Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 13:20

Milli Məclisdə: ‘Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik yoxdur’


"Hazırda Azərbaycanda müalicəsi mümkün olmayan bir xəstəlik, patologiya yoxdur”.

AZƏRTAC-ın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin sentyabrın 25-də keçirilmiş toplantısında komitənin sədri, deputat Əhliman Əmiraslanov belə deyib.

Deputatın vurğulamasına görə, Azərbaycandakı texniki imkanlar şərait yaradır ki, bütün xəstəlikləri müalicə edək.

“Bəzən insanlar arasında düzgün təbliğat getmir. Xəstələri düzgün istiqamətləndirmək lazımdır. Hazırda tibb müəssisələri bütün müasir texnologiyalarla təmin olunub. Elə xəstəliklər var ki, tibb elmi onun qarşısında acizdir. Belə xəstələrdən isə istifadə etmək vicdansızlıqdır”, komitə sədri deyib.

Əhliman Əmiraslanov söyləyib ki, hazırda vərəm dünyanı ən çox narahat edən problemdir.

“Bu, böyük insan tələfatına səbəb olur. Bu məsələyə xüsusi diqqət yetiririk və gələcəkdə də yetirəcəyik”, deyən komitə sədri şəkərli diabet xəstəliyinin aktuallığını da qeyd edib. O, bildirib ki, icbari tibbi sığortaya keçməyi asanlaşdırmaqdan ötrü qanunvericiliyə dəyişikliklər edilməlidir.

Xatırlatma

Azərbaycanda 18 il əvvəl qəbul edilmiş «İcbari tibbi sığorta haqqında» Qanun 2 il əvəl pilot layihələr vasitəsilə işə düşüb.

İlkin olaraq Azərbaycanda icbari tibbi sığorta (İTS) sistemi pilot şəhər olaraq seçilən Mingəçevir və Yevlaxda tətbiq edilməyə başlayıb. Prezident İlham Əliyevin sərəncamına əsasən, 2018-ci ildən Yevlax və Mingəçevirdən əlavə, Ağdaş rayonunda da İTS üzrə pilot layihə həyata keçirilir. Bundan ötrü dövlət büdcəsindən 18.3 milyon manat ayrılıb

Bir çox mütəxəssislər Azərbaycanda tətbiq edilən icbari tibbi sığorta sistemindən narazılıq edirlər. Onlar bir sıra xəstəliklərin müayinə və müalicəsinin icbari tibbi sığorta paketinə daxil edilməməsini doğru saymırlar. Söhbət onkoloji, şəkərli diabet və başqa bəzi xəstəlikdən gedir.

Üstəlik, bir sıra ekspertlər də iddia edirlər ki, Azərbaycanda rəsmən pulsuz olsa da, reallıqda tibbi xidmət baha və keyfiyyətsizdir.

Onların fikrincə, bu səbəbədən tibbi müayinə və müalicəyə ehtiyacı olan on minlərlə insan hər il İrana, Türkiyəyə, Avropa ölkələrinə üz tutmalı olur.

XS
SM
MD
LG