ABŞ prezidenti Donald TrumpHamburqda G20 sammiti zamanı rusiyalı həmkarı Vladimir Putin-lə «gizli görüşməsi» haqda yayılanları «saxta xəbərlər» adlandırıb. Trump bu barədə iyulun 19-da öz tvitter hesabında yazıb. Bildirib ki, mətbuata öncədən də bəlli idi ki, Almaniya kansleri Angela Merkel G20 liderlərini xanımları ilə birgə nahara dəvət edib.
İyulun 7-i nahar zamanı Putinlə Trump arasında qeyri-rəsmi söhbətin olması barədə məlumatı amerikalı politoloq Ian Bremmer yayıb. Bildirib ki, söhbətdə yalnız Putinin tərcüməçisi iştirak edib, Ağ Evin tərcüməçisi orada olmayıb. Politoloq bunu protokol pozuntusu adlandırıb. Qeyri-rəsmi görüşün olmasını sonradan ABŞ prezidenti yanında milli təhlükəsizlik Şurasından da təsdiqləyiblər. Trump administrasiyasından «Reuters»ə deyiblər ki, söhbət sadəcə qısa danışıqdan gedir, ikinci bir görüşdən yox.
G20 sammiti zamanı ABŞ və Rusiya liderləri arasında rəsmi görüş iyulun 7-də baş tutub və iki saatdan çox çəkib. Tərəflər Ukraynanın şərqində münaqişə, Suriyada müharibə, o cümlədən terrorizm və kibertəhlükəsizliklə bağlı danışıblar. Trump Putinlə görüşü «məftunedici» adlandırıb. ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib ki, görüşdə ABŞ prezidenti ötən il Amerikada prezident seçkisinə Rusiyanın müdaxiləsi məsələsini də qaldırıb. Putin Amerikanın seçki sisteminə kiberhücumda Moskvanın əli olmasını inkar edib.