Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 14:30

ABŞ dövlət katibi Rex Tillerson Rusiyanın xarici işlər naziri Sergei Lavrov-la Nyu-Yorkda BMT Baş Assambleyasının açılış mərasimindən öncə görüşüblər. Rəsmi məlumata görə, əsas müzakirə mövzusu Ukraynayla Suriya olub.

ABŞ Dövlət Departamenti daha öncə bildirmişdi ki, Tillerson rusiyalı həmkarıyla görüşməkdən ötrü sentyabrın 17-də Rusiyanın BMT-dəki missiyasına gedəcək.

Departamentin sözçüsü Heather Nauert daha sonra bəyanatında qeyd edib ki, diplomatlar «bu axşam Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşüblər».

«Tərəflər Suriyada hərbi əməliyyatların tənzimlənməsi, zorakılığın azaldılması, Cenevrə prosesinin irəliləməsindən ötrü şəraitin yaradılmasına dair bir daha öhdəlik götürüblər», – o deyib.

TILLERSON JURNALİSTLƏRƏ DANIŞMAYIB

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova bildirib ki, görüşdə Suriyada və Ukraynanın şərqindəki münaqişə, eləcə də Yaxın Şərq məsələləri müzakirə olunub. Tillerson görüşdən çıxanda jurnalistlərin suallarını cavablandırmayıb.

Bu görüş ikitərəfli münasibətlərin gərgin olduğu bir dönəmə təsadüf edir. Tillerson bir müddət öncə deyirdi ki, Rusiya-ABŞ münasibətləri Soyuq müharibə dövründən bəri tarixən ən aşağı səviyyədədir.

ABŞ kəşfiyyat agentlikləri Rusiyanın ötən il Birləşmiş Ştatlarda prezident seçkisinə genişmiqyaslı müdaxilə etdiyini açıqlayandan sonra Vaşinqton Moskvaya sanksiyalar qoyub.

Rusiya Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra da sanksiyalar qoyulmuşdu.

Ukraynanın şərqində hökumət qüvvələri və rusiyapərəst separatçılarla münaqişədə 10 mindən çox ölən olub.

Dəməşqdə döyüşlər
Dəməşqdə döyüşlər

RUSİYA ZƏRBƏSİ

Son vaxtlar ölkənin şərqinə BMT sülhməramlılarının göndərilməsi müzakirə olunur. Ancaq Birləşmiş Ştatlarla Kiyev buna qarşı çıxır, çünki bu addımın ölkənin bölünməsini möhkəmləndirəcəyini düşünürlər.

Vaşinqtonla Moskvanın Suriyayla bağlı da mövqeyi haçalanır. Rusiya Suriya prezidenti Bashar al-Assad rejimini, ABŞ-sa hökumətə qarşı çıxan üsyançıları dəstəkləyir.

Rusiya ordusu sentyabrın 16-da Vaşinqtonun dəstəklədiyi qüvvələri vurub, bir neçə döyüşçü yaralanıb. «İslam Dövləti» (İŞİD) yaraqlıları ilə mübarizə aparan ABŞ koalisiyasının bu məlumatını Rusiya təkzib edib.

Cenevrədə BMT-nin sponsorluğu ilə Suriyada vətəndaş müharibəsinin siyasi həlli üzrə danışıqlar keçirilir. Qazaxıstanın paytaxtı Astanada isə Rusiya, İran və Türkiyənin sponsorluğuyla ayrıca danışıqlar aparılır.

TRUMP SESSİYADA ÇIXIŞ EDƏCƏK

Danışıqlarda Şimali Koreya böhranının müzakirə olunub-olunmadığı bəlli deyil. Pxenyan BMT qətnamələrinə baxmayaraq, nüvə silahı və ballistik raket sınaqlarını davam etdirib. ABŞ Rusiyayla Çini Pxenyana qarşı «birbaşa addım» atmağa çağırır, ancaq onlar buna qarşı çıxırlar.

Lavrov-un sentyabrın 21-də BMT Baş Assambleyasında çıxış edəcəyi gözlənir. Assambleya sentyabrın 25-dək davam edəcək.

Assambleyada Rusiya prezidenti Vladimir Putin-in iştirakı gözlənilmir. ABŞ prezidenti Donald Trump isə sentyabrın 19-da sessiyada çıxış edəcəyi gözlənir.

Azərbaycan prezidenti İlham Əliyev də Birinci vitse-prezident Mehriban Əliyevayla birlikdə sentyabrın 17-də Birləşmiş Ştatlara yollanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG