Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 04:20

Erdoğan-ın opponentlərini izləmək xahişi rədd olundu


R.T.Erdoğan

Almaniya rəsmiləri dünən – martın 28-də boyunlarına alıblar ki, Türkiyə hökumətinin opponentlərini izləmək xahişini rədd ediblər. «The New York Times» qəzetində Alison Smale bunun iki ölkənin onsuz da gərgin münasibətlərində son qalmaqal adlandırır.

Prezident Recep Tayyip Erdoğan aprelin 16-da səlahiyyətlərini artırmağı hədəfləyən konstitusiya dəyişiklikləri üzrə referendum keçirir. Türkiyə rəsmiləri Avropadakı türklər qarşısında da referendum təbliğatı aparmaq istəsə də, Niderland və Almaniya buna imkan verməyib.

Erdoğan ötən il iyuldakı çevriliş cəhdinə görə ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-i suçlayır və onun on minlərlə tərəfdarını təqib edib, ya işdən çıxarıb, ya da həbsə atdırıb. Çərşənbə axşamı Almaniyanın «Süddeutsche Zeitung» qəzeti və daha iki ictimai yayım şirkəti xəbər yayıb ki, Türkiyə Almaniyaya 300-dən çox fərdin və 200-dək birliyin, məktəbin və digər qrupların siyahısını verib, onların Gülen-in tərəfində durduğunu bildirib. Hazırda Almaniyada 3 milyon türk yaşayır.

«BURADA ALMAN QANUNLARI İŞLƏYİR»

Siyahını ötən ay Münhen Təhlükəsizlik Konfransında Almaniya xarici kəşfiyyat xidmətinin rəhbəri Bruno Kahl-a türkiyəli həmkarı verib. Martın 28-də Almaniyanın daxili işlər naziri Thomas de Maizière-nin bu məlumatdan təəccüblənmədiyi ortaya çıxıb. Həmin informasiyanı birbaşa təsdiqləməsə də deyib ki, Türkiyənin xahişi rədd olunub. «Almaniya xarici agentliklərin öz ərazisində casusluq fəaliyyətinə yol verə bilməz», – o deyib.

«Alman torpağında casusluq fəaliyyəti qanunla qadağandır və buna yol verilmir. Bu, hər bir xarici dövlətə və kəşfiyyat agentliyinə aiddir. Türkiyəyə bir neçə dəfə demişik ki, belə şeyləri qəbul etmirik. Kiminsə Gülen hərəkatına üzvlüyündən asılı olmayaraq, burada alman qanunları işləyir və burada yaşayan vətəndaşları xarici agentliklər izləmir», – nazir sözlərinə əlavə edib.

Almaniyanın daxili işlər naziri Thomas de Maizière
Almaniyanın daxili işlər naziri Thomas de Maizière

Cənab Kahl «Der Spiegel» dərgisinə deyib: «Türkiyə çox fərqli səviyyələrdə bizi inandırmağa çalışıb ki, Almaniyada Gülen tərəfdarları işləyir. Amma indiyədək buna nail olmayıb».

«The New York Times»ın yazdığına görə, xahişə əməl etməkdənsə, Almaniya hakimiyyəti burada yaşayan bəzi türklərə Türkiyədə çətinliklə üzləşə biləcəkləri xəbərdarlığını edib.

«DÖZÜLMƏZ VƏ QƏBULEDİLMƏZDİR»

«Bu məlumatlar Türkiyənin Avropaya müdaxiləsinə son misaldır. Burada Erdoğan-ı Qərb demokratiyalarının açıqlığından yararlanaraq özünə daha geniş avtoritar səlahiyyətlər qazanmaq cəhdinə görə tənqid edirlər», – məqalədə oxuyuruq.

Erdoğan son qalmaqallardan sonra hətta hollandları belə nasist taktikasına əl atmaqda suçlayıb, baxmayaraq ki, Niderland da 2-ci Dünya müharibəsində nasistlərin işğalına məruz qalıb.

«The Guardian» qəzeti yazır ki, Almaniyada türk agentlərin Gülen tərəfdarlarını izləməsi iddiaları araşdırılır.

Kölndə türk məscidi.
Kölndə türk məscidi.

«Aydındır ki, Türkiyənin MİT gizli kəşfiyyat xidməti Almaniyada yaşayanları izləyir. Bu, dözülməz və qəbuledilməzdir», –Aşağı Saksoniya əyalətinin daxili işlər naziri Boris Pistorius belə deyib.

İMAMLARIN DA FƏALİYYƏTİNİ ARAŞDIRIRLAR

Casusluq məsələsinə Türkiyə hakimiyyəti, hələlik, şərh verməyib. Amma «Hürriyet» qəzeti bir həftə öncə ədliyyə naziri Bekir Bozdağ-a istinadla yazırdı ki, cənab Kahl Türkiyənin Gülen tərəfdarlarıyla bağlı dəlilini rədd etməklə «Türkiyə xalqının kəşfiyyatını ələ salıb».

Almaniyanın DPA xəbər agentliyi həmin siyahının ölkənin federal və dövlət hüquq-mühafizə orqanlarına paylandığını qeyd edib.

Son həftələr Almaniya hakimiyyəti onu da bildirib ki, ölkəyə Türkiyənin təyin etdiyi imamların mümkün casusluq fəaliyyətini araşdırır. Həmin təhqiqat hazırda davam edir.

Amma deyəsən, Türkiyənin gülençilərlə bağlı cəhdləri Almaniyanın hüdudlarını aşır. «Reuters» xəbər agentliyi İsveçin SR ictimai yayımçısına istinadla yazıb ki, Erdoğan hökuməti bu ölkəyə də təzyiq göstərir, Gülen tərəfdarlarıyla bağlı informasiya istəyir. Bu təzyiq Türkiyə Avropa Demokratları Birliyi adlı lobbi qrupu vasitəsilə aparılır. Almaniya kəşfiyyatı həmin qrupun Erdoğan-ın hakim AKP partiyasına bağlı olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG