Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 09:11

Atlas libaslı gəlincik hicablı Barbini bazardan çıxarıb


Milli geyimdə gəlincik

Tacikistan hökuməti yanında Standartlaşdırma, Metrologiya, Sertifikatlaşdırma və Ticarətin Təftişi Agentliyinin reydindən sonra oyuncaq satıcısı Saodat Doniyorova problemlərlə üzləşib.

Bu ilin yanvarında «Tacikstandart»ın rəhbəri İbodullo Kurbonien bəyan edib ki, iki ay ərzində bütün respublika üzrə 11 min 600 ədəddən artıq aşağı keyfiyyətli uşaq oyuncağı satışdan yığışdırılıb. Onun sözlərinə görə, bütün bu oyuncaqlar Tacikistana qaçaqmal yolu ilə gətirilib və uyğun sənədləri olmayıb. Bu ölkəyə aşağı keyfiyyətli oyuncaqlar, əsasən, Çindən idxal olunur.

««Tacikstandart»ın növbəti reydindən sonra bizə çinli istehsalçılara milli geyimli gəlinciklər sifariş etməyi məsləhət gördülər. Yayda milli geyimli bir neçə gəlinciyin nümunəsini gətirmişdik. Onlar bir neçə saatın içində satılıb qurtarmışdı», – S.Doniyorova deyir.

Atlas libaslı gəlinciklər sifariş edilib

Payızda Tacikistanın oyuncaq bazarında hicablı Barbi peyda olub. «Mattel» şirkəti ilk dəfə olaraq tanınmış amerikalı qılıncoynadan İbtihac Məhəmmədi təsvir edən Barbini təqdim edib. Qeyd edək ki, İbtihac Məhəmməd Olimpiya Oyunlarına hicabla qatılan ilk Amerika idmançısıdır. Hicablı Barbi şirkətin «Qəhrəman qızlar» seriyası çərçivəsində hazırlanıb. Bu seriyada aktrisa Emmi Rossum, «plas-sayz» (iri bədən ölçülü) model Eşli Qrem və rejissor Ava Dyuverney kimi tanınmış qadınları əks etdirən gəlinciklər var. Hərçənd, Çin istehsalı olan Barbilər bazara əsl Amerika gəlinciklərindən daha tez çıxarılıb.

Milli geyimdə gəlinciklər
Milli geyimdə gəlinciklər

Tacikistan hökuməti geyimi tacik milli ənənələrinə yad olan gəlinciklərin ölkəyə gətirilməsini məhdudlaşdırmağı tövsiyə edib. Hicab və satr - ön tərəfdən bağlanaraq sinəni örtən yaylıq Tacikistanda milli ənənə və dəyərlərə yad geyim forması elan edilib. «Yaradanı ağılla dərk edir, ona ürəklə səcdə edirlər, geyimlə, satrla, hicabla, çalma ilə, saqqalla yox», – deyə Tacikistan prezidenti Emoməli Rəhmon «Ənənə, mərasim və ayinlərin tənzimlənməsi haqqında» qanunun qəbulunun 10 illiyi münasibətilə ictimaiyyət qarşısında çıxışında bəyan edib.

Tacik iş adamları çinli istehsalçılara atlas libaslı gəlinciklər sifariş ediblər. Bu materialdan hazırlanan libaslar on illərdir ki, tacik və özbək qadınların milli geyiminin ayrılmaz hissəsini təşkil edir. Hesab edilir ki, atlasın üzərindəki naxış həm qızların və qadınların gözəlliyini vurğulayır və tamamlayır, həm də bu diyarın təbii gözəlliklərini əks etdirir.

Bu gəlincikləri məmurlar da həvəslə alır

Oyuncaq satıcısı Xusrav Renayev deyir ki, tezliklə Çindən Tacikistanın müxtəlif bölgələrinə aid geyimlərdə gəlinciklər gətiriləcək. «Biz çakan geyimli və atlas libaslı gəlinciklər sifariş etmişik», – Xusrav deyir. («Çakan» üzərində iri motivlər olan geyim növüdür. Adətən, qara fonda parlaq rəngli motivlər işlənilir).

Ölkə vətəndaşları həm gündəlik həyatda, həm də bayramlarda milli paltar geyməyə borcludurlar.
Ölkə vətəndaşları həm gündəlik həyatda, həm də bayramlarda milli paltar geyməyə borcludurlar.

Kulyab şəhərinin bazarlarından birində oyuncaq satan İsmoil Kurbonovun sözlərinə görə, alıcılar arasında atlas libaslı gəlinciklərə böyük tələbat var. O deyir ki, bu gəlincikləri yerli məmurlar da məmnuniyyətlə alır.

Qeyd edək ki, Tacikistan parlamentinin aşağı palatası - Məclisi Namoyandaqon bu il avqustun 23-də «Ənənə, mərasim və ayinlərin tənzimlənməsi haqqında» qanuna düzəliş edib. Bu düzəlişə görə, ölkə vətəndaşları həm gündəlik həyatda, həm də bayramlarda milli paltar geyməyə borcludurlar.

«Ənənə və mərasimlərin nizamlanması haqqında» qanun ilk dəfə 2007-ci ildə qəbul edilib. Daha öncə Tacikistanın Konstitusiya Məhkəməsinin sədri Mahkam Mahmudzoda bu qanunun dünyanın yüz ən unikal qanunlarının siyahısına düşdüyünü bildirmişdi. Onun sözlərinə görə, sonradan qonşu Özbəkistan, Qazaxıstan və Qırğızıstan da bu nümunədən yararlanıb, Əfqanıstan da analoji qanun üzərində işləyir.

Hüquq müdafiəçiləri Tacikistanda hicaba qarşı aparılan kampaniyanı özəl həyata müdaxilə və ölkə Konstitusiyasının pozulması kimi qiymətləndirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG