Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:51

300 manatı alınlarına qoyub prezidentə təşəkkür edirlər


Türkmənistanda bazar

Aşqabad bazarlarında satıcıların azaldığı görünür.

Rəsmi nağd valyuta mübadiləsinin dayandırılmasından, sahibkarlar üçün konvertasiyaya məhdudiyyətlər qoyulmasından və «qara bazar»da xarici valyutanın bahalanmasından sonra ölkədə ərzaq və ən zəruri malların qiyməti qalxıb.

Aşqabad sakini, beş uşaq anası Gulustan deyir ki, bahalıq ucbatından hətta mövsümündə belə, Türkmənistanda yetişdirilmiş meyvə-tərəvəzi almaq mümkün deyil.

ƏTİN KİLOSU 20 MANATDIR

Aşqabadın mərkəzindəki «Gulustan» Ticarət Mərkəzində tərəvəzin qiyməti yenidən qalxıb. Bolqar bibəri, kartof və xiyarın kilosu 4 manat (1.14 dollar), pomidor 5 manat (1.43 dollar), qarpızın kilosu 0.8 manat (0.23 dollar), gilas 25 manat (7.14 dollar), qarağat 22 manat (6.29 dollar), şaftalı 12 manat (3.43 dollar), çiyələksə 10 manatdır (2.86 dollar).

***Buna da bax-'Pul karta oturan kimi ələ keçirirlər'

Süd məhsullarının da qiyməti görünməmiş həddə çatıb. Süzmənin kilosu 10-12 manat (2.8 – 3.4 dollar), kəsmiksə 14 manatdır (4 dollar). Gulustan deyir ki, belə yüksək qiymətlər çoxuşaqlı ailələrin normal qidalanmasına imkan vermir.

Dövlətin qoyduğu qanuna görə, qoyun və mal ətinin satış qiyməti 17.8 manatı keçməməlidir. Sakinlərsə deyirlər ki, hazırda ətin kilosunu 20 manatdan (5.71 dollar) aşağı almaq mümkün deyil.

Dövlət mağazalarında şəkərin də qiyməti artıb. Üstəlik, hər adam bir dəfəyə yalnız bir kiloqram şəkər ala bilər.

«TİCARƏTİ BURAXMALI OLURUQ»

Son aylar qiymətlərin artması və maaşların gecikməsi müştərilərin də sayını azaldıb. Zəruri mallara tələbatın çox aşağı olması səbəbindən «Gulustan» Ticarət Mərkəzində satış yerləri boşalıb.

***Buna da bax-Bakıda bankomat qarşısında uzun növbələr

Xırda satışla məşğul olan Bibi kəndlərdə yetişdirilən meyvə-tərəvəzi topdansatış yerlərindən alır, sonra isə bütün günü şəhər bazarında oturub satır.

«Ancaq alıcıların sayı azaldığından alınmış məhsulun yarısı xarab olur. Sabahısı günə qalmış meyvə-tərəvəzi alıcıya təklif edə bilmirik, yalnız təzə məhsul satılır. Biz hər gün ziyana işləyə bilmərik, ona görə ticarəti buraxmalı oluruq. Bu, ailə dolandırmağı çox çətinləşdirir», – satıcı Oguldursun deyir.

Onun sözlərinə görə, dövlət əhalinin qazancı məsələsinə get-gedə daha az diqqət ayırır.

Türkmənistan dövlət televiziyasının reportajından kadr
Türkmənistan dövlət televiziyasının reportajından kadr

«DÖVLƏT XALQI UNUDUB»

«Bilirik ki, respublika rəhbərliyi qiymətlərin qalxmasından və ticarət nöqtələrinin boş qalmasından çox yaxşı xəbərdardır. Ancaq əhalinin xərclərinə diqqət ayırmaqdansa, maaşları, pensiya və müavinətləri qaldırmaqdansa, sosial güzəştləri ləğv edirlər. Yerli sakinlər gileylənirlər ki, dövlət xalqı unudub», – AzadlıqRadiosunun Türkmənistandakı müxbiri Soltan Achilova deyir.

Türkmənistan fermerləri dövlətə təhvil verdikləri məhsulun əvəzində gəlir götürə bilmirlər. Dövlət televiziyası isə səliqəli geyimli insanların bankomatların qarşısında toplaşaraq 300 manat (85 dollar) pul çıxardıqlarını göstərir. Onlar pulu alınlarına qoyub «misli görünməmiş xoşbəxtliyə görə» ölkə prezidentinə minnətdarlıq edirlər.

Rəsmi reportajda deyilir ki, fermerlərin bankomatdan götürdükləri pul onların dövlətə təhvil verdikləri taxıla görə əldə etdikləri qazancdır.

Bundan başqa, dövlət televiziyası kənd zəhmətkeşlərinin ərzaq dükanlarına gələrək nağdsız, plastik kart vasitəsilə ərzaq aldıqlarını göstərib.

BANKOMATLARDA PUL YOXDUR

Ölkənin iki fərqli rayonunda yaşayan 10 sahibkar AzadlıqRadiosunun türkmən xidməti ilə əlaqə saxlayaraq, rayon bankomatlarında gün ərzində 300 manatdan (85 dollar) artıq pul götürə bilmədiklərini deyiblər. Bəzi bankomatlarda isə heç pul yoxdur.

AzadlıqRadiosunun Türkmənistandakı həmsöhbətləri deyirlər ki, ölkədə alış-veriş zamanı bank kartlarından istifadə mümkün deyil.

Türkmən fermerlər hər il təhvil verdikləri məhsulun pulunu dövlətdən almağa çətinlik çəkirlər. Ayın əvvəlində məhsul yığımı kampaniyası başlayanda prezident Gurbanguly Berdymukhammedov sahibkarlara ödənişlərin ləngiməsiz, vaxtında edilməsi barədə əmr verib.

Türkmənistan hökuməti ölkə əhalisinin üzləşdiyi maliyyə çətinliklərinin səbəbləri barədə heç bir açıqlama vermir. Dövlət KİV-ləri ölkə əhalisinin problemlərini işıqlandırmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG