Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 12:37

Trump deyib ki, ABŞ-Rusiya münasibətləri “ən aşağı səviyyədədir”


ABŞ prezidenti Donald Trump deyib ki, Birləşmiş Ştatlar “Rusiya ilə dil tapa bilmir” və iki ölkə arasında münasibətlər tarixən “ən aşağı səviyyəyə” enib.

AzadlıqRadiosu bildirir ki, Trump bu bəyanatı Ağ Evdə, aprelin 12-də, dövlət katibi Rex Tillerson-un Moskvada Rusiya prezidenti Putinlə üzbəüz söhbətindən sonra səsləndirib.

Bu, Trump administrasiyasının Kremllə ilk ən yüksək səviyyəli dialoqu idi.

Trump NATO-nun baş katibi Jens Stoltenberg-lə birgə keçirdiyi mətbuat konfransında isə deyib ki, “işlər yaxşıdır” və hətta “gözləndildiyindən də yaxşıdır”.

Trump Vladimir Putin-lə münasibətləri yaxşılaşdıra biləcəyinə ümid etdiyini bildirib və əlavə edib ki, “baxaq görək nə olur”.

O deyib ki, “iki dünya gücünün daha yaxşı yola getməsi fantastik bir şey olardı”, amma “bunun tam əksi də ola bilər”.

Trump-ın bu bəyanatları Moskva ilə Vaşinqton arasında münasibətlərin son dərəcə gərginləşdiyi əsnada səslənib.

Gərginliyn artmasına səbəb aprelin 4-də Suriya müxalifətinin nəzarətində olan ərazinin kimyəvi hücuma məruz qalması və bunun ardınca ABŞ-ın Suriya silahlı qüvvələrinin hərbi aerodromuna raket zərbələri endirməsi olub.

NATO “daha köhnəlmiş təşkilat deyil”

Moskvada səfərdə olan Rex Tillerson Sergey Lavrov və prezident Putinlə söhbətlərindən sonra deyib ki, iki ölkə arasında münasinətlərin vəziyyəti çox pisdir.

O Moskvada keçirilən mətbuat konfransında deyib ki, “dünyanın iki ən aparıcı nüvə ölkəsi arasında bu cür münasibətlər yolverilməzdir”.

Rusiyanın xarici işlər naziri isə bildirib ki, “çoxsaylı problemlərin mövcudluğuna baxmayaraq…birgə iş üçün əhəmiyyətli perspektivlər var”.

O əlavə edib ki, Tillerson ikitərəfli münasibətlərdə “xoşagəlməz” məqamların araşdırılması üçün hər iki tərəfdən nümayəndələrin təhkim edilməsi ideyası ilə razılaşıb.

Tillerson deyib ki, iki tərəf “xırda məsələlərdə” koordinasiya üçün “işçi qrupunun” yaradılması barədə razılığa gəlib.

Lakin tərəflərin Suriyaya dair mövqelərinin dəyişdiyinə dəlalət edən heç bir əlamət yoxdur.

Vaxtilə NATO-nun məqsədlərini dəfələrlə sual altına almış Trump Ağ Evdə keçirilən mətbuat konfransında deyib ki, Qərbin hərbi alyansı “daha köhnəlmiş təşkilat deyildir”.

O NATO-nun terrorizmə qarşı mübarizəsini alqışlayaraq deyib ki, alyans “beynəlxalq sülh və təhlükəsizliyin dayağıdır”.

Suriyadakı vəziyyət barədə danışarkən Trump prezident Assad-ı “qəssab” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG