Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:29

Trump-ın oğlu Rusiya ilə əlaqədar e-mailləri dərc edib


Prezident Donald Trump-ın böyük oğlu Donald Trump
Prezident Donald Trump-ın böyük oğlu Donald Trump

Prezident Donald Trump-ın böyük oğlunun dərc etdiyi e-maillər göstərir ki, o 2016-cı ildə rusiyalı vəkillə görüşərkən, vəkilin Rusiya hökuməti ilə iddia edilən bağları barədə məlumatlı olub. Bu e-maillərdən o da bəlli olur ki, oğul Trump-a atasının seçki kampaniyasına kömək edəcək “həssas informasiya” təklif edilibmiş.

Oğul Donald Trump sözü gedən e-mailləri iyulun 11-də özünün Tvitter hesabında dərc edib.

Təhlilçilər deyirlər ki, bu elektron məktublar Ağ Evi bir daha müdafiə mövqeyinə çəkilməyə məcbur edəcək.

Trump demək olar ki, Ağ Evə gələndən bəri Rusiyanın ABŞ seçkisinə müdaxilə etdiyinə dair iddialar onun hakimiyyətinə şübhə kölgəsi salıb.

Hazırda Trump-ın keçmiş və indiki adamlarının Rusiya rəsmiləri ilə əlaqələrinə dair bir neçə təhqiqat aparılır.

Ötən həftə Trump ilk dəfə olaraq Rusiya prezidenti Vladimir Putinlə Almaniyanın Hamburq şəhərində görüşüb. Dövlət katibi Rex Tillerson-un dediyinə görə danışıqlar zamanı Trump Rusiyanın ABŞ seçkisinə iddia olunan müdaxiləsi barədə soruşub və Putin bu iddiaları təkzib edib.

Ötən həftəsonu New York Times xəbər vermişdi ki, oğul Trump rusiyalı vəkil Natalia Veselnitskaya ilə 2016-cı ilin 9 iyununda, ABŞ-da seçki kampaniyasının qızğın vaxtında görüşüb.

Trump-ın kürəkəni Jared Kushner və o zaman kampaniya rəhbəri olan Paul Manafort-un da qatıldığı bu görüş, Trump respublikaçı namizəd olmaq üçün kifayət qədər seçki nümayəndəsinin səsini təmin etdikdən üç həftə sonra keçirilib.

Bu görüşdən bir həftə sonra isə media Rusiya hakerlərinin Demokratik Partiyanın Milli Komitəsinin serverlərinə hücum etdiyindən yazırdı. Qəzetlər yazırdılar ki, bu hücum nəticəsində minlərlə elektron məktub oğurlanıb.

Oğul Trump əvvəlcə demişdi ki, o Veselnitskya ilə görüşündə rusiyalı uşaqların Amerikada övladlığa götürülməsi məsələsini müzakirə edib. Rusiyalı uşaqların amerikalılar tərəfindən övladlığa götürülməsini Putin, 2012-ci ildə, ABŞ-da Magnitsky Act kimi tanınan qanunun qəbulundan sonra qadağan edib.

Lakin Trump-ın oğlu, Times ona Hillary Clinton-a dair ziyanlı məlumatın təklif edildiyini yazdıqdan sonra öz sözlərini dəyişib. Times habelə iyulun 10-da yazırdı ki, ziyanlı informasiyanın mənbəyi Rusiya hökuməti olub.

Üç anonim mənbəyə istinad edən Times yazırdı ki, oğul Trump-la rusiyalı vəkilin görüşünü təşkil etmiş Rob Goldstone adlı araçı Donald Trump-ın oğluna potensial baxımdan ziyanlı olacaq informasiyanın, “Rusiya hökumətinin onun atasının namizədliyinə kömək cəhdinin bir hissəsi kimi verildiyini” yazıb.

İyulun 11-də oğul Trump dörd səhifəlik e-mail mübadiləsini dərc edib. Bu e-maillərdən belə görünür ki, Goldstone görüş təklif edib. O habelə izah edib ki, Veselnitskaya Demokratik Partiyanın Milli Komitəsinə qanunsuz yardım edildiyinə dair informasiyaya malik olduğunu iddia edir və bu informasiya oğul Trump üçün faydalı ola bilər.

Goldstone tərəfindən 2016-cı il, iyunun 3-də göndərilmiş e-maildə deyilir ki, “bu informasiya Hillary-ni və onun Rusiya ilə sövdələşmələrini faş edə və sizin atanız üçün çox faydalı ola bilər”.

E-maildə deyilirdi ki, “bu aşkar şəkildə çox yüksək səviyyəli və həssas informasiyadır, lakin Rusiya və onun hökumətinin Trump-a dəstəyinin bir hissəsidir”.

Oğul Trump cavabında yazırdı: “Əgər bu sizin dediyiniz kimidirsə, mən bunu xüsusilə də yayın axırında çox istərdim”.

Tvitter postuna qoşulmuş bəyanatda oğul Trump bildirir ki, e-maillər onun Veselnitskayanın təqdim etmək üçün heç bir informasiyasının olmadığına və sadəcə ABŞ-da övladlığa götürülmə barədə danışmaq istədiyinə dair bundan əvvəl dediklərini təsdiq edir.

Oğul Trump habelə Goldstone-un iyulun 10-da adı çəkilən görüş barədə verdiyi şərhdən iqtibas gətirir: “Bu indiyədək eşitdiyim görüşlərin ən mənasızı idi. Mən əslində bundan hiddətlənmişdim”.

İyulun 11-də Veselnitskaya ABŞ-ın NBC kanalının Moskva bürosuna deyib ki, “o heç vaxt Hillary Clinton barədə zərərli və “həsas” informasiyaya malik olmayıb və Rusiya prezidenti Vladimir Putinin hökuməti ilə heç bir bağları yoxdur”.

Veselnitskaya deyib ki, Barack Obama tərəfindən imzalanmış Magnitsky qanunu ilə bağlı danışmaq istəyirmiş. Bu qanun Rusiyada insan haqlarını pozanları hədəfləyir.

Bundan əvvəl Times-la danışan Goldstone, Clinton-a dair ziyanlı informasiyanın mənbəyi barədə məlumatlı olmadığını deyib.

AzadlıqRadiosu yazır ki, bu görüş və e-maillər Rusiyanın hansısa formada ABŞ seçkisinə fəal müdaxilə etmək cəhdinin mövcudluğuna dair dəlillərin sayını bir qədər də artırıb. Yanvar ayında ABŞ-ın kəşfiyyat orqanlarının açıqladığı hesabatda Moskva seçkiyə müdaxilə məqsədi ilə açıq kiber və təbliğat kampaniyası aparmaqda ittiham edilirdi.

O vaxtdan bəri bir neçə Konqres komitəsi Rusiyanın ABŞ seçkisinə müdaxiləsinə dair iddiaları araşdırır.

İyul ayında isə FTB, Manafort da daxil, Trump-ın yaxın çevrəsinin Rusiya rəsmiləri ilə qanunsuz təmaslarına dair cinayət təhqiqatına başlayıb. Lakin həmin təhqiqata rəhbərlik edən şəxs – James Comey may ayında Trump tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.

Bəzi məlumatlara görə FTB direktorunu işdən çıxaran Trump, sonradan Rusiya rəsmiləri ilə söhbətində bu hərəkətilə Rusiya təhqiqatına görə üzərindəki təzyiqlərdən azad olduğu ilə lovğalanırmış.

Bu hadisənin yaratdığı rezonans nəticəsində Ədliyyə Nazirliyi cinayət təhqiqatının aparılması üçün xüsusi prokuror təyin edib.

Konqresin Kəşfiyyat Komitəsinin vəzifəli demokrat üzvü Mark Warner deyib ki, sözü gedən görüş Trump kampaniyasının vəzifəli üzvlərinin rusiyalılarla əlaqədə olduğunu göstərən ilk aydın dəlildir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG