Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:38

Həlak olan əsgər atası: 'Mənim uşağım getdi…Varlıların uşağı evdə yatırdı'


“Mənim uşağım getdi. O, posta qalxıb gözünün arasına çöp qoyub zülmət gecədə keşik çəkirdi, varlıların uşağı da evdə yatırdı”.

“Tək oğullar əsgər getməsinlər”

Ağstafanın Qıraq Kəsəmən kəndindən olan əsgər Adil Tatarovun hərbi xidmət zamanı həlak olması bu məsələni bir daha gündəmə gətirdi. Amma təxminən 10 il qabaq qanunvericiliyə dəyişiklik edən deputatlar bir addım belə geri atmaq niyyətində deyillər.

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev AzadlıqRadiosuna deyir ki, bu, zərərli tendensiya yarada, demoqrafik artıma mənfi təsir göstərə bilər. Başqa sözlərlə belədə ailələr ikinci oğlan uşağının dünyaya gəlməsini istəməyə bilərlər.

Həlak olan əsgər atası: “Tək oğullar posta qalxmamalıdır”

“Tək oğullar əsgər getməlidir, amma posta qalxmamalıdır. Tək uşaq niyə posta qalxmalıdır? Mənim uşağım getdi. O, posta qalxıb gözünün arasına çöp qoyub zülmət gecədə keşik çəkirdi, varlıların uşağı da evdə yatırdı” - Saatlının Heydərabad kənd sakini, yeddi ay öncə oğlu Cabbar Zeynalov cəbhə xəttində həlak olan Firudin Zeynalov deyir. O, fikrini belə davam etdirir:

“Mənim uşağım tək oğul idi. Gedən gündən postda idi. Deyirdi ki, gözümü aralayıram, çöp qoyuram ki, yuxum gəlməsin, ayıq olum. Mənim uşağım getdi. Bir adam maraqlanmır. İcra hakimiyyətindən on dəfə xahiş etmişəm ki, adını məktəbə qoyun. Deyir ki, o şey yığışdırılıb. Necə yığışdırılıb? Bu uşaq vətən yolunda can qoyub. Bunun adı yaşamalıdır, heç olmasa. Mən onunla nəfəs alırdım. Uşağım öldü, mən də qaldım başıma döyə-döyə. Mənim bir ümidim o idi, mənim ürəyim o idi. O da gedəndən sonra qalmışam tənha”.

Firudin Zeynalovun həyat yoldaşı xəstədir, oğlu həlak olandan sonra ananın yorğan-döşəyə düşdüyünü söyləyir.

Deputat: “Ailələr tək övlada üstünlük verəcəklər”

İndi də gələk deputat Fərəc Quliyevin fikirlərinə:

“Mən müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüyəm. Dəfələrlə bu məsələni orda müzakirə etmişik. Bu məsələdə belə qərara gəldik ki, tək övladların əsgərliyə aparılmaması zərərli tendensiya yaradacaq. Birincisi, demoqrafik vəziyyətə mənfi təsir göstərəcək. Ailələr daha çox tək övladlılığa üstünlük verəcəklər. İkincisi də, elə ölkələr var ki, orda tək oğullar əsgər gedirlər, məsələn, Çində. Biz bir məsələdə ortaq məxrəcə gəldik ki, şəhid ailələrinin övladları arxa cəbhədə xidmət etsinlər. Hesab edirəm ki, tək oğulların hərbi xidmətdən saxlanılması əhalinin say artımına ciddi təsir göstərəcək. Allahın yazısıdır, Allah bütün şəhidlərimizə rəhmət etsin. Hesab etmirəm ki, bununla nəyisə dəyişə bilərik”.

Deputat tək oğulların arxa cəbhədə və ya “daha az riskli” bölgədə xidmət etmələri haqda təklifə də müsbət yanaşmır, ayrıseçkilik kimi dəyərləndirir.

Telman Əbilov: “Bu mümkündür”

“Gürcüstanda bu mümkündürsə, bu ölkədə dövlət əsgərdən imtina edirsə, müqavilə ilə xidmətə keçirlərsə, buna iş kimi yanaşırlarsa, Azərbaycanda tək oğulları nəinki arxa cəbhəyə aparmamaq olar, heç onları hərbi xidmətə çağırmamaq da olar. Bu addımı atmaq mümkündür”, - hərbi ekspert Telman Əbilov söyləyir. O, qonşu ölkələrlə müqayisədə Azərbaycanda demoqrafik durumun daha yaxşı olduğunu deyir.

Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Üzeyir Cəfərov isə deputatların yanaşmasından məyus olduğunu söyləyir. Onun sözlərinə görə, tək oğullar hərbi xidmətə getməsə belə, Azərbaycanda yetərincə çağırışçı var və hətta indiki qədər çağırışçıya ehtiyac olmadığını bildirir.

Hərbi ekspert: “Tək oğullar genefonddur”

Üzeyir Cəfərov da deputatların arqumentlərini zəif sayır:

“Deyirlər ki, ailələr daha çox bir oğul, bir qızdan ibarətdir, bu məsələdə üstəlik, Konstitusiyanı önə çəkirlər. O adamlardan xahiş edirəm ki, Konstitusiyanın digər maddələrinə də baxsınlar. Konstitusiya təkcə kişi cinsindən olan hər kəsin vətən qarşısında borcunu yerinə yetirməsini tələb etmir. O cümlədən dövlətin də vətəndaşı qarşısında öhdəlikləri, vətəndaşın hərbi xidmətdən başqa hüquqları var, məsələn, yaşamaq hüququ. Mən hər zaman tək oğulların ön cəbhədə xidmətinin əleyhinəyəm. Bu məsələ birdəfəlik həll olunmalıdır. Tək oğul genefonddur. Adil Tatarov getdi, dörd bacısı qaldı. Dörd bacının hərəsi bir ocağın anasıdır, ailə quranda soyadlarını dəyişiblər. Amma tatarovlarun soyadını daşıyan ikinci övlad yoxdur. Tək oğulları qorumalıyıq”.

Bəs, rəsmilər bu məsələdə niyə dirəniş göstərirlər?

“Bizdə niyə etmirlər? Mən deyim də. Bizdə hələ də bu sistemdə korrupsiya, rüşvətxorluq imkan vermir ki, tək oğullar hərbi xidmətdən azad edilsinlər. Rüşvət marağı olmasa, bunu günü sabah etmək olar”. Telman Əbilov bu fikirdədir:

“Bəzən tək oğulların valideynləri müxtəlif yollarla onları hərbi xidmətdən saxlatdırır. Səbəblərdən biri budur”.

Rəsmilərsə bu iddiaları rədd edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG