Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:22

Cavan yazıçıların cəbhədə baş verənlərə münasibəti [sorğu]


-


Şərif Ağayar: "Müharibə istəmirəm. Amma həm də istəyirəm ki, mənə fikir verməsinlər"

Şərif Ağayar
Şərif Ağayar

- Bir yazıçı kimi qoşunların təmas xəttində baş verənlərə münasibətiniz necədir?

- Sualınızda “Bir yazıçı kimi” ifadəsi varsa, cavaba biraz müdaxilə edirsiniz sanki. Bir yazıçı necə müharibə istəyər ki?! Məncə, istəməz.

Ancaq həyat gerçəklikləri çox vaxt yazıçının istəyindən asılı olmur. Azərbaycanın indiki durumu da, məncə, yazıçılıq deyil. Evinə müdaxilə olunubsa, atanı-qardaşını öldürüblərsə, ananı-bacını zorlayıb əsir aparıblarsa, səni doğma yurd-yuvandan didərgin salıblarsa və bu günahı heç cür etiraf edib peşman olmurlarsa, əksinə, doğru etdiklərini düşünürlərsə, israrlıdırsa, sülhdən, qardaşlıqdan danışmaq axmaqlıqdır. Gəlin bu məsələdə yazıçı olmayaq. Yazıçılıq lazım olan yerlərdə yazıçı olsaq, kifayətdir.

- Hərbi əməliyyatın davam edib müharibəyə çevrilməsini istərdiniz, yoxsa sülhün bərpa olunmasını?

- Mənim üçün çətin sualdır. Müharibə istəmirəm. Bu, qəti şəkildə belədir. Amma həm də istəyirəm ki, mənə fikir verməsinlər. Başqa bir məsələ də var: Qarabağ konfliktinin nə sülh, nə də müharibə ilə həllini görürəm. Çünki bu konflikt bizimlə ermənilərdən asılı olan məsələ deyil və Azərbaycan-Ermənistan çərçivəsində həll oluna bilməz. Əgər buna əminəmsə, demək, müharibəni də istəmirəm. Bəs çıxış yolu nədir? Məncə, hələlik, çıxış yolu yoxdur.

Murad Köhnəqala: "Güclü həmlələr olan kimi onlar özlərinə yad olan torpaqları qoyub qaçacaqlar"

Murad Köhnəqala
Murad Köhnəqala

- Son olaylar həm də onu göstərdi ki, Ermənistan ordusu ilə müqayisədə Azərbaycan ordusu daha hazırlıqlı və güclüdür.

Təmas xəttinə yerləşdirilmiş separatçı erməni qüvvəsi qarşımızda günahkar olduğuna görə heç vaxt köklü şəkildə duruş gətirməyəcək. Azərbaycan tərəfindən güclü həmlələr olan kimi onlar özlərinə yad olan torpaqları qoyub qaçacaqlar.

Torpaqlarımızın azad olunması prosesi xarici siyasətimizin, bizi dəstəkləyən güclü dövlətlərin və beynəlxalq təşkilatların müşayiətilə həyata keçirilsə, daha mötəbər olardı. Belədə, həm Ermənistanın arxası sayılan Rusiya keyiyər, həm də itkilərimiz az olardı.

Rasim Qaraca: "İndi belə çıxır ki, biz Rusiyayla savaşa başlamışıq"

Rasim Qaraca
Rasim Qaraca

- Hər kəs bilir ki, Ermənistanın arxasında Rusiya dayanır. İndi belə çıxır ki, biz Rusiyayla savaşa başlamışıq. İtkilərimiz çox ola bilər. Məncə, problem diplomatik yolla həll olunmalıdır.

Əsgərlərimizin uğrunda öldükləri torpaq üzərilərinə tökülən torpağa dəyməz...

Bu kiçik qələbənin axırıncı bombası manatın başında partlayacaq kimi gəlir mənə...

Qan Turalı: "Bizim qəlbimiz daşdırmı? Çox təəssüf! Lakin nə etməli?!"

Qan Turalı
Qan Turalı

- Bəşər hələ o qədər kamil deyil və bəşəriyyətin qələbələri də çox təəssüf ki, düşünən, sevən, ağrı çəkən İnsanın tələfatı ilə şərtlənir. Haqq yolunda, azadlıq yolunda həlak olub günəşə gömülən insanların xatirəsi daim bizim ürəyimizdə yaşayır. 20 milyon itki olmasaydı, Nasist Almaniya dünyaya hakim olacaqdı və bizi çox biabırçı bir gələcəkdə yaşamaq məcburiyyətində qalacaqdıq. Bu biabırçılıq böyük qurbanlar hesabına gerçəkləşmədi.

