Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 00:22

Trump-ın oğlunun rusiyalı vəkillə görüşündə keçmiş sovet kəşfiyyatçısı iştirak edib


Oğul Donald Trump

ABŞ mediasında verilən xəbərlərə görə prezident Donald Trump-ın böyük oğlunun rusiyalı vəkillə 2016-cı ildə yer almış görüşündə sovet əks-kəşfiyyatının keçmiş zabiti, hazırda isə Amerika-Rusiya lobbiçisi də olub.

Lobbiçi Rinat Akhmetshin iyulun 14-də Associated Press agentliyinə təsdiq edib ki, o həmin görüşdə iştirak edib. O agentliyə bunu da deyib ki, əks-kəşfiyyata daxil hərbi hissədə qulluq edib, lakin heç vaxt casus kimi təlimləndirilməyib.

İyulun 13-də NBC şəbəkəsinin verdiyi xəbərdə deyilirdi ki, oğul Donald Trump, prezidentin kürəkəni Jared Kushner və seçki kampaniyasının rəhbəri Paul Manafort-la görüşdə vəkil Natalya Veselnitskaya-nı bir lobbiçi müşayiət edib.

NBC-nin xəbərində deyilirdi ki, “Rusiyda doğulmuş amerikalı lobbiçi Sovet ordusunda xidmət edib və ABŞ-a mühacirət edib. Onun ikili vətəndaşlığı var”.

Akhmetshin Veselnitskaya-nın 2016-cı ildə Amerikanın Magnitsky qanununa qarşı apardığı çoxşaxəli lobbiçilik səylərində onun həmkarı kimi tanınırdı. Magnitsky qanunu Rusiyada insan haqlarını pozanlara qarşı ağır sanksiyalar qoyub.

Financial Times iyulun 10-da xəbər verirdi ki, Veselnitskaya Akhmetshin-i məhz həmin dövrdə kirayələyib.

AzadlıqRadiosu bildirir ki, iyulun 14-də Akhmetshin-i onun məlum e-mail, telefon və SMS kontaktları vasitəsilə tapmaq mümkün olmayıb.

Veselnitskaya-nın təmsilçisi AzadlıqRadiosunun Rusiyadakı nümayəndəsinə deyib ki, vəkilin “başı çox qarışıqdır” və buna görə də suallara cavab verə bilməyəcək.

Rinat Akhmetshin. 7 iyul, 2016.
Rinat Akhmetshin. 7 iyul, 2016.

Akhmetshin bundan əvvəl bildirmişdi ki, o sovet əks-kəşfiyyatında xidmət edib. Lakin o AzadlıqRadiosuna keçən il verdiyi müsahibədə sovet hərbi kəşfiyyatında xidmət etdiyini danmışdı.

Aprel ayında Senatın Ədliyyə Komitəsi Daxili İşlər Nazirliyinə Akhmetshin-in qanunsuz lobbiçilik fəaliyyəti ilə bağlı sorğu göndərmişdi. Bu sorğuda deyilirdi ki, “Akhmetshin təxribatçı siyasi təsir əməliyyatları keçirir və dezinformasiya və təbliğatdan istifadə edir”.

NBC kanalının xəbərində bildirilir ki, oğul Trump-ın vəkili Alan Futerfas müştərisinin keçmiş əks-kəşfiyyat zabiti olduğu iddia edilən şəxslə görüşdüyünü təsdiq edib.

Vəkil deyib ki, “həmin fərdlə” özü söhbət edib və o Rusiya hökuməti üçün işlədiyi barədə iddiaları təkzib edir.

Bundan əvvəl NBC ilə söhbətində Veselnitskaya sözü gedən görüşdə onu azı bir nəfərin müşayiət etdiyini təsdiq etmişdi. Lakin o həmin şəxsin kimliyini bildirməkdən imtina etmişdi.

İyulun 11-də öz e-maillərini dərc edən oğul Trump bildirmişdi ki, Veselnitskaya ilə görüşə onda Demokratik Partiyanın namizədi Hillary Clinton-a dair ziyanlı informasiya olduğunu biləndən sonra razılıq verib.

Akhmetshin AP-yə deyib ki, Veselnitskaya həmin görüşdə, onun özünün dediyi kimi, Trump-ın adamlarına Demokratik Milli Komitəyə qanunsuz köçürülən vəsaitlər barədə məlumat verib.

Akhmetshin Velsenitskaya-nın sözlərini xatırlayaraq deyib ki, “DMK-nın pis pulları qəbul etməsini faş etmək yaxşı bir məsələdir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG