Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:58

Trump ‘süni neft bahalığını’ tənqid edir


CNBC saytı yazır ki, prezident Donald Trump-ın aprelin 20-də OPEC-i neftin qiymətini süni şəkildə qaldırdığına görə tənqid etməsi investorlar üçün gözlənilməz olub.

Trump-ın tvitində deyilir: “Belə görünür ki, OPEC yenə də köhnə xasiyyətini göstərir. Hər yerdə, dənizlərdəki dolu tankerlər də daxil, rekord həcmlərdə neft olduğu halda neftin süni qiymətləri ÇOX YÜKSƏKDİR! Bu yaxşı deyil və qeyri-məqbuldur”.

CNBC yazır ki, Trump-ın bu tvitinin ardınca neft qiymətləri 1 faiz düşüb. Saytın yazdığına görə buna baxmayaraq neft təhlilçiləri prezidentin tvitini diqqətlə analiz ediblər.

"Deyəsən OPEC yenə də köhnə xasiyyətini göstərir…”

OPEC Rusiya ilə bağladığı sazişə görə 2016-cı ilin sonlarında neft hasilatını günə 1, 8 milyon barrel ixtisar edib. Bundan məqsəd barreli 26 dollara düşmüş neftin qiymətini artırmaq idi.

OPEC-in ən böyük hasilatçısı Səudiyyə Ərəbistanı əvvəlcə qiymətin düşməsindən razı idi və hətta hesab edirdi ki, bu, Amerika neftinin rəqabətə dözməyərək bazardan çıxmasına səbəb olacaq.

Bunun əksinə Amerika neftçiləri çıxarılan xammalın maya dəyərini aşağı saldılar və hasilatı artırmaqda davam etdilər.

CNBC yazır ki, neft qiymətlərinin aşağı olması ABŞ-ın neftdən asılı olan ştatlarının gəlirlərini azaltdı, 200-dək ABŞ enerji şirkəti müflisləşdi, 100 minlərlə iş yerləri bağlandı.

Doğrudan da bazar ağzınadək doludurmu?

Təhlilçilər bu suala həm “hə”, həm də “yox” cavabını verirlər.

ABŞ neft hasilatını son illərdə rekord həddə - günə 10 milyon barrel səviyyəsinə qaldırıb. Lakin Səudiyyə başda olmaqla OPEC hasilatın səviyyəsini azaltmaq siyasətini davam etdirib.

OPEC-in bu siyasəti dünya boyunca neft anbarlarındakı neftin həcmlərini endirib. OPEC-in məqsədi inkişaf etmiş ölkələrdə neft ehtiyatlarını orta hesabla 5 illik səviyyəyə endirməkdir.

Ötən fevralda həmin anbarlardakı neftin səviyyəsi OPEC istəyəndən 30 milyon barrel çox idi. O vaxtdan bəri anbarlardakı neft azalır.

“Dənizdəki tankerlər doludur” nə deməkdir?

Trump bunu deyərkən bir neçə məsələni nəzərdə tuta bilərdi, amma onun bu yanaşması yanlışdır.

Əslində dənizlə daşınan neftin həcmləri bu il düşərək 48 milyon barrel olub. Ötən ay gəmilərə doldurulan neftin həcmi orta hesabla günə 50 milyon barrel idi. Bu isə ötən ilin iyulunda olduğundan iki milyon barrel azdır.

Neft tacirləri xammalı üzən tankerlərdə də saxlayırlar, lakin burada da həcmlər 25 faiz azalıb.

Neft qiymətləri “süni şəkildə çox yüksəkdirmi?”

Bu mübahisəli məsələdir. Ola bilsin Trump-ı son günlərdə Səudiyyənin neft qiymətlərini 80-100 dollara çatdırmaq niyyətinə dair xəbərlər qəzəbləndirib. Səudiyyə Ərəbistanına özünün Aramco şirkətini satışa bu qiymətlər şəraitində çıxarmaq əl verir.

CNBC yazır ki, neft qiymətlərinin artmasında ən azı qismən Trump-ın öz siyasətləri də rol oynayıb. Onun Suriyaya raket zərbələri endirmək qərarı Yaxın Şərqdə gərginliyi artırıb. Onun İrana qarşı sansksiyaları yenidən tətbiq etmək hədəsi də qiymətləri üzüyuxarı qaldırıb.

OPEC-in qiymətləri artırması “yaxşı deyil”

Baxır kim üçün.

Neft qiymətlərinin qalxması təbiidir ki, neft ölkələri üçün müsbət hadisədir. Əksinə inkişaf etmiş istehlakçı ölkələrdə qiymət qalxması yaxşı bir hal sayılmır. Neft qiymətlərinin qalxması yanacaq məntəqələrində benzin və dizelin qiymətinin artması deməkdir.

Lakin həm istehlakçı, həm də istehsalçılar üçün xeyirli olan - qiymət sabitliyidir.

OPEC-in hərəkəti “qeyri-məqbuldur?”

Trump bunu desə də, əlindən nə gəlir? Əksər neft hasil edən ölkələrdən fərqli olaraq ABŞ-da prezident neft şirkətlərinə göstəriş verə bilməz. Bu o deməkdir ki, Trump Amerika neftçilərindən bazarı xammalda boğmaq əmri vermək iqtidarında deyil. Amerika neftçiləri onsuz da hazırda rekord həcmlərdə neft hasil edirlər.

Lakin ABŞ prezidentinin əlində hər halda bir neft aləti var. O Strateji Neft Ehtiyatları Fonduna nəzarət edir.

Fövqəladə vəziyyətlər üçün nəzərdə tutulmuş bu fondda hazırda 665, 5 milyon barrel neft var.

Hökumətlər bəzən gəlirləri artırmaq üçün bu fonddan neft satırlar. Lakin prezidentin bu fonddan siyasi hədə üçün istifadə etməsi misli görünməmiş hadisə olardı.

XS
SM
MD
LG