Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:17

Çevriliş cəhdi şübhəliləri uniforma geyinəcəklər


Çevriliş cəhdində suçlananların məhkəməsi
Çevriliş cəhdində suçlananların məhkəməsi

Türkiyədə ötənilki çevriliş cəhdində suçlananlar məhkəmədə qəhvəyi forma geyinəcəklər. Bunu prezident Recep Tayyip Erdoğan elan edib. Ötən ay təqsirləndirilənlərdən biri məhkəməyə üstündə «Hero» (Qəhrəman) yazılmış qısaqol köynəkdə gəlmişdi.

«İSTƏDİKLƏRİNİ GEYİNİB GƏLƏ BİLMƏYƏCƏKLƏR»

«The Guardian» qəzeti yazır ki, prezident bu açıqlamanı Malatya şəhərində çıxışında deyib.

«Daha məhkəməyə istədiklərini geyinib gələ bilməyəcəklər. Dünyaya bu cür təqdim olunacaqlar», – Erdoğan deyib.

Bir neçə gün öncə general və zabitlərin də olduğu 500-dək təqsirləndirilən məhkəmə önünə çıxarılıb. Bu, ötən ilin iyulundakı çevriliş cəhdinə görə şübhəli sayılanların ən böyük qrupuydu. Çevriliş cəhdində 250 nəfər öldürülüb, 1400 nəfər yaralanıb.

«Hero» yazılmış köynəyi geyinən gənc ABŞ-da yaşayan Fethullah Gülen-in hərəkatına üzv olmaqda şübhəli bilinir. Türkiyə çevriliş cəhdinin arxasında Gülen-in durduğunu hesab edir.

Həmin prosesdən sonra bir neçə nəfər eyni köynəkdən geyindiyinə görə saxlanıb. «CNN Türk» 30 nəfərədək şəxsin saxlandığını xəbərləyirdi.

İKİ CÜR FORMA OLACAQ

Erdoğan deyib ki, çevriliş cəhdində iştirakda ittiham olunanlar kombinezon, digər «terrorçular»sa pencək və şalvar geyinəcəklər. Hakimiyyət Gülen tərəfdarları və kürd yaraqlıları barədə «terrorçu» terminini işlədir.

Ötən ay, çevriliş cəhdinin ildönümü yürüşündə Erdoğan şübhəlilərin narıncı geyinməsini təklif edirdi. ABŞ-ın Kubadakı Quantanamo həbsxanasında saxlananlar narıncı rəngli formada olur.

Çevriliş cəhdindən sonra Türkiyədə on minlərlə adam işdən çıxarılıb, yaxud Gülen hərəkatıyla bağlılıqda ittiham olunaraq saxlanıb. Hazırda xeyli sayda zabit, sıravi vətəndaş məhkəmə qarşısına çıxarılıb. Dövlət ittihamçıları onları çevriliş cəhdində iştirakda suçlayır.

Son aylar Türkiyədə siyasi qütbləşmə dərinləşib. Aprel referendumunda konstitusiyaya dəyişikliklərlə prezidentin səlahiyyətləri genişləndirilib. 2019-cu ildə prezident və parlament seçkiləri gözlənir.

XS
SM
MD
LG