Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:56

Trump-ın yeni İran strategiyası: tənqid edənlər və alqışlayanlar


Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini deyib ki, İranla saziş "qüvvədədir və qüvvədə qalacaq..."

ABŞ prezidenti Donald Trump-ın İranla dünya gücləri arasında 2015-ci ildə imzalanmış sazişə son qoyacağı barədə xəbərdarlığının dərhal ardınca İran, Rusiya və Avropa İttifaqı bu razılaşmanı müdafiə etdiklərini bildiriblər.

Trump oktyabrın 13-də Vaşinqtonda etdiyi çıxışında İranın nüvə sazişinin şərtlərinə əməl etməsinə dair şəhadətnaməni imzalamayacağını bildirib, halbuki BMT-nin Atom Enerjisi Agentliyi Tehranın saziş üzrə öhdəliklərinə riayət etdiyini təsdiqləyir.

Respublikaçı prezident bu məsələyə baxılmasını ABŞ Konqresinin üzərinə qoyub. Beləliklə indi Konqres 60 gün ərzində İran üzərinə sanksiyaların bərpa edilib-edilməməsi barədə qərar qəbul etməlidir.

Trump deyib ki, “əgər biz Konqres və müttəfiqlərimizlə birgə həll yolu əldə edə bilməsək bu saziş dayandırılacaq”.

Reuters yazır ki, Trump-ın bu qərarı Birləşmiş Ştatları dünya səhnəsində müəyyən mənada təcrid olunmuş vəziyyətdə qoyur. Onun İslam Keşikçiləri Korpusuna qarşı addımlar da daxil İrana münasibətdə yeni davakar mövqeyi yalnız İsrail və Səudiyyə Ərəbistanı kimi Körfəz ölkələri tərəfindən dəstəklənib.

İran prezidenti Həsən Ruhani deyib ki, bu saziş ölkənin milli maraqlarına xidmət etdikcə Tehran ona sadiq qalacaq.

İran prezidenti Həsən Ruhani deyib ki, Tehran nüvə sazişinə sadiq qalacaq
İran prezidenti Həsən Ruhani deyib ki, Tehran nüvə sazişinə sadiq qalacaq

Ruhani bildirib ki, Trump-ın sazişi təsdiqləməkdən imtina etməsi Birləşmiş Ştatları təkləyir, çünki razılaşmanı imzalamış bütün başqa tərəflər ona sadiq olduqlarını bəyan ediblər.

İran prezidenti habelə bəyan edib ki, saziş yenidən danışıqlar mövzusu ola bilməz.

Reuters bildirir ki, Trump-ın mövqeyi ABŞ-ı onun yaxın müttəfiqləri Britaniya, Fransa və Almaniya, habelə rəqibləri Rusiya və Çinlə üzbəüz qoyur.

Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini deyib ki, Vaşinqton təkbaşına bu razılaşmanı ləğv edə bilməz.

Federica Mogherini Brüsseldə jurnalistlərin qarşısında bəyan edib: “Biz beynəlxalq icma kimi işlək bir nüvə sazişinin sökülməsinə yol verə bilmərik. Bu razılaşma ikitərəfli saziş deyil. Beynəlxalq birlik və onunla yanaşı Avropa İttifaqı aydın şəkildə bildirib ki, bu razılaşma qüvvədədir və qüvvədə qalmaqda davam edəcək”.

Britaniya, Fransa və Almaniya birgə bəyanatla Birləşmiş Ştatları sanksiyaların bərpası kimi nüvə sazişinə ziyan vura biləcək addımlardan çəkinməyə çağırıb.

Bununla yanaşı, London, Paris və Berlin İranın ballistik raket proqramı və onun Yaxın Şərqdəki davranışı ilə bağlı Vaşinqtonun narahatlığını bölüşdüklərini bildirib.

Fransa prezidentinin sözçüsü deyib ki, Emmanuel Macron iranlı həmkarı Ruhani ilə telefon söhbətində Parisin nüvə sazişinə sadiq qaldığını təsdiqləyib, lakin Tehranı bu sazişə son dərəcə dəqiq əməl etməyə çağırıb.

Emmanuel Macron
Emmanuel Macron

Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, beynəlxalq diplomatiyada hədə və aqressiv ritorikaya yer yoxdur. Nazirlik bildirib ki, belə metodlar iflasa məhkumdur.

Rusiya bunu da bəyan edib ki, Trump-ın sazişi təsdiqləməkdən imtina etməsi onun icrasına heç bir şəkildə təsir etməyəcək, lakin razılaşmanın ruhuna zidd hərəkətdir.

Çindən rəsmi açıqlama olmasa da, Rusiya parlamentində hakim partiyadan millət vəkili Aleksey Puşkov deyib ki, nə Moskva, nə də Pekin Trump-ın mövqeyini qəbul etmirlər.

BMT-nin nüvə nəzarətçisi - Beynəlxalq Atom Enerjisi Agentliyi bəyan edib ki, İran, rəsmi adı Birgə Hərtərəfli Hərəkət Planı olan sazişin şərtlətrinə əməl edir.

BMT-nin keçmiş baş katibi Ban Ki-moon baş verənlərdən təəsüfünü bildirib və deyib ki, bu, olduqca mühüm sazişdir.

Trump-ın İran siyasəti barədə açıqlamaları İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn tərəfindən qızğın dəstəklənib. Bu ölkələr Yaxın Şərqdə İranın nüfuz ekspansiyasını təhlükə hesab edirlər.

İsrailin baş naziri Benjamin Netanyahu deyib ki, prezident Trump-ın “bu pis sazişi qaydaya salacağına” inanır.

İsrail baş naziri Benjamin Netanyahu Trump-ın İran siyasətini alqışlayıb
İsrail baş naziri Benjamin Netanyahu Trump-ın İran siyasətini alqışlayıb

Körfəz ölkələrinin bəyantında nüvə sazişindən çox, ümumilikdə Trump-ın İran siyasətinin təqdirinə diqqət yetirilib.

Səudiyyə Ərəbistanı Trump-ın İrana dair “qətiyyətli strategiyasını” alqışlayıb və bildirib ki, sanksiyaların qaldırılması Tehrana ballistik raket proqramı yaratmaq, Hezbollah və Yəmən hutiləri kimi ekstremist qruplara dəstəyini artırmaq imkanı verib.

Bununla yanaşı Riyad bildirib ki, nüvə sazişinə qarşı deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG