Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 04:49

Qərb qəzetləri Donald Trump-ın ikinci qadağasının da ləğv olunmasından yazır.

ABŞ prezidentinin müsəlmanların ölkəyə girişini yasaqlayan sərəncamı bu gün – martın 16-da qüvvəyə minməli idi. Amma günün başlamasına cəmi bir neçə saat qalmış Havay Federal Məhkəməsi qadağanın dondurulmasına qərar verib. Federal hakim Derrick Watson deyib ki, prezidentin sərəncamı konstitusiyaya uyğun deyil və Havay ştatına, onun vətəndaşlarına ziyan vura bilər.

«BU, TƏK MƏNLİK DEYİL»

D.Trump hakimin səlahiyyətlərini aşdığını, Birləşmiş Ştatları zəif görünməyə vadar edən siyasi qərar verdiyini deyib. «Bu, tək mənlik deyil, başqa prezidentlər də olacaq. Biz prezidentlər bəzən ölkənin təhlükəsizliyi naminə belə qərarlar veririk, verməli oluruq». CNN prezidentin Tennessi ştatındakı çıxışından sitat gətirir. D.Trump yolundan dönməyəcəyinə, lazım gəlsə, Ali Məhkəməyə müraciət edəcəyinə söz verib. Hətta birinci sərəncamına qayıtmaq arzusunda olduğunu bildirib.

D.Trump-ın martın 6-da imzaladığı sərəncama görə, 6 müsəlman ölkəsindən – İran, Suriya, Somali, Yəmən, Sudan və Liviyadan olan miqrantların, eləcə də səyahətçilərin ABŞ-a girişi müvəqqəti yasaqlanır. Yanvarda imzalanan siyahıda İraqın da adı vardı, həm də qadağa daha sərt idi, «yaşıl kart»ı və vizası olanlara da aid idi. Birinci sərəncamı da Federal Məhkəmə əngəlləmişdi.

«QƏRAR DÜZGÜN ƏSASLANDIRILMAYIB»

Birləşmiş Ştatların Ədliyyə Nazirliyi prezidentin qərarını müdafiə edəcəyini bildirib. «Baş Prokurorluq federal məhkəmənin qərarıyla qəti razı deyil. Qərar düzgün əsaslandırılmayıb, mətni də qənaətbəxş deyil», – nazirliyin gecəylə yaydığı bəyanatda belə deyilir. Ədliyyə Nazirliyi «xalqın təhlükəsizliyinə çalışan prezident»in qərarının onun səlahiyyətlərinə uyğun olduğunu vurğulayıb.

Xatırladaq ki, əvvəlki ədliyyə naziri Sally Yates D.Trump-ın müsəlman miqrantlarla bağlı qərarına qarşı çıxdığına görə cəzalandırılaraq, vəzifəsindən azad edilmişdi. Xanım S.Yates bu qadağanın qanuniliyinə şübhə etdiyini, məhkəmədə prezidentin qərarını müdafiə etməyəcəyini söyləmişdi.

«The Washington Post» qəzeti Havay məhkəməsi hakiminin son sözə sahib olmadığını, qadağanı müraciətlərə əsasən, müvəqqəti dayandırdığını qeyd edir. Qəzet Ədliyyə Nazirliyinin qərardan şikayət etmək, məsələni uzatmaq imkanı olduğunu vurğulayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG