Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:32

booking.com Türkiyədə bağlanıb


booking.com
booking.com

Qlobal onlayn səyahət agenti olan booking.com Türkiyədə vebsaytının bağlanmasından şikayət verəcək. Vebsayt ədalətsiz rəqabət iddiasıyla bloklanıb.

«The Independent» qəzetində Simon Calder yazır ki, İstanbulun arbitraj məhkəməsi iddia baxıldığı müddətdə şirkətin türkiyəli müştərilərə Türkiyədə hotel satmasını yasaqlayıb. Hazırda vebsaytda Türkiyə otelləriylə bağlı elanlar var, digər ölkələrin alıcılarına açıqdır. Türklərsə öz ölkələrindən başqa istənilən yerdə otel nömrəsi sifariş verə bilərlər. Mövcud sifarişlər qüvvədədir.

550 MİN FUNT-STERLİNQ CƏRİMƏ ÖDƏYİB

Daha öncə Türkiyə Rəqabət Agentliyi qərar verib ki, booking.com-un təklif etdiyi «ən yaxşı qiymət» zəmanəti rəqabət qanunvericiliyini pozur. Firmanın Türkiyə filialı olan «Bookingdotcom Destek Hizmetleri Ltd.» 2.5 milyon türk lirəsi (550 min funt sterlinq) cərimə də ödəyib.

Firmaya qarşı iddianı Türkiyə Səyahət Agentlikləri Assosiasiyası (TURSAB) qaldırıb. İddiada deyilir ki, booking.com bazardakı güclü mövqeyi hesabına yerli agentlikləri zərbə altında qoyub. TURSAB-dan qəzetin suallarını cavablandıran tapılmayıb.

Onlayn köməkçi müştərilərinə deyir ki, «Siz sifariş zamanı mümkün ən aşağı qiyməti əldə edirsiniz». Amma booking.com-a daha öncə də bir neçə məhkəmə iddiası qaldırılıb, «valyuta kursu» siyasətiylə bağlı təhqiqatlar aparılıb. Rəqibləri deyir ki, bu agentlik onların onlayn qiymətləri aşağı salmasına imkan vermir, əsl rəqabəti əngəlləyir.

SƏBƏB NİDERLANDLA QALMAQALDIR?

Booking.com-dan «The Independent» qəzetinə məhkəmə qərarıyla razılaşmadıqlarını, apellyasiya verdiklərini söyləyiblər.

«E-kommersiya şirkəti və texnologiya provayderi olaraq, dərindən inanırıq ki, bazarda sağlam rəqabətə töhfə veririk. Türkiyəli müştəriləri şəffaf və rahat platformayla təmin edərək, bütün dünyada sifarişləri müqayisə edib gerçəkləşdirməyə şərait yaradırıq», – şirkətdən belə deyiblər.

Booking.com Türkiyədə 13 min hotellə əməkdaşlıq etdiyini, onların elanlarını yerləşdirdiyini bildirir.

Məqalədə vurğulanır ki, bu qlobal firma ABŞ-ın «Priceline Group» şirkətinə daxildir, amma Amsterdamda yerləşir. Booking.com-un siyasi qalmaqal üzündən hədəfə alınması haqda da spekulyasiyalar dolaşır. Hazırda Niderlandla Ankara diplomatik qalmaqal yaşamaqdadır. Səbəb Niderlandda Türkiyədəki aprel referendumunun təbliğatına icazə verilməməsidir.

Amma bir məsələ də var ki, TURSAB bu məhkəmə iddiasını həmin qalmaqaldan öncə qaldırıb.

XS
SM
MD
LG