Keçid linkləri

2017, 24 Avqust, Cümə axşamı, Bakı vaxtı 09:08

Amerika şirkətləri “prezidentə sataşan pyesin” sponsorluğunu dayandırdılar


Amerikanın iki nəhəng şirkəti - Delta Air Lines və Bank Of America – Şekspirin “Yuli Sezar” tamaşasının sponsorluğunu dayandırmaq barədə qərar qəbul edib.

ABŞ mediası xəbər verir ki, buna səbəb tamaşadakı baş qəhrəmanın ABŞ prezidenti Donald Trump-ı zahiri baxımdan ifrat dərəcədə xatırlatması olub.

Nyu York Teatrının tamaşasında Sezar, mavi kostyum geyinmiş sarışın saçlı biznesmen qiyafəsində görünür.

Public Theater teatrının baş prodüseri isə bildirib ki, əsərin əsas qəhrəmanı olan müasir Sezar “mütləq hakimiyyətə aludə” bir şəxsdir.

Tamaşanın sponsorlarından Delta Air Lines hava şirkətinin nümayəndəsi başqa qənaətdədir. O deyir ki, müəlliflər Sezarın ölümü səhnəsində “bütün ədəb-ərkan sərhədlərini aşıblar”.

Nyu Yorkdakı Mərkəzi parkda oynanan pyesdə Sezar uzun və məşəqqətli döyüşlərdən sonra aldığı çoxsaylı yaralardan ölür.

Bu tamaşada Sezarın arvadı Kalpurniya dizayner paltarları geyinir və açıq-aşkar slavyan ləhcəsi ilə danışır. Bir sözlə bunun Melania Trump-ın prototipi olmasına şübhə yeri qalmır.

Bu ilin əvvəllərində Public Theater pyesin təqdimatını keçirəndə Roma imperiyasının başçısını “hörmətsiz populistin çəkiciliyinə malik birisi” kimi təsvir etmişdi.

Teatrın internet saytında isə bildirilirdi ki, əsər demokratiyanın nə qədər kövrək ola biləcəyini nümayiş etdirir.

Delta Air Lines şirkətinin bəyanatında deyilir ki, bu pyes hazırkı quruluşda şirkətin dəyərlərinə cavab vermir.

Bank Of America isə bildirir ki, tamaşa müəlliflərin interpretasiyasında “təxribat və təhqir” xarakteri daşıyır.

Bankın bəyanatında deyilir ki, “teatrın niyyətini əvvəcədən bilsəydik, ona sponsorlluq etməzdik”.

Bu tamaşanı Trump-ın oğlu Donald da tənqid edib.

O özünün Tvitter hesabından yazıb ki, “vergiödəyənin puluna yaşayan belə incəsənəti başa düşmür...”

Tamaşanın premyerası mayın 23-də olub və tamaşa iyunun 18-dək oynanacaq.

Maraqlıdır ki, 2012-ci ildə eyni pyesin qəhrəmanını oynayan aktyor ovaxtkı ABŞ prezidenti Barack Obamaya oxşayırdı.

Amerika mediası yazır ki, Delta Air Lines və Bank Of America şirkətləri sponsorluğu sosial mediada davam edən qızğın debatların nəticəsi olaraq dayandırıb.

Lakin tamaşanın heç də bütün sponsorları belə etməyiblər. Daha bir sponsor olan “New York Times” bəyan edib ki, maliyyələşdirməni davam etdirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG