Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:41

«Qafqazda üçüncü tərəfin iştirakı ilə müharibə başlasa...»


Türkiyə vs. Rusiya
Türkiyə vs. Rusiya

-

Rusiya və Türkiyə arasında gərginliyin artması Qafqaza yayılıb. Bu təlatümlü regionda iki ölkə daima nüfuz savaşı aparır. «Vice News» saytında John Dyer Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra yaranan gərginliyin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə təsirindən yazır.

«Bu gün bu barədə çox danışılır, ancaq problem ondadır ki, nə Türkiyə, nə də Rusiya əslində Qafqazda müharibə istəmir», - bunu Karneqi Beynəlxalq Sülh Fondundan Paul Stronski deyir. «Ermənistanla Azərbaycan arasındakı durum onsuz da çox təhlükəlidir. Aydındır ki, işlər asanlıqla nəzarətdən çıxa bilər».

Müəllif Türkiyədən artıq Azərbaycana dəstək bəyanatlarının verilməsinə diqqət yönəldir: «Azərbaycan əslində Moskvaya daha çox yaxınlaşan avtoritar bir ölkədir. Ancaq təyyarənin vurulması məsələni qəlizləşdirib… Digər tərəfdən, Rusiya Ermənistanla ittifaqı gücləndirir. Ermənilərin Osmanlı İmperiyası dövründə qətliamını dananlar üçün cərimə də təklif olunub».

Massaçusetsdə Klark Universitetinin erməni soyqırımı üzrə eksperti Taner Akçam Rusiya deputatlarının bu layihəsini böyük məsələ saymasa da, ümumilikdə, narahatlığı bölüşür.

«Bunun elə bir təsiri olmayacaq. Türkiyədə hər kəs bunun siyasi məsələ olduğunu anlayır və adamlar, sadəcə, güləcəklər», - Akçam «Vice News»a deyib. «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi daha ciddidir. Məncə, soyqırımının tanınması Türkiyə-Rusiya münasibətlərində ciddi problem deyil. Türklər deyəcəklər ki, «Hə, nə olsun?». Ancaq Qafqazda üçüncü tərəfin iştirakıyla müharibə başlasa, bu, çox ciddi və çox qorxulu bir məsələyə çevrilər».

İŞİD yaraqlısı
İŞİD yaraqlısı

İŞİD, İD, YOXSA DAESH?

«The Independent» yazır ki, Dauninq-strit David Cameron və nazirlərin «İslam Dövləti» silahlı qruplaşmasını «Daesh» adlandıracaqlarını elan edib. Dekabrın 2-də Britaniya parlamentində Suriyadakı koalisiyaya qoşulmaq məsələsi müzakirə olunduğu bir vaxtda həm də İŞİD-i necə çağırmaq məsələsi dartışılırdı.

İŞİD silahlıları yaratdıqları xilafəti «İslam Dövləti» adlandırandan sonra beynəlxalq media bu qruplaşmanın qısa adını həm İD, həm də İŞİD kimi yazmağa başladı. Ancaq Böyük Britaniyanın baş naziri David Cameron bu ilin iyununda BBC-dən xahiş etdi ki, İD deyil, məhz İŞİD desin. Hazırda Britaniya və ABŞ hökumətləri də həmin silahlı qruplaşmanı İŞİD adlandırır. Fransa hökuməti isə ötən il «Daesh» deməyə qərar verib.

Qruplaşma üzvləri ötən ilin iyununda xilafət yaratdıqlarını və qısa adlarındakı iki hərfi atdıqlarını bildiriblər. Əvvəlki İŞİD – «İraq və Şam İslam Dövləti» deməkdir. Əslində, Şam – «əl-Şam» – Suriya və daha geniş əraziləri nəzərdə tutur.

«Daesh» isə «Dawlat al-Islamiyah f'al-Iraq wa al-Sham» sözlərinin baş hərflərindən yaranıb və ərəbdilli media daha çox bu qısa addan istifadə edir. Bu terminin aşağılayıcı olması barədə arqumentlər səslənir, belə ki, ayrı-ayrı ərəb sözlərinin kobud tərcüməsinin qarışığıdır. Özəlliklə də, ərəbcəدعس «ayaq altda tapdalamaq, əzmək» deməkdir.

Bəzi ərəbdillilər Britaniya hökumətinin «Daesh» akronimini işlətmək qərarını tənqid edib. Ancaq anti-ekstremist «Quilliam» Fondunun sədri Maajid Nawaz bunu yanlış sayır. Onun sözlərincə, ərəbdillilər ona görə «Daesh» deyirlər ki, bu, İŞİD-in dəqiq ərəb ekvivalentidir. «Daesh» ərəbcə başqa anlama gəlmir», - o, sözlərinə əlavə edir.

Vladimir Putin
Vladimir Putin

PUTIN NİYƏ PİS MÜTTƏFİQDİR

«Project Syndicate» saytında Paul R.Gregory yazır ki, Rusiyanın «İslam Dövləti» qruplaşmasına qarşı münaqişəsi onu Qərbin maraqlarına yaxınlaşdırıb. Hətta Türkiyənin Rusiya təyyarəsini vurması belə bu nikbinliyi azaltmayıb.

Müəllifin fikrincə, ilk baxışda Rusiyanın islamçı terrorçulara qarşı təbii müttəfiqliyi anlaşılan görünür. Elə bu yaxınlarda Misirdə partladılan təyyarədə 224 nəfər həlak olub. Ancaq dərindən təhlil edəndə görürsən ki, Rusiya ilə antiterror alyansı şirin xəyaldan başqa bir şey deyil:

«Putin Suriyaya İD-ni məğlub etmək üçün girməyib. Onun məqsədi prezident Bashar al-Assad rejimini xilas etməkdir. Bəzən Putin özünü elə aparır ki, sanki Assad-ı tərk etməyə hazırdır, ancaq sonucda onu müdafiə edəcək. Assad-ı taleyin hökmünə buraxmaq zəiflik olar və bu, Putin-lik deyil».

Məqalədə vurğulanır ki, sıravi rusiyalılar islamçı ekstremistlərin hücum təhlükəsi ilə üzləşsə də, onlar Putin və ya müttəfiqlərinə təhlükə yaratmır: «Rusiya terror hücumları ilə çox üz-üzə qalıb. Ancaq hər dəfə də bu hücumlara qəddarlıqla, elə dinc sakinlərin həyatı hesabına cavab verilib. Əslində, terror hücumları, məsələn, çeçen yaraqlılara qarşı ictimaiyyətin mövqeyini möhkəmləndirdi və Putin paytaxt Qroznını viran qoymaq naminə ictimai dəstəyi qazandı».

Müəllif yazır ki, hər bir cəmiyyət insan haqları ilə milli təhlükəsizliyi balanslaşdırmalıdır. Lakin Qərb cəmiyyətlərindən fərqli olaraq, Kreml insan həyatına az önəm verir. Putin-in mövqeyinə görə, ekstremist hücumlarında insan həyatlarının qurban getməsi pisdir, ancaq rejimə təhlükə yoxsa, qəbulediləndir.

XS
SM
MD
LG