Dağlıq Qarabağ savaşında da biz hələlik məğlub duruma düşmüşük. Məğlub insanın da humanizmdən və pasifizmdən danışması gülüncdür. Torpaq ermənidə, sən sülhdən danışırsan. Torpaq itirəndən sonra onun adı sülh olmur, başqa şey olur. Əlbəttə, ölən ermənilər də sadə, kasıb xalqın nümayəndələridir. Çox təəssüf ki, Xeyrin qələbəsi belə qurbanlar hesabına başa gəlir. Bunu yazmaq mənim üçün asan deyil, çünki burda ölən insandır, onun yaxınları əzab çəkir, həyatları cəhənnəmə dönür, burda insan ölür, insan. Bizim qəlbimiz daşdırmı? Çox təəssüf! Lakin nə etməli?

Realist olmaq lazımdır. İndi müharibə filan da getmir, qısamüddətli hərbi əməliyyatlardır. Və bu qısamüddətli əməliyyatlar belə bizdən rasional olmağı tələb edir. Şovinist qonşularımız etnik təmizləmə, hər cür müharibə cinayətləri, mülki əhaliyə qarşı amansız soyqırım siyasəti aparmaqla nə dialoqa, nə diplomatiyaya, nə də sülhə yer qoyublar. Derjavanın əlində oyuncağa çevrilən bu ölkə ilə XXI əsrin idealları, mənəviyyatı, ruhu çərçivəsində hər hansı bir ünsiyyət mümkünsüz bir şeyə çevrilib.

Seymur Baycan: "Qorxaq olub sülh istəmək, qəhrəman olub müharibə istəməkdən daha yaxşıdır"

Seymur Baycan
Seymur Baycan

​- İyirmi ildən artıqdır müxtəlif şəhərlərdə müxtəlif ölkələrdə sülhə çağırış, xalqları barışdırmaq mövzusunda seminarlar, konfranslar, görüşlər keçirilib. Nə qədər adam bu mövzuların sayəsində şəhərlər gəzib, otellərdə dincəlib, restornlarda yeyib-içib, tolerantlıq teatrı göstərib. Hanı bu adamlar? Bəs o tədbirlərdə danışdıqları nə idi? Deməli, onlar səmimi olmayıblar. Sadəcə şəhərləri gəzmək, restoranlarda yeyib-içmək üçün artistlik edib sülhməramlı insan rolunu oynayıblar.

Bəs özünü müxalifətçi hesab edənlər? Biri deyir, dayanmaq olmaz, yalnız irəli, o birisi deyir, fəaliyyətimizi dondurmağa, hökuməti dəstəkləməyə hazırıq. Belə çıxır ki, bunlar hakimiyyətə yarınmaq üçün elə fürsət axtarırmışlar. Demirdiniz, bu hakimiyyətlə, bu orduyla, bu idarəetmə ilə heç nə etmək olmaz? Bəs onda irəli necə gedəcəksiniz?!Hakimiyyətə yarınmaq üçün böyük və çox əlverişli bir fürsət yaranıb. Çox adam da bu fürsəti qaçırmaq istəmir. Bu iki-üç gündə xeyli insan öz həqiqi mahiyyətini ortaya qoydu...

...Müharibənin heç bir romantikası yoxdur, ola da bilməz. Mən müharibəyə münasbətimi "Quqark" romanında ortaya qoymuşam. Yeniyetmələr, gənclər müharibə haqqında iştahla danışanda mən onlara həm gülürəm, həm də yazığım gəlir. Yaxınlarımdan biri məndən soruşdu: “Axı onlar senin evini dağıdıb, sən onlarla necə sülhdən danışa bilərsən?” Sonra açıq dedi: “Mən müharibədən qorxuram və buna görə pasifist olmuşam”.

Bəli, mən qəhraman deyiləm. Mənim üçün qorxaq olub sülh istəmək, qəhrəman olub müharibə istəməkdən daha yaxşıdır. Qoy hamı mənə qorxaq desin, mən bu sözü qəbul edirəm.

Yalnız sülhə çağıran, məhəbbətə xidmət edən ağıl qiymətlidir.

Fikir vermişəm, demək olar bütün pasifistlərin vətəndaş mövqeyi var - bizlərdə buna malik olmaq çətin məsələdir. Qoy mən qorxaq olum, bu ölkədəki vəziyyəti dəyişmir, banal və sadə olan reallığa təsir etmir. Bütün bu hərbi marşlar, vətən haqqında danışılan nağıllar, yazılan şeirlər – bunların hamısı bizim yaşadığımız faciələrin dekorasiyalarıdır.

Vətənimizdə varlılar kef edir, səngərlərdə isə ancaq kasıbların uşaqları öldürülür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG