Keçid linkləri

2017, 21 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:21

Trump 'Rusiya təhqiqatını' aparan FTB-nin direktorunu vəzifəsindən kənarlaşdırdı


FTB-nin direktoru James Comey vəzifəsindən kənarlaşdırlıb

ABŞ prezidenti Donald Trump mayın 9-da gözlənilməz addım ataraq FTB-nin direktoru James Comey-ni vəzifəsindən kənarlaşdırıb. Cənab Comey-nin idarəsi Trump-ın seçki kampaniyası ilə Rusiya arasında mümkün bağları araşdırır.

Prezident öz qərarını Comey-nin ötən il Hillary Clinton-un e-mailləri ilə bağlı təhqiqatı düzgün aparmaması ilə izah edib və bildirib ki, Comey işdən baş prokuror Jeff Sessions və onun müavini Rod Rosenstein-nin tövsiyəsi ilə azad olunub.

Trump Comey-ə yazdığı məktubda qeyd edir ki, “mən sizin, məni üç ayrı-ayrı halda təhqiqat altında olmadığım barədə məlumatlandırmanızı yüksək qiymətləndirsəm də, buna baxmayaraq Ədliyyə Nazirliyinin sizin Büroya rəhbərliyə qabil olmadığınız barədə qiymətləndirməsi ilə razılaşmalıyam”.

Prezident yazıb ki, FTB-yə bu mühüm hüquq-mühafizə orqanına ictimai etimadı bərpa edə biləcək rəhbərlik gətirilməlidir.

Trump bu addımı ilə əslində demokratlarla müttəfiq mövqedə görünsə də, demokrat konqresmenlər onun bu qərarını az qala yekdil şəkildə pisləyiblər.

Demokratlar Comey-nin Clinton emaillərinə dair təhqiqatı elan etməklə demokrat namizədin kampaniyasına zərbə vurmasından narazı olasalar da, onub vəzifəsindən çıxarılmasını “hiddət doğuran” və “niksonsayağı” adlandırıblar.

Comey cəmi bir neçə gün əvvəl FTB-nin Rusiyanın Trump-ın seçki kampaniyasına dəstəyini araşdırmasına dair Senat qarşısında ifadə vermişdi.

Senator Patrick Leahy deyib ki, Trump-ın bu hərəkəti prezident Richard Nixon-un vaxtında baş prokurorun vəzifəsindən azad olunmasını xatırladır. Uoterqeyt qalmaqalının araşdırılması tarixində prokurorun vəzifəsindən azad edilməsi “şənbə gecəsi qətliamı” kimi yadda qalıb.

Leahy deyib ki, elə Nixon da eynilə belə hərəkətə yol vermişdi.

Senatın demokrat azlığının lideri Charles Schumer deyib ki, Trump Comey-ni işdən çıxarmaqla “böyük səhvə” yol verib.

Senatdakı vəzifəli demokratlardan Richard Durbin deyib ki, Trump-ın Comey-nin vəzifədən çıxarılması ilə Rusiyaya dair təhqiqatı hər hansı şəkildə əngəlləmək cəhdi “ağır konstitusional nəticələrə” səbəb ola bilər.

Durbin Ağ Evi FTB-nin yeni liderliyinin Rusiyaya dair təhqiqatı aparıb-aparmayacağına dair dərhal bəyanat verməyə çağırıb.

Comey-nin vəzifəsindən kənarlaşdırılmasından əvvəl də Konqresdəki demokratlar Trump kampaniyasının Rusiya ilə əlaqələrinin araşdırılmasının xüsusi prokurora həvalə edilməsinə çağırırdılar.

Demokratlar deyirdilər ki, təhqiqatın Ağ Evin təyin etdiyi şəxsə verilməsi araşdırmanın müstəqiliyyini təmin edə bilməz.

Demokratların mövqeyi ilə azı bir respublikaçı senator razılaşıb. Senatın Silahlı Qüvvələr Komitəsinin sədri John McCain deyib ki, Rusiya təhqiqatının aparılması üçün “xüsusi komitənin” yaradılmasına ehtiyac var.

Lakin başqa respublikaçılar Trump-ın qərarı ilə razılaşmış kimi görünürlər. Senatdakı respublikaçı çoxluğun lideri Mitch McConnell vəd edib ki, Comey-nin yerinə yeni təyinat “dərhal” təsdiq olunacaq.

56 yaşlı Comey vəzifəsindən kənarlaşdırılan ikinci FTB rəhbəridir. FTB direktorları adətən bir dəfəyə - 10 illik müddətə təyin edilirlər.

Barack Obama onu FTB-yə rəhbər təyin edəndə, Comey həm respublikaçılar, həm də demokratlar arasında hörmət edilən şəxs sayılırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG