Keçid linkləri

2017, 18 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:37

Trump-dan da varlı dövlət başçıları var


Donald Trump və Mohammed bin Salman

Dünən – martın 14-də ABŞ prezidenti Donald Trump Səudiyyə Ərəbistanının gələcək kralı, şahzadə Mohammed bin Salman-la görüşüb. Rəsmilər, yəqin ki, Yaxın Şərq məsələsi və terror təhlükəsini, neft bazarında baş verənləri müzakirə ediblər. Ancaq «The Washington Post» qəzeti diqqəti şahzadənin əfsanəvi var dövlətinə, D.Trump-ınsa var-dövlət və təmtəraq hərisliyinə çəkir, bu görüşün prezident üçün həm də özündən varlı adamla görüşdüyünə görə maraqlı ola biləcəyini yazır.

506 TONLUQ YÜK

Səudiyyə kralının çox varlı olduğunu bilməyən yoxdur. Kral Salman bu yaxınlarda, deyilənə görə, Asiyaya səfər edərkən özüylə 506 tonluq yük aparıb. Onun təyyarəsinə iki limuzin, iki lift və 1500 nəfərlik nümayəndə heyəti mindirdiyini danışırlar. Üstəlik, kralın Maldiv Adalarının bir hissəsini almağa çalışdığı, bundan ötrü milyardlarla dollar xərcləmək niyyəti haqda şayiələr gəzir. «The Washington Post» kralın 8.7 milyard dollarlıq var-dövləti olan D.Trump-dan qat-qat varlı olduğunu, amma bütün digər krallar, eləcə də bəzi iş adamları kimi, bu haqda bilgiləri açıqlamadığını vurğulayır.

Elə D.Trump özü də sərvəti haqda tam məlumat vermir.

Dövlət başçılarının sərvətinin miqdarını açıqlamamasının səbəbi nədir?

Qəzet yazır ki, dövlət başçılarının sərvətinin dəyərini hesablamaq müşkül məsələdir və buna səbəb çox vaxt onların öz varını başçılıq etdikləri ölkənin varından ayırmağın çətin olmasıdır.

«Amma bəzən məlumatlar sızır», – deyə müəllif orda-burda yazılanlara əsasən ABŞ prezidentindən varlı dövlət başçılarını müəyyən etməyə çalışır.

Bhumibol Adulyadej
Bhumibol Adulyadej

KRAL VƏ SULTAN AİLƏLƏRİ

Faktlar göstərir ki, varlılar, əsasən, kral və ya sultan ailələrinin övladları, yəni sülalənin tarixi sərvətlərinə sahiblənmiş liderlərdir. «Forbes» jurnalının 2011-ci ildə apardığı araşdırma üzə çıxarıb ki, dövlət başçıları arasında ən varlı şəxs Tailand kralı Bhumibol Adulyadej-dir. 2011-ci ildə onun 30 milyard dollardan çox pulu varmış. (Bhumibol artıq vəfat edib, sərvəti də, yəqin ki, oğlunun – indiki kral Maha Vajiralongkorn-un ixtiyarındadır).

Bruney sultanı Hassanal Bolkiah-ın, «Forbes»un yenə 2011-ci ildə yazdığına görə, 20 milyard dolları varmış. Əbu-Dabi əmiri Khalifa bin Zayed bin Sultan Al Nahyan-ın 15 milyard dollar, Dubay əmiri Mohammed bin Rashid Al Maktoum-un da bir o qədər pulu var.

Amma kral ailəsindən olmasa da, sərvəti kralların sərvətinə bərabər prezidentlər var. Qəzet onların, əsasən, avtoritar rejimlərə başçılıq etdiyini, sərvətləri haqda bilgiləri gizli saxlamağa çalışdıqlarını vurğulayır. «The Guardian» qəzetinin 2012-ci ildə yazdığı bir məqalədə Suriya prezidenti Bashar al-Assad-in 1.5 milyard dollara sahib olduğu deyilirdi. Müəllif ölkədə dövlətlə bağlılığı olan əmlaklar da nəzərə alınsa, Assad-ın əslində daha çox sərvətinin ortaya çıxa biləcəyini qeyd edir, hərçənd 2012-ci ildən –Suriyada vətəndaş müharibəsi başlayandan Assad-ın sərvətinin miqdarının hansı yöndə dəyişdiyi bəlli deyil.

V.Putin
V.Putin

RUSİYA, ÇİN VƏ AZƏRBAYCAN LİDERLƏRİ

«D.Trump Bashar al-Assad-la yaxın günlərdə, yəqin ki, görüşməyəcək. Amma Rusiya prezidenti Vladimir Putin-lə görüş gündəlikdə ola bilər», – deyə «The Washington Post» diqqəti V.Putin-in var-dövləti haqda deyilənlərə çəkir. Qəzetin yazdığına görə, 2015-ci ildə dərc edilən qiymətləndirmələrdən birində V.Putin-in var-dövlətinin 200 milyard dollar civarında olduğu deyilib. Bu məlumatın nə qədər doğru olduğunu kimsə bilmir, amma 16 ildir Rusiya kimi nəhəng ölkəyə başçılıq edən şəxsin çox zəngin həyat yaşadığı aydındır. Rusiyalı dissidentlərin 2012-ci ildə hazırladığı hesabatda V.Putin-nin dəyəri 1 milyard dollar olan 43 təyyarəyə yiyələndiyi deyilirmiş.

«Bloomberg» agentliyi 2012-ci ildə Çin prezidenti Xi Jinping-in yaxınlarının müxtəlif hesablarda milyonlarla dollar saxladığını, «The New York Times» isə Çinin baş naziri Wen Jiabao-nun ailə üzvlərinin 2.7 milyard dollarlıq hesabı olduğunu yazmışdı. Çin hökuməti dəqiq rəqəmləri nəinki açıqlamadı, hətta hər iki qəzeti yazılarına görə kəskin tənqid etdi.

«Panama sənədləri» keçən il Azərbaycan prezidenti İlham Əliyevin də ofşor hesablarda 490 milyon dollarlıq sərvətini, Əliyevlər ailəsinin dünyanın ən məxfi ofşor ərazilərində qeydiyyatdan keçirilmiş şirkətlər şəbəkəsi vasitəsilə ölkənin zəngin qızıl, gümüş və mis yataqlarına nəzarətə sahibləndiyini üzə çıxarmışdı. Prezident və ailə üzvləri, ya da dövlət rəsmiləri bu sənədlər haqda deyilənləri şərh etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG