Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:26

88 şirkətin direktoru kafedə qabyuyan işləyir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bu ilin təkcə yanvar ayında Azərbaycanda 487 şirkət dövlət qeydiyyatına alınıb. «Turan» agentliyinin analizinə görə, bu şirkətlərin əksəriyyətinin direktoru eyni şəxslərdir. Məsələn, təkcə Aydın Yarməmmədov 19 gün ərzində 32 şirkətin direktorluq səlahiyyətini qazanıb. Həmin dövrdə Elxan Vahidovun direktoru olduğu şirkətlərin sayı isə 31 olub. Agentlik belə şirkətləri «klonlaşdırılmış» adlandırır. Analizin nəticələrinə görə, yanvar ayında qeydə alınmış şirkətlərdən 100-dən artığı bu cür şirkətlərdir.

188 SAXTA ŞİRKƏT...

Agentlik, həmçinin, bir neçə amilə istinad edərək hesab edir ki, yanvarda yaradılmış 487 şirkətdən 188-i saxtadır. «Tutan» istinad edərkən ünvanın eyniliyi, nizamnamə kapitalının azlığı, qanuni təmsilçinin eyni olmasını əsas gətirib.

Təsisçilərinin adı açıqlanmayan bu şirkətlərin qeydiyyat yeri Yardımlı, Quba, Hacıqabul, Lənkəran və digər rayonların kəndlərində seçilib.

Bu şirkətlər kimə məxsusdur və nəyə görə yaradılıb?

«Turan»ın iqtisadçı analitiki Hafiz Babalı deyir ki, 2012-ci ildən bəri qeydə alınmış şirkətlərin təsisçiləri haqda məlumatlar məxfi hesab olunduğundan, onların kimə məxsus olduğunu aydınlaşdırmaq çətinləşib.

Analitik həmçinin qeyd edir ki, bu cür şirkətləri yaratmaqda bir məqsəd də dövlət müəssisələrinə ayrılmış vəsaitlərin mənimsənilməsidir:

Hafiz Babalı
Hafiz Babalı

100-150 MANATA ETİBARNAMƏ

«Həmin direktorların əksəriyyəti təsadüfi adamlardır. Gəlib deyirlər ki, al bu 100-150 manatı, mənə etibarnamə ver, hər ay da eyni məbləği verəcəyəm. Çoxu da rayon yerlərində yaşayanlardır. Mən bir nəfər tapmışdım 88 belə şirkətin direktoru idi. Rayondan gəlib Bakıda kafelərin birində qabyuyan işləyirdi. Bu şəxslərin, həmçinin şirkətlərin heç bir prosesdə iştirakı yoxdur. Onlar, sadəcə, büdcə vəsaitlərinin mənimsənməsi, müəyyən layihələrin təşkil olunmasında formal istifadə olunur. Bir il sonra isə həmin şirkətlər bağlanır, yerinə eyni ada uyğun başqası yaradılır. Əslində şəxslər, şirkətlər formaldır. Bu, vahid mərkəzdən idarə olunan bir məsələdir. Hüquq-mühafizə orqanları da sanki görmür bunu».

«AZ ŞİRKƏTLƏ MİLYARDLARI MƏNİMSƏMƏK MÜMKÜN OLMUR»

Hafiz Babalı bildirir ki, vahid mərkəzdən idarə olunan bu şirkətləri yaratmaqda bir məqsəd də vergidən yayınmaqdır:

«Bu şirkətlərin vasitəsilə xırda həcmli tenderlərə girirlər. Elə hesablayırlar ki, ödədikləri ƏDV-ni geri alsınlar deyə, illik ümumi məbləğ 120 min manatdan artıq olmasın. Qanunla illik gəliri bu məbləğdən az olanda, ilin sonunda büdcəyə ödənilən ƏDV geri alınır. Bunlar 30 yox, məsələn 5 şirkət də yarada bilərdilər. Ancaq az şirkətlə milyardları mənimsəmək mümkün deyil. Bu cür neqativ halların qarşısını almaq üçün tender qanunu yenilənməlidir. Bunun üçün dövlət satınalmalarına girən şirkətlərin kapitalına minimum tələb təyin olunmalıdır. Həmin şirkətlərə baxanda görürsən ki, nizamnamə kapitalı 10 manatdan artıq deyil. Bu şirkətlərin kadr potensialı da yoxdur. Bu qədər işi bir nəfər direktor necə görə bilər. Təbii ki, bu, formaldır. Bu şirkətlərin bank hesabları, nəqliyyat vasitələri olmalıdır ki, tenderdə göstərilən işləri görə bilsin. Baxırsan bir neçə şirkətin tək direktoru var. Həmin şirkət bir sıra iri işlər görür. Bir nəfər bu işləri necə çatdırır, bu maraqlıdır».

Vahid Əhmədov
Vahid Əhmədov

DEPUTAT: «TƏDBİRLƏR GÖRÜLMƏLİDİR»

Vergilər Nazirliyi bu ilin əvvəlində bir nəfər direktora aid olan 200, digər şəxsin direktoru olduğu 141 şirkəti fəaliyyətlərində qüsur olduğuna görə bağlayıb.

Deputat Vahid Əhmədov «Azadlıq» qəzetinə bildirib ki, bu cür şirkətlərin yaradılmasında qanun pozuntusu olmasa da, yaranmış vəziyyətlə bağlı müəyyən tədbirlər görülməlidir:

«Fəaliyyətində qüsur aşkarlanan şirkət barəsində, görünür, tədbir görülmür ki, vəziyyət bu hala çatır. Bəzi şirkətlər, ümumiyyətlə, bu haldan istifadə edirlər. Heç bir vergi ödəməyən şirkətin adı dəyişdirilir və sahibkar başqa yeni bir şirkət yaradır. Fəaliyyətində qüsur olan şirkət isə ləğv olunmur, qalır. Ona görə mənə elə gəlir ki, yaranmış vəziyyətlə bağlı müəyyən tədbirlər görülməsinə ehtiyac var».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG