Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:34

'Erdoğan Trump-ın zəngini gözləyir'


Qəzetlər son 2 gündə Türkiyədə 820 nəfərin terrorçularla əlaqədə şübhəli bilinərək tutulduğunu yazır. Türkiyənin dövlət agentliklərinə istinad edən «Aljazeera» kanalı polisin məhz «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasını hədəfə aldığını, ona qarşı ən genişmiqyaslı əməliyyata başladığını xəbər verir.

Əməliyyatlar Türkiyənin 29 vilayətində, paytaxt Ankaradan tutmuş ölkənin cənub-şərqindəki vilayətlərə qədər hər yerdə aparılıb. Təkcə bazar günü 760-dan çox adam tutulub.

Həbs edilənlərin çoxu xarici vətəndaşlardır.

3 MİNDƏN ÇOX ƏCNƏBİ DEPORTASİYA OLUNUB

«Foreign Policy» dərgisi İŞİD Türkiyədən ötrü təhlükəyə çevriləni ölkədə 5 minə qədər şübhəlinin tutulduğunu, 3 mindən çox şübhəli əcnəbinin deportasiya edildiyini yazır.

Dərgi Türkiyənin qorxusunun əsaslı olduğunu, son zamanlar ölkədə yüzlərlə adamın ölümüylə nəticələnən İŞİD hücumlarını xatırladır.

Bəs əməliyyatların nəticəsi olacaqmı?

«Foreign Policy» Almaniyada da fevralın 1-də belə kütləvi reydlərin keçirildiyini, amma tutulanların sonradan buraxıldığını qeyd edir. Doğrudur, Türkiyədəki əməliyyatlarda şübhəlilərlə yanaşı, rəqəmsal material və sənədlər, 4 tüfəng, 2 tapança, 370-dən çox patron darağı da ələ keçirilib. Amma tutulanların terrorçularla yaxınlığı barədə hələ bir söz deyilmir. Türkiyənin «Anadolu» agentliyi reydlər nəticəsində azı bir hücumun önləndiyini yazır.

TƏRƏFLƏRİ BİR ARAYA GƏLMƏYƏ NƏ QOYMUR?

Suriyada vətəndaş müharibəsi başlayanda Türkiyə İŞİD-in fəaliyyətinə göz yummaqda, ərazisindən keçib Suriyaya gedən İŞİD yaraqlılarının qarşısını almamaqda günahlandırılırdı. Amma indi türk ordusu İŞİD-lə birbaşa döyüşür – Türkiyə Suriya ərazisinə qoşun çıxararaq sərhədləri yaxınlığındakı torpaqlarda İŞİD-ə zərbə endirməklə məşğuldur. Bununla belə, Türkiyə, nədənsə, ABŞ-ın yeni prezidentinin – terrorla, İŞİD-lə mübarizəni prioritet elan etmiş Donald Trump-ın marağını çəkə bilmir. «The Daily Beast» saytı bunun bir neçə səbəbini göstərir.

D.Trump və R.T.Erdoğan
D.Trump və R.T.Erdoğan

Qəzet yazır ki, tərəfləri bir araya gəlməyə qoymayan çox şey var. Əvvəla, D.Trump Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın tam əleyhinə olduğu «radikal islam terroru» ifadəsini çox tez-tez işlədir. D.Trump-ın miqrantlarla bağlı qadağası da 3 milyona qədər suriyalı qaçqını saxlayan Türkiyəni sarsıdıb. Üstəlik, bu günlərdə ABŞ-ın Suriyanın şimalındakı kürd qiyamçılarına silah və hərbi avtomobillərdən ibarət yardım göndərdiyi bəlli olub. Amma R.T.Erdoğan, hələ ki, bu barədə susur.

«ABŞ ONLARA SIĞINACAQ VERMƏMƏLİDİR»

«The Daily Beast» D.Trump-ın hətta terror qurbanı olan ölkələrdən danışanda, Türkiyənin adını çəkmədiyini, halbuki hamıdan çox türklərin itkiyə məruz qaldığını vurğulayır.

Bununla belə, D.Trump administrasiyasıyla R.T.Erdoğan hökumətini bir araya gətirə biləcək səbəblər də var. Hər iki ölkə İranın Suriyada artan roluna qarşıdır və həm Ankara, həm də Vaşinqton Rusiya prezidenti V.Putin-lə yaxınlığa meylini gizlətmir. Üstəlik, müəllifin fikrincə, terrorla mübarizə aparan ABŞ-ın Türkiyəsiz necə hərəkət edəcəyi bəlli deyil.

«Ortadakı əsas əngəllərdən biri Gülen məsələsidir», – yazan müəllif Türkiyənin düşmən və terrorçu elan etdiyi Fethullah Gülen-in taleyindən çox şeyin asılı olduğunu vurğulayır. Qəzet D.Trump-ın təhlükəsizlik məsələləri üzrə müşaviri Michael Thomas Flynn-in Gülen-i «radikal islamçı» adlandırdığını, onu İran İslam İnqilabının lideri Ayatollah Khomeini ilə müqayisə etdiyini xatırladır. M.T.Flynn-in dediyinə görə, radikallar məhz Gülen kimi ilahiyyatçılardan qaynaqlanırlar və ABŞ belələrinə sığınacaq verməməlidir. D.Trump müşavirinin məsləhətlərinə qulaq asacaqmı?

ABŞ F.Gülen-i Türkiyəyə təhvil versə, çox şey dəyişəcək. «Hələ ki, Erdoğan Trump-ın zəngini gözləyir», – müəllif yazır.

XS
SM
MD
LG