Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:22

Erdoğan indi də Türk dilindəki Avropa sözlərini repressiya edir?


Economist” yazır ki, Türkiyə prezidenti Recep Tayyib Erdoğan və tərəfdarları yeni hay-küylü kampaniyaya başlayıblar.

Məqalədə deyilir ki, Erdoğan ötən iyulda baş tutmamış çevriliş cəhdinə, 160 min dövlət qulluqçusunu işsiz qoymaqla və 60 min nəfəri damlamaqla cavab verib, "amma onun son repressiyasının hədəfi xeyli mücərrəddir".

Cənab Erdoğan Qərbdən alınma sözlərin türkcədən çıxarılmasını istəyir. O hələ mayın 23-də bəyan etmişdi ki, Türkiyə Qərbin təsiri kimi təhlükə ilə üzləşib.

“Mədəniyyətə və sivilizasiyalara hücumlar hardan başlanır? Əlbəttə dildən” – demişdi Erdoğan.

Cənab Erdoğan “arena” sözündən başlayıb. Bu söz ona Roma imperiyasının mənəviyyatsızlığını xatırladıb. Məhz buna görə də prezidentin göstərişi ilə “arena” sözü ölkə boyunca idman qurğularından çıxarılıb.

"Arena" əvəzinə "stadion"

Amma Türkiyə bu işi təxminən Atatürkün vaxtındakı kimi görür. Beşiktaş futbol klubunun oyunçuları və azarkeşləri səhər yuxudan durub görüblər ki, onların Vodafone Arena stadionu… “Vodafone Stadyumu” olub. Bir əcnəbi söz, həm də elə Avropa sözü, başqa bir əcnəbi Avriopa sözü ilə əvəzlənib.

Türkiyədə idman qurğularının adları dəyişdirilir
Türkiyədə idman qurğularının adları dəyişdirilir

“Economist” yazır ki, bir çox başqa dillər kimi Türk dili də Qərb sözlərinə müqavimət göstərməyə çalışıb. Məsələn, şovmen (showman) və atasman (attachment) kimi sözlər dil mühafizəkarlarının qanını qaraldır.

Türk dilinə Avropa sözlərinin ilk axını 19-cu əsrdə başlanıb. Lakin bu axın elə-belə olmayıb. Sözlər ölkəyə axışan Avropa istehsallı mallarla, texnologiyarla birgə gəlib.

Buna baxmayaraq, Türk dilindəki fransız sözləri bütövlükdə 5 faiz təşkil edir…amma olduqca fəal lüğətə daxildir. İstanbulun qonağı olan biznes adamı başını “küafor” dükanında qırxdırır, müştərisi ilə “randevü”yə gedir, lazım olsa, günorta “trafik”indən yaxa qurtarmaq üçün “vapor”a minir. İşini görəndən sonra isə “şezlonq”da uzanıb otel “terras”ında istirahət edə bilər.

Türk dilinin lüğət tərkibi ilə ilk eksperimentlər 1930-cu illərdə respublikanın banisi Mustafa Kemal Atatürk tərəfindən başlanıb.

O vaxt Türkiyədə ərəb əlifbası, Qərbin latın qrafikası ilə əvəzlənmiş, dildən Şərqi təmsil edən minlərlə ərəb-fars sözləri çıxarılmışdı.

Akop Dilaçarın "yeni türkcəsi"

“Economist” yazır ki, Türk Dil İnstitutu (Türk Dil Kurulu) çıxarılan sözlərin əvəzinə ya başqa türk dillərindən sözlər gətirir, ya da yenisini toqquşdurur, “guya türkcə köklü məzəli etimologiyalar yaradırdı”.

Akop Dilaçar (Martayan)
Akop Dilaçar (Martayan)

Bu da maraqlıdır ki, həmin təşkilatın ilk baş eksperti və baş katibi məşhur dilçi, milliyyətçə erməni Akop Dilaçar (Martayan) idi.

Dilaçar yeni Türk dilini yaradan idarəyə 1934-cü ildən 1979-cu ildə vəfatınadək başçılıq etmişdi.

Məqalədə deyilir ki, dilin mücərrəd anlayışlarının böyük bir qismi ərəb-fars sözləri ilə ifadə olunduğundan yeni sözlər faktiki olaraq yeni bir dil yaratmış olurdu.

Cəfəng sözlər

Bu, proses müasir türklərlə klassik türkcənin əlaqəsini həmişəlik kəsmişdi. İndi belə görünür, Erdoğan həmin prosesi geri döndərmək niyyətindədir.

Köhnə çağların xiffəti (nostaljisi) o qədər güclüdür ki, Erdoğan 2014-cü ildə yuxarı siniflərdə Osmanlı Türkcəsinin icbari tədrisinə göstəriş verib.

Lakin müsahibələrindən birində TDK-nın rəhbəri Mustafa Kaçalın deyib ki, dildən yalnız əksər türklərin başa düşmədiyi “cəfəng sözlər” çıxarılacaq.

“Economist” yazır ki, türklərin bir çoxu elə dil üzərində bu son eksperimentə də “cəfəng” bir şey kimi baxır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG