Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:43

Harvardın azərbaycanlı məzunları


Harvard Universiteti
Harvard Universiteti
-
Harvard Universiteti ABŞ-ın ən qədim təhsil ocağı sayılır. Təməli 1636-cı ildə qoyulub və ingilis missioner və xeyriyyəçi John Harvard-ın adını daşıyır. Övladı olmayan Harvard 1638-ci ildə ölümündən öncə öz mülkünün yarısını və kitabxanasının 400 kitabını vəsiyyət edib. 1639-cu ildə kollec minnətdarlıq hissi ilə Harvardın adını əbədiləşdirib.

Harvard Universitetinin əsas kapitalı 34.9 milyard ABŞ dollarıdır (Azərbaycanın illik büdcəsini xeyli aşır).

YALNIZ BƏXTİYAR HACIYEV?

ABŞ-ın 7 prezidenti, dünyanın bir sıra nüfuzlu siyasət adamları Harvard məzunlarıdır.

Azərbaycanda «Harvard məzunu» deyərkən, ilk ağla gələn gənc fəal Bəxtiyar Hacıyevdir. O, 2007-2009-cu illərdə Harvard Kennedi Məktəbində oxuyub və ictimai siyasət magistri (MPP - Master in Public Policy) dərəcəsini qazanıb. Azərbaycanda bu dərəcəni alan yeganə şəxsdir.

Bəxtiyar Hacıyev alternativ xidmət tələb etdiyi üçün 2011-ci ildə həbs olunub, bir il sonra azadlığa buraxılıb. Müsbət Dəyişiklik Hərəkatının həmtəsisçisidir.

Daha hansı azərbaycanlı Harvard məzunudur? Azərbaycandan dövlət hesabına oxuyanlar olsa da, universitet təqaüdü ilə təhsil alanların sayı daha çoxdur.

BAKALAVR MƏZUNLARI

Harvarda bakalavr pilləsinə ilk qəbul olan azərbaycanlı 2005-ci ildə Bakı Avropa Liseyinin məzunu Mikayıl Qasımovdur. O, 2009-cu ildə riyaziyyat ixtisası üzrə bakalavr dərəcəsi alıb.

2013-cü ildə Əzizə Süleymanzadə Harvardı fizika və astrofizika dərəcələri üzrə bitirib. Süleymanzadə orta məktəbi Rusiyada, fizika və riyaziyyat təmayüllü Dubna liseyində başa vurub. 2 il Pakistanda – İslamabadda təhsil alıb.

XƏZƏR TƏDQİQATLAR PROQRAMI

Harvardın azərbaycanlı məzunları içərisində 15 illik iş təcrübəsi olan və bir il orada təhsil alanların sayı daha çoxdur (mid-career). Onlardan bəziləri ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) Harvardla müqaviləsi əsasında maliyyələşdirilən Xəzər Tədqiqatlar Proqramı çərçivəsində oxuyub. Proqram çərçivəsində ABŞ-Azərbaycan Ticarət Palatasına daxil olan neft şirkətləri Harvard Universitetinə 1 milyon dollar ianə edib.

Proqramın təqdimatını 1999-cu ildə universitetin tanınmış siması Graham Allison və o zaman Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti İlham Əliyev gerçəkləşdirib.
Bu proqram çərçivəsində təhsil alan şəxslərdən çoxu hazırda ayrı-ayrı ölkələrdə səfirdir. Başqa dövlət işlərində çalışanlar da var.

HARVARD KENNEDİ MƏKTƏBİ

Beləliklə, Harvard Kennedi Məktəbindən MPA-İnzibati İdarəetmə (dövlət idarəçiliyi) üzrə magistr dərəcəsi alanlar:

Elçin Əmirbəyov – Fransadakı fövqəladə və səlahiyyətli səfir (Xəzər Tədqiqatlar Proqramının təqaüdü ilə təhsil alıb);
Harvard Universiteti
Harvard Universiteti

Tahir Kərimov – Malayziyada, Bruney- Darüssəlamda və Kamboca Krallığında fövqəladə və səlahiyyətli səfir olub, bu ilin martında geri çağırılıb (Xəzər Tədqiqatlar Proqramının təqaüdü ilə təhsil alıb);

Fərid Şəfiyev – Kanadada səfir (Xəzər Tədqiqatlar Proqramının təqaüdü ilə təhsil alıb);

Şahmar Mövsümov – Dövlət Neft Fondunun icraçı direktoru – Con Kennedy adına Dövlət İdarəçiliyi Magistri, 2003-2004. (Xəzər Tədqiqatlar Proqramının təqaüdü ilə təhsil alıb);

Mətin Kərimli – Vergilər Nazirliyində beynəlxalq əlaqələr şöbəsinin müdiri;

Ramin İsayev – SOCAR-AQŞ MMC-nin baş direktoru (2009-cu ildən), Harvardda Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində 2000-2001-ci illərdə təhsil alıb (Xəzər Tədqiqatlar Proqramının təqaüdü ilə təhsil alıb);

Vüsal Hüseynli – Prezident Administrasiyasında Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının katibi;

Vüsal İsayev – Prezident Administrasiyasında baş məsləhətçi;

Röya Talıbova – Prezident Administrasiyasında baş məsləhətçi, «İRƏLİ» İctimai Birliyinin həmtəsisçisidir, iki illik proqramın birinci ilini tamamlayıb;

Emin Hüseynov – Azərbaycan Diplomatik Akademiyasının Strateji və İnkişaf Məsələləri üzrə Prorektoru (Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində təqaüd alıb);

Rauf Məmmədov – 2012-ci ildən Qətərdə çalışır;

Anar Cahangirli – «Azercell»də ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri;
Harvard Universitetinin kitabxanası
Harvard Universitetinin kitabxanası

Fuad Axundov – əvvəllər İnterpolda çalışıb, indi Kanadada yaşayır.

HARVARD BİZNES MƏKTƏBİ VƏ BAŞQA MƏZUNLAR

Harvard Biznes Məktəbinin məzunları:

Murad Sofizadə – MBA (Biznes İdarəçiliyi üzrə magistr) 2006, hazırda Rusiyada bizneslə məşğuldur;

Natiq Qəniyev – MBA (2008-ci il) - hazırda Londonda «Delin Capital»da investisiya direktorudur;

Zaur Məmmədov – MBA (2010) - hazırda «Veritas Management Systems» şirkətinin direktorudur.

Çingiz Qədimov – MBA (2011) - hazırda Nyu Yorkda yaşayır və çalışır.

Bir azərbaycanlının isə Harvard tibb fakültəsində PhD – fəlsəfə doktoru dərəcəsi üzrə təhsil aldığını öyrəndik. Fedik Rəhimov 2002-ci ildə Türkiyənin Hacettepe Universitetinin biologiya fakültəsində bakalavr təhsilini tamamlayıb. ABŞ-ın Çikaqo Universitetinin insan genetikası fakültəsində elmi tədqiqatlara başlayıb. Çikaqodakı birillik fəaliyyətini başa vurduqdan sonra 2003-cü ildə ABŞ-ın Ayova Universitetində genetika üzrə doktorantura təhsilinə start verib. 2008-ci ilin mayında müdafiə edərək, 30 yaşında elmlər doktoru adını qazanıb. Harvard Universitetinin tibb fakültəsində araşdırma və müəllimlik fəaliyyəti ilə məşğuldur.

Bu siyahı tam deyil, yeni məlumatlar alındıqca, yenilənəcək. Lütfən, sizin də adı bu yazıda qeyd olunmayan, ancaq tanıdığınız Harvard məzunu varsa, bizə yazın.
XS
SM
MD
LG