Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:27

Trump 'Twitter'i pulsuz reklam edir


Twitter
Twitter

Bazar ertəsi – mayın 1-də «Twitter Inc.» şirkəti «Bloomberg Media» ilə tərəfdaşlığa başladığını elan edib. Sosial şəbəkə həftənin 7 günü, günün 24 saatı videoxəbərlər yayımlayacaq.

Bu yeni xəbər kanalında «Bloomberg»in dünyadakı bürolarından canlı xəbər reportajları, eləcə də «Twitter» istifadəçilərinin göndərdiyi videolar göstəriləcək. Şirkətlər bu barədə birgə bəyanat yayıblar.

SƏHMLƏRİ BAHALANIR

«The Los Angeles Times» qəzeti yazır ki, bazar ertəsi Uoll-Stritdə «Twitter»in səhmlərinin qiyməti 1.06 dollar, yaxud 6.4% yüksəlib və bir səhm 17.54 dollara satılıb. İki il öncə isə bir səhmin dəyəri 38 dollar idi.

«CNN Money» isə hələ «Bloomberg»lə mümkün tərəfdaşlıq xəbəri yayılandan «Twitter»in səhmlərinin 6% bahalandığını qeyd edir.

«Twitter» ötən həftə açıqladığı rüblük hesabatında bildirib ki, aylıq istifadəçi sayı 9 milyon artaraq 328 milyon nəfərə çatıb. Sərmayəçilər ümid edirlər ki, şirkət strim-videodan qazanacaq. «Twitter» getdikcə daha çox canlı xəbər verməyə, siyasi hadisələrin və idman tədbirlərinin canlı yayımını təşkil etməyə çalışır və bununla daha çox istifadəçi qazanmaq istəyir. «CNN Money» bu strategiyanın işə yaradığını vurğulayır.

Bəzilərinin fikrincə, ABŞ prezidenti Donald Trump-ın @POTUS hesabından tez-tez tvit atması, eləcə də şəxsi @realdonaldtrump hesablarından istifadəsi videoxidmətin gücləndirilməsinə impuls verir.

D.Trump
D.Trump

TRUMP-DAN PULSUZ REKLAM

«Heç nə olmasa belə, Trump «Twitter»i pulsuz reklam edir. Onun iki hesabının birlikdə 45 milyon izləyicisi var», –məqalədə deyilir.

Siyasət «Twitter»in canlı yayım strategiyasında əsas rol oynayır. «Twitter» ötən payız «Bloomberg»lə tərəfdaşlıq edərək prezident debatlarını işıqlandırıb, eləcə də CBS-lə Respublikaçıların və Demokratların qurultaylarını yayımlayıb.

Amma bir məsələ də var ki, onlayn videoda rəqabət daha kəskindir. Adamlar indi smartfonlarında və digər mobil qurğularda videoya baxırlar. «Facebook» sosial şəbəkəsi də canlı video işinə girişməyə çalışır. «Google»un təsisçi şirkəti olan «Alphabet» onlayn video kralı «YouTube»un sahibidir. «Snapchat»ın sahibi «Snap» də video işini gücləndirməyə çalışır. Hətta onlayn satış saytı olan «Amazon» belə video piroquna əl uzatmaqdadır, çərşənbə axşamı keçiriləcək Milli Futbol Liqasının oyunlarını yayımlamaq hüququ qazanıb. «Twitter» ötən mövsüm həmin oyunları yayımlayırdı.

UOLL-STRİTİ İNANDIRMAQ

Məqalədə deyilir ki, «Twitter» skeptik Uoll-Striti sosial mediadakı yerinə inandıra bilməlidir. Bu həftə səhmlər yüksəlsə də, şirkət 2013-cü ildə ictimaiyyətə açılandan sonrakı səviyyədən çox aşağıdır. Hər halda, son rüblük hesabat gəlirlərin azaldığını göstərib.

Təhlilçilər «Twitter»in satışının bu payız düşəcəyini, 2018-ci ildə qalxacağını proqnozlaşdırırlar.

Amma bəzi təhlilçilər şirkətin rəhbəri Jack Dorsey-nin üzərinə həddən artıq yük götürməsinə də diqqət çəkirlər. Axı o, həm də «Square» mobil ödənişlər şirkətinin rəhbəridir.

«İndiliksə, həm investorlar, həm də «Twitter» istifadəçiləri şirkətin canlı video işinə girişməsinə ürəklə yanaşırlar», – «CNN Money» yazır.

XS
SM
MD
LG