Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:34

Tbilisinin Moskva ilə gizli əlaqələrinin üstü açılıb


Borjomidə meşə yanğınları.22Avq2017
Borjomidə meşə yanğınları.22Avq2017

Gürcüstanın Xarici İşlər Nazirliyi ölkədə meşə yanğınlarının söndürülməsi üçün Rusiyadan kömək istədiyi haqda məlumatı təsdiqləyib. Bundan öncə hökumət bunu dəfələrlə təkzib etmişdi. Nəticədə hazırda "Gürcü arzusu" hökuməti böyük bir qalmaqalın mərkəzindədir. Baş verənlər müxalifəti və ictimaiyyəti qəzəbləndirib.

Bu vaxta qədər ictimaiyyətə bildirilirdi ki, öncə Moskva Borjomidəki meşə yanğınlarının söndürülməsi üçün öz köməyini təklif edib, Gürcüstansa nəzakətlə bu təklifdən imtina edib. İndi isə bəlli olur ki, əslində, hər şey tamamilə əksinə imiş: Gürcüstanın özü Moskvadan kömək istəyərək xüsusi nota göndərib. XİN-in yaydığı məlumatda belə deyilir. Qeyd edilir ki, kömək üçün bütün ölkələrə, o cümlədən Rusiya tərəfinə müraciət edilib.

Buna da bax:​ Tbilisidəki ABŞ səfirliyi Rusiya vətəndaşlarına viza verməyə hazırdır

QƏZƏB YARADAN SƏBƏB

Ancaq yayılan rəsmi məlumatda baş nazir Georgy Kvirikashvili-nin meşə yanğınlarının qızğın vaxtında niyə ictimaiyyətə tamamilə fərqli məlumat verməsi haqda heç nə yazılmayıb.

Baş nazir avqustun 24-də belə deyib:

«Rusiya kömək göstərməyə hazır olduğunu bildirib. Hesab edirəm ki, bu təklifi alqışlamaq lazımdır. Biz ...əhali və ölkəmiz qarşısında yüksək məsuliyyət daşıyırıq. Məhz bu məsuliyyəti nəzərə alaraq, Rusiya ilə münasibətlərimizin çox mürəkkəb olduğu vaxtda belə bir təklif alqışlanmalıdır».

Buna da bax:​ “ Gürcüstan işi ” hesabatı açıqlanacaq

Bu zaman o, Tbilisinin Rusiyaya kömək xahişi ilə göndərdiyi nota haqda bircə kəlmə belə deməyib. Əksinə, hökumət nümayəndələri Gürcüstanın Rusiyadan kömək istəmədiyini, Rusiya tərəfinin özünün kömək təklif etdiyini vurğulayıb.

Borjomidə meşə yanğınları. 22Avq2017
Borjomidə meşə yanğınları. 22Avq2017

Gürcüstan parlamentinin bəzi üzvləri, o cümlədən "Vətənpərvərlər alyansı"ndan olan deputatlar ölkənin Rusiyanın yardımından "imtinasını" bu ölkə ilə əlaqələri normallaşdırmaq imkanının itirilməsi kimi dəyərləndiriblər. Müxalifətin başqa bir hissəsi, xüsusən də "Milli Hərəkat" və "Avropa Gürcüstanı" Rusiyanın təklifindən qəzəblənib. Belə ki, 2008-ci ildə Rusiya Borjomidəki həmin ərazini bombalayıb və meşə massivinin xeyli hissəsi o zaman baş qaldırmış yanğın nəticəsində məhv olub.

Buna da bax:​ Gürcüstan və Ukrayna Saakaşvilinin ekstradisiyasını müzakirə ediblərmi?

“BU KİMƏ LAZIM İDİ?”

Avqustun 25-də jurnalistlər Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zakharova-ya meşə yanğınlarının söndürülməsində Gürcüstana yardım göstərilməsi haqda sual veriblər. Onun cavabı belə olub:

«Biz Tbilisinin ...yanğının söndürülməsi üçün yardım xahişinə dərhal cavab verdik. Bu məqsədlə Rusiya FHN-nin İl-76 təyyarəsi ayrıldı. Ancaq sonradan Gürcüstan tərəfi təşəkkür edərək bildirdi ki, yanğın ocaqları təcrid edilib və artıq köməyə ehtiyac yoxdur».

Növbəti gün Gürcüstanın baş nazirinin xüsusi nümayəndəsi Zurab Abashidze bu məlumatı təsdiqləməli olub. Ancaq bütün bu müddət ərzində Gürcüstan mətbuatı XİN-in rəsmi məlumatını almağa çalışıb. Həmin məlumatsa dünən verilib.

Buna da bax: Saakashvili:"Putin sonda beynəlxalq təcrid vəziyyətə düşəcək"

İctimaiyyət buna sərt reaksiya verib. Hökumətin parlament qarşısında hesabat verməsini tələb edən "Milli hərəkat" həm də XİN rəhbərinin məsuliyyəti məsələsini qaldırıb.

«Rusiyadan kömək istəmək, sonra da bu məlumatı gizlətmək kimə lazım idi?» – bu sualı həm prezident administrasiyası, həm də ictimaiyyət verir.

“ONDAN NECƏ KÖMƏK İSTƏMƏK OLAR?”

Hərbi ekspert Temur Chachanidze deyir:

«Yalnız Rusiyanın belə texnikaya malik olduğunu iddia etmək yanlışdır. Türkiyənin (onun təyyarələri burada olub) də, Yunanıstanın, İspaniya və Kanadanın da belə təyyarələri var. Düşünürəm ki, biz Rusiyadan başqa hamıya müraciət etməli idik. Rusiyanın 2008-ci ildə etdiklərindən sonra ondan necə kömək istəmək olar? Üstəlik, o bundan sonra həmişə bu köməyi başımıza qaxacaq, "biz Gürcüstanı fiziki məhvdən xilas etdik" deyib özünü "piar" edəcək. Deyəcək ki, biz olmasaydıq, yanğını söndürə bilməzdilər. Təsəvvür edirsiniz, Rusiya indiki informasiya müharibəsində bundan necə yararlanacaqdı. Onlar daim öz xeyirlərinə istifadə etmək üçün nəsə axtarırlar».

Buna da bax:​ Məşhur teleaparıcı Solovyov saxta məqalənin tələsinə necə düşdü?

Temur Chachanidze düşünür ki, Gürcüstanı Rusiyanın növbəti tənələrindən yanğının vaxtında söndürülməsi və türk təyyarələrinin vaxtında özünü yetirməsi qurtarıb.

Rondeli Fondundan Georgy Badridze isə hesab edir ki, Gürcüstan hökuməti ictimaiyyətin mənfi reaksiyasından ehtiyatlandığından Rusiyanın köməyindən imtina edib:

«Bu hökumətdə daxili koordinasiya yoxdur... İkinci problemsə daha ciddidir: Gürcüstan rəhbərliyində işğalçıya kömək üçün müraciət etməyi mümkün sayan adamlar var. Həmin işğalçının məqsədi Gürcüstanın müstəqilliyinin zəiflədilməsi və məhvidir. Bu, təkcə şərəf məsələsi deyil, həm də o deməkdir ki, bu hökumət milli maraqlar və təhlükəsizlik məsələlərini çox pis anlayır», – ekspert deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG