Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:30

Tbilisidə çeçenistanlı blogger saxlanıb, Rusiyaya verilə bilər


Tumso Abdurakhmanov

Tbilisidə Çeçenstandan olan məşhur blogger Tumso Abdurakhmanov saxlanıb. Gürcüstandan siyasi sığınacaq almaq istəyən bloggeri iyulun 16-da saxlayıblar. Bu barədə blogger özü AzadlıqRadiosunun Şimali Qafqaz bürosuna audio mesaj yollayıb.

Mesajında bildirib ki, həbs olunub, suallara operativ cavab vermək imkanı yoxdur. Niyə həbs olunması barədə açıqlama verməyib.

Tumso Abdurakhmanov Çeçenstanda Ramzan Kadırovun qohumu, eyni zamanda onun administrasiyasının rəhbəri olan İslam Kadırovun kortejinə yol verməyib.

Blogger iddia edir ki, bundan sonra təqib və təzyiq olunmağa başlanıb. Abdurakhmanov deyir ki, qanunsuz təqiblərlə bağlı Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət ünvanlayıb, amma onun müraciətləri Çeçenstan prokurorluğuna yönləndirilib və cavabsız qalıb.

Kadırov hakimiyyəti tərəfindən təqib olunduğunu deyən blogger ölkəni tərk edib və siyasi sığınacaq üçün Gürcüstana müraciət edib. Abdurakhmanov ona siyasi sığınacağın verilməməsindən apellyasiya şikayəti verib və hazırda Gürcüstan məhkəməsi onun şikayətini araşdırır. Əgər şikayət rədd edilərsə, blogger Rusiyaya geri verilə bilər.

Abdurakhmanov Gürcüstandan siyasi sığınacaq almaq istəyən yeganə əcnəbi blogger və ya jurnalist deyil.

2015-ci ildən Gürcüstana sığınan Azərbaycanlı jurnalist Əfqan Muxtarlı bu ilin mayında müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib və həbs olunub.

Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.

Ona Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Əfqan Muxtarlının məsələsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG