Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 05:05

Seçici Kollegiyası Trump-ın prezidentliyini təsdiqləməyə bilərmi?


Donald Trump

Dekabrın 19-da ABŞ-ın Seçici Kollegiyası yeni seçilmiş prezident Donald Trump-ı vəzifəsinə təsdiqləməlidir. Kollegiyanın 10 üzvü – bir respublikaçı və 9 demokrat səsvermədən öncə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəyi barədə onlara detallı bilgi verilməsini istəyib.

DƏLİLLƏRİN TƏSİRİ

CIA-nin məlumatına görə, rus hakerlər demokratların namizədi Hillary Clinton-un kampaniyasını sarsıtmağa, D.Trump-ın qələbəsini təmin etməyə çalışıblar. CIA bu barədə tutarlı dəlillərin olduğunu deyir.

«Bu dəlillər bizim D.Trump-ın Birləşmiş Ştatların prezidenti vəzifəsinə yarayıb-yaramaması barədə məsləhətləşmələrimizə birbaşa təsir edər». Seçici Kollegiyasının Milli Kəşfiyyat İdarəsinin rəhbəri James Clapper-ə açıq məktubunda belə deyilir.

Buna da bax-Obama Ağ evdən Yaşıl evə köçür

Adətən, Seçici Kollegiyası ştatlardan gələn seçki nəticələrini təsdiqləyir. Amma ABŞ konstitusiyası seçicilərə nəticələri sual altında qoyan fövqəladə faktorları nəzərə almaq ixtiyarı verir.

«KOLLEGİYA MÖHÜRDƏN FƏRQLƏNMİR»

Kollegiya D.Trump-ın prezidentliyini təsdiqləməyə bilərmi? BBC-nin yeni məqaləsində bu suala cavab axtarılır.

BBC Seçici Kollegiyasının, əslində, möhürdən çox da fərqlənməyən qalıq orqan olduğunu, ştatlardan gələn nəticələri təsdiqləməkdən artıq iş görmədiyini yazır. Amma bu ilin ABŞ tarixində, deyəsən, bütün normaların pozulduğu il kimi yadda qalacağını qeyd edir. Çünki seçicilər arasında CIA-nın açıqlamasıyla bağlı xüsusi canlanma müşahidə olunur.

ABŞ-da seçkilər
ABŞ-da seçkilər

BBC tarixi faktı da qeyd edir: Birləşmiş Ştatların əsasını qoyanlardan Alexander Hamilton-un yazdığına görə, Seçici Kollegiyasının əsas qayəsi konstitusional qoruyucu funksiyasını yerinə yetirmək, səriştəsiz, həmçinin «xarici qüvvələr»in təsiri altında olan namizədlərin prezidentliyinə əngəl olmaqdır.

538 ÜZVÜN YARIDAN ÇOXU

Seçici Kollegiyasının məktubunda məhz bu məqama toxunulur: «D.Trump-ın kəşfiyyat icmasının nəticələrinə məhəl qoymaması və Rusiyanı, eləcə də Rusiya prezidenti Vladimir Putin-i davamlı müdafiə etməsi Seçki Kollegiyasının məsələyə yaxından baxmasını və məsləhətləşmə tələb edir».

Dünən – dekabrın 12-də Hillary Clinton-un təbliğat ofisinin rəhbəri John Podesta da seçicilərin detallı bilgi tələbini dəstəkləyib. «Konstitusiyaya görə, seçicilər böyük məsuliyyət daşıyırlar və biz onların suallarına cavab almaq cəhdlərini dəstəkləyirik», - özü də haker hücumların qurbanı olmuş J.Podesta-nın bəyanatında belə deyilir.

Buna da bax-Putin-in dostu ABŞ-ın dövlət katibi ola bilər

Amma BBC Seçicilər Kollegiyasının fərqli qərar qəbul edəcəyinə, prezidentliyin H.Clinton-a ötürüləcəyinə gümanın olmadığını da vurğulayır. Çünki bundan ötrü, əvvəla, Kollegiyanın 538 üzvünün yarıdan çoxunun H.Clinton-a səs verməsi gərəkdir. Bu isə mümkün deyil, çünki respublikaçılardan, hələlik, bircə Chris Suprun D.Trump-a səs verməyəcəyini bəyan edib.

«SƏS VERİR VƏ YOXA ÇIXIRLAR»

«The Atlantic» jurnalının redaktoru Garrett Epps də belə ehtimalın olmadığını yazır: «Ölkənin əsasını qoyanların Seçici Kollegiyasını belə hallarda müdrik rolunu oynamaqdan ötrü təsis etdiyini düşünmürəm. Belə olsaydı, Kollegiya fərqli fəaliyyət göstərərdi. Kollegiya üzvləri heç vaxt görüşmürlər, məsləhətləşmə aparmırlar. Onlar səs verir və yoxa çıxırlar. Mənə görə bu, bir məşvərət orqanı deyil, bu, əhalisini vətəndaş hüququndan məhrum edən ölkələrdə belə qoruyucu orqan ola bilər».

Üstəlik, 29 ştatın qanunları Seçici Kollegiyasının üzvlərinin həmin ştatlardakı seçkilərin nəticələrini təsdiqləməsini tələb edir. İki demokrat seçici hazırda həmin qanunları məhkəmədə çəkişdirir.

Amma Yaşılların səslərin yenidən sayılması tələbi kimi, bu cəhdlərin də uğursuzluqla sonuclanacağı gözlənir. J.Podesta-nın səsverməyə cəmi bir həftə qalmış yaydığı bəyanat isə demokratların seçki yarasının, hələ də, sızladığını deməyə imkan verir. BBC belə yazır.

XS
SM
MD
LG