.

Müəllif yazır ki, ərzağın idxalı artdıqca, onun qiyməti də yüksəlir.

XS
SM
MD
LG