Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:55

Türkiyə çevriliş cəhdindən 1 il sonra: Yaralar sağalmır


The Guardian” qəzeti bir il əvvəl Türkiyədə çevriliş cəhdinin dəf edilməsinin necə bayram edildiyini xatırlayıb.

Bu qələbəni qeyd etmək üçün milyonlarla insan İstanbuldakı Yenikapı meydanına yığılmışdı. Tribunada isə Erdoğan və başqa AKP liderləri ilə yanaşı iki müxalifət lideri də dayanmışdı.

“The Guardian” bu təntənəni müasir Türkiyənin həyatında milli birliyin çox nadir nümayişi adlandırır.

O vaxt çoxları ümid edirdilər ki, “Yenikapı ruhu” sonunda üstün gələcək, ölkə aylarla davam edən sabitsizlikdən sonra demokratiya və qarşılıqlı hörmət bayrağı altında birləşəcək.

“Amma bu baş vermədi. 15 iyulda baş vermiş həmin ağrılı çevriliş cəhdindən sonra 50 min insan həbs edildi və çevrilişi təşkil etməkdə ittiham olunan qrupa bağlılıqda şübhəli bilinən 170 min nəfərə cinayət işi açıldı” – yazır “The Guardian”.

Məqalədə deyilir ki, indi Türkiyə həmişəkindən daha çox parçalanmış ölkədir. Onun qəzetləri susdurulub, müxalifəti təhdid edilib və indi Erdoğanın səlahiyyətləri respublikanın əsasını qoymuş Mustafa Kemal Atatürkün qüdrəti səviyyəsinə qaldırılıb.

Erdoğan aprel referendumunda cüzi fərqlə qalib gəldikdən sonra Türkiyə parlamentli demokratiyadan səlahiyyətləri genişləndirilmiş prezident seisteminə keçib və bu sistem 2029-cu ilədək ölkəyə hakimi-mütləq olacaq.

Lakin bu referendum eyni zamanda cəmiyyətin islamçılıq və dünyəçilik arasında nə dərəcədə dərindən parçalandığını nümayiş etdirib.

Amma Erdoğan hətta bu cüzi fərqlə qazanlımış qələbə ilə də parçalanmış müxalifətə üstün gəlib. Ötən həftə yüz minlərlə insanın qatıldığı böyük nümayişə baxmayaraq, müxalifət Erdoğana meydan oxuya bilmək üçün hələ yoxuşyuxarı bir xeyli yol getməli olacaq.

“The Guardian” yazır ki, çevriliş cəhdinin arxasında durduğuna inanılan müsəlman vaiz Fethullah Gülenə qarşı ittihamın təfərrüatları gizli saxlanır.

Qapalı həyat keçirən keçmiş Erdoğan müttəfiqi Gülen ABŞ-dan ekstradisiya olunmayıb və çevriliş generallarının əksəriyyəti onun hərəkatı ilə heç bir əlaqələrinin olmadığını söyləyirlər. Gülen-ə ən yaxın olan mülki şübhəli isə aradan çıxıb və haradasa gizlənir.

Bu arada Türkiyənin Qərb müttəfiqləri bu ölkədə insan haqlarının kütləvi şəkildə pozulmasından narahatdırlar.

Hökumət minlərlə dövlət qulluqçusunu vəzifələrindən xaric edib və apellyasiyalara baxacaq komissiya öz işinə hələ bir il sonra başlayacaq. Minlərlə insan çevriliş cəhdinin ardınca ittihamsız həbsxanalara salınıb. Bunların arasında yüzlərlə hakim-prokuror var. İnsan haqlarını qoruyan Amnesty təşkilatının Türkiyədəki iki rəsmisi də həbs olunub. Bu həmin Amnesty-dir ki, bir vaxtlar Erdoğanın özü vicdan məhbusu olanda, onun azad edilməsi üçün kampaniya aparırdı.

Erdoğanın Türkiyəsində nə vətəndaş cəmiyyəti, nə tənqid, nə də hesabatlılıq olacaq

Təşkilatın baş katibi Salil Shetty “The Guardian” qəzetində yazır: “Əgər indiyədək Türkiyədə oyunun başa çatdığına şübhə edən vardısa, daha onlar da buna şübhə etmirlər. Erdoğanın Türkiyəsində nə vətəndaş cəmiyyəti, nə tənqid, nə də hesabatlılıq olacaq”.

Həbslərin miqyası o qədər genişlənib ki, indi həbs olunan jurnalistlərin arasında Nedim Şener və Ahmet Şık da var. Bu iki jurnalist təhqiqat apardıqlarına görə o vaxt hakimiyyətdə olan fethullahçılar tərəfindən mühakimə edilmişdilər. Çünki o vaxt fethullahçılar Erdoğanın müttəfiqi idi.

Ölkədəki kürdyönlü HDP-nin bütün liderləri həbs edilib. Onları PKK ilə əlaqələrdə ittiham edirlər.

Həmin partiyadan millət vəkili Hişyar Özsoy bu yaxınlarda deyib ki, “fövqəladə vəziyyətin elan edilməsi Türkiyəni insan haqlarının və təməl azadlıqların məzarlığına çevirib”.

Hazırda Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər əsəbi olaraq qalır. Türkiyə ilə üzvlük danışıqları dondurulub, bir çoxları ümumiyyətlə bu danışqıların ləğv olunmasına çağırırlar.

Bu çağırışlar Erdoğan ölkədə edam cəzasını bərpa etməyə hazır olduğunu bəyan edəndən sonra səslənib.

Türkiyənin NATO müttəfiqi ABŞ-la münasibətləri daha pisdir. Türkiyə Vaşinqtondan onun Suriyadakı kürd qüvvələrinə vediyi dəstəyə görə inciyib. Erdoğanın Suriyaya ötən avqustdakı hərbi müdaxiləsi uğursuzluqla başa çatıb.

“The Guardian” yazır ki, AKP hakimiyyətdə qaldıqca bütün bu yaraların sağalması çox uzun çəkəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG