Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:48

Rusiya məktəblərindən milli dillər yığışdırılır


Ufada başqırd dilinin müdafiəsi ilə bağlı mitinq
Ufada başqırd dilinin müdafiəsi ilə bağlı mitinq

Ötən şənbə günü Ufada başqırd dilinin müdafiəsi ilə bağlı mitinq keçirilib. Mitinqə iki min adamın qatıldığı deyilir. Etirazçılar məktəblərdə milli dilin icbari tədrisinin saxlanmasını tələb ediblər. Aksiya zamanı qarşıdurma da yaranıb.

Qonşu Tatarıstanda məktəblərdə tatar və rus dillərinin nisbəti məsələsinə isə Dövlət Şurasında baxılacaq. Respublika rəhbərliyinə görə, bu məsələ respublikanın xüsusi statusu ilə sıx bağlıdır.

Çuvaşiyada 9-cu sinif şagirdlərinin çuvaş dili fənnindən imtahanını ləğv ediblər. Bundan başqa, təhsil planından «doğma diyarın mədəniyyəti» fənni yığışdırılıb. Demək olar, bütün məktəblərdə milli dil fənninin saatlarını pravoslavlıq və bədən tərbiyəsi dərslərinə veriblər. Əksər məktəblərdə «Çuvaş dili» fənninin tədrisinə həftədə bircə saat ayrılıb.

İyulda Rusiya prezidenti Vladimir Putin rus dilini «dövlət ünsiyyəti» dili adlandırıb və Rusiya xalqlarının dillərinin məktəblərdə icbari tədrisinə qarşı çıxıb. Bu dəyişikliklər də həmin çıxışdan sonra başlayıb.

İKİ DÜŞƏRGƏ

Təhsil ilinin əvvəlində Tatarıstanın Təhsil Nazirliyinə məktəblərdə rus dilinin tədris saatlarının artırılması haqda göstəriş verilib. Bir çoxları bunun tatar dili dərslərinin hesabına baş verəcəyindən narahatdırlar. Bu səbəbdən hökumət təkzib də verməli olub: bildirilir ki, tatar dilinə ayrılmış saatlar ixtisar olunmayacaq. Ancaq hökumət gərginliyə son qoya bilməyib.

Dil məsələsi Tatarıstanda valideynləri, sözün əsl mənasında, iki düşərgəyə ayırıb.

Yazda Kazanda «Rusdilli valideynlər komitəsi» yaradılıb. Komitə üzvləri «rusdilli şagirdlərin sıxışdırılmasına son qoyulmasını» və tatar dilinin icbari tədrisinin ləğvini tələb edirlər. Apreldə komitənin 15-dək üzvü vardı. Hazırda bu qrupda 5 min adam var. Tatarıstanın altı şəhərində təşkilatın şöbələri yaradılıb. Komitə öz populyarlığına görə şəxsən Vladimir Putin və onun yuxarıda sözügedən çıxışına borcludur.

Bunun ardınca Baş Prokurorluq yoxlamalara başlayıb, yerli Təhsil Nazirliyinə isə rus dilinin tədris saatlarını artırmaq tapşırılıb. «Rusdilli valideynlər komitəsi» tatar dili olmadan fərdi tədris planının hazırlanmasına dair kütləvi ərizə vermə kampaniyasına başlayıb. Hər iki cəbhədən olan valideynlər Respublika Dövlət Şurasına etirazlar yağdırmağa başlayıblar.

Tatarıstan məktəbində doğma dil günü
Tatarıstan məktəbində doğma dil günü

TATARCA 5.5 MİLYON NƏFƏR DANIŞIR

Sabah – sentyabrın 21-də Tatarıstanın Dövlət Şurasında tatar dilinin tədrisi ilə bağlı dinləmələr keçiriləcək. Dinləmələrdə respublika prezidenti Rustam Minnikhanov-un parlamentə illik müraciətini edəcəyi gözlənilir. O bu günədək dillər və məktəblərlə bağlı vəziyyətə münasibət bildirməyib.

İnternet fəalları da tatar dilinin müdafiəsinə qalxıblar. Dərhal #СохранимТатарский həştəqi yaradılıb. VKontakte sosial şəbəkəsində yaradılmış tatardilli valideynlər qrupu nəinki tatar dilinin icbari tədrisini, hətta vahid qəbul imtahanında tatar dilindən imtahan verilməsini də tələb edirlər.

Tatar dili Rusiyada ən geniş yayılmış milli dildir. Bütün Rusiyada bu dildə 5.5 milyon adam danışır. Tatarıstanın özündə bütün yazılar, sənədləşmə və s. iki dildədir.

Başqırd dili tatar dili qədər yayğın olmasa da, onun da statusu yüksəkdir. Bütün Rusiyada bu dildə cəmi 1.5 milyon nəfər danışır. Onlardan 1.2 milyonu Başqırdıstanda yaşayır. Bu, respublika əhalisinin 1/3-i deməkdir.

ÖLMƏKDƏ OLAN 20 DİL

Şərqi Sibir respublikalarında da milli dillər yüksək status daşıyır. Məsələn, Yakutiyada hər ikinci adam yakut dilini bilir. Regionlarda isə hətta rus dilinin, sadəcə, fakültativ fənn olduğu məktəblər var.

Rusiyada ölməkdə olan dillər də mövcuddur: BMT-nin statistikasına görə, belə dillərin say 20-dir. Məsələn, aleut dilində hazırda cəmi 40 adam danışır. Onların hamısı Berinq adasında yaşayır. Ter-saam dili isə Kola yarımadası xalqlarının dili olub. 2010-cu ildə bu dilin daşıyıcılarının sayı cəmi iki nəfər idi.

CurrentTimeTV yazır ki, Tatarıstanın Təhsil və Elm Nazirliyinin sifarişi ilə məşhur sovet cizgi filmi «Vinni Puh» və bir neçə başqa cizgi filmi tatar dilinə çevrilib. Bu cizgi filmlərində baş qəhrəmanların adları da dəyişdirilir. Məsələn, «Prostokvaşino» cizgi filmindəki «Fyodor əmi» (дядя Федор) personajı tatar uşaqları üçün «Fidail abıy»dır.

Bu yay Tatarıstanda tatar dilində sutkalıq uşaq kanalının işə düşəcəyi bəlli olub.

ERMƏNİSTANDAN NARAZILAR VAR

Ermənistanda isə mütəxəssislər rus dilinin populyarlaşdırılması konsepsiyasını təhlükəli hesab edirlər.

İctimai xadim Davit Sanasarian deyir ki, Ermənistanın Təhsil və Elm Nazirliyinin işləyib hazırladığı rus dilinin tədrisi konsepsiyası antidövlət proqramıdır.

Baş nazirin göstərişi ilə hazırlanmış konsepsiyanın müəllifləri deyirlər ki, məqsəd Ermənistanda rus dilini populyarlaşdırmaqdır.

Sanasarian-sa deyir ki, ruslar «barmaq silkələyirlər» və bu proqramı da məhz onlar sırıyıblar. O istisna etmir ki, bu konsepsiyanın məqsədi gələcəkdə Ermənistanda rus dilinə dövlət dili statusunun verilməsinə yönəlib.

«Onlar altdan-altdan erməni dilinin mövqelərini zəiflətməyə başlayırlar», – Sanasarian deyir. Rus dilinin başqa xarici dillərdən seçilməsi ona qəribə gəlir.

Ali təhsil üzrə ekspert Samvel Karabekian-sa deyir ki, Ermənistanda rus dilinin yayılması üçün onsuz da çoxlu kanallar var. Onun sözlərinə görə, dünya elminə yaxınlaşmağa ingilis dili daha çox uyğun gəlir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG