Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 20:35

Son illərdə Tacikistanda uşaqların internatlarda tərbiyə edilməsi praktikası geniş yayılıb. Bir çox valideynlər qazanc dalınca başqa şəhərlərə, yaxud xaricə gedərkən uşaqlarını internatlara verirdilər. İndi isə hökumət buna son qoymaq qərarına gəlib. Bundan sonra ölkədəki bütün internatlar yalnız yetim uşaqları qəbul edəcək. Azı bir valideyni sağ olan uşaqları isə ailələrinə qaytaracaqlar.

Hərçənd, nə uşaqların özləri, nə də valideynləri bu dəyişikliklərə hazırdır.

«ANAMIN MADDİ DURUMU BUNA İMKAN VERMİR»

Fariza Zairova-nın valideynləri boşanıb və ayrı yaşayırlar. Anası Düşənbəyə köçüb, orada sınıq-salxaq evcikdə yaşayır və xırdavat sataraq birtəhər dolanmağa çalışır. O, uşaqlarını sərbəst böyütmək iqtidarında deyil. Buna görə də Fariza və qardaşını internata verib.

«Hansı ana öz uşaqlarından ayrılmaq istəyər? Amma mənim öz evim yoxdur. Qorxurdum ki, uşaqlar böyük şəhərdə pis tərbiyə alarlar və əyri yola düşərlər», – deyə uşaqların anası Idimoh Zairova qərarını izah edir. Onun sözlərinə görə, hazırda yaşadığı şəraitdə uşaqları sağlam böyütmək sadəcə mümkün deyil. Buna görə də o, uşaqlarını dövlətin himayəsinə verib.

«Mən valideynlərimlə yaşamaq, onların qayğısını hiss etmək istəyirəm. Ancaq hələlik anam deyir ki, maddi durumu məni evdə saxlamağa imkan vermir», – uşaq söyləyir.

Idimoh-un oğlu da bu yaxınlarda internatdan xaric edilib. Ancaq o, adi məktəbə getmək və evdə tərbiyə almaq istəmir.

«Oğlum birinci sinifdən yeddinci sinfədək internatda oxuyub. O, artıq öyrəşib və evə qayıtmaq istəmir. Görürsüz, onu evdə saxlamağa imkanım yoxdur. Qışda bacımın evində gecələyirdim, ancaq uşaqla ora yerləşmərik», – deyə Idimoh Zairova düşdüyü durumu izah edir.

10 MİN UŞAQDAN 300-Ü YETİMDİR

Bu gün Tacikistanda 73 internat məktəbi fəaliyyət göstərir. Burada 10 minədək uşaq tərbiyə alır. Hökumətin yeni qərarı çıxanadək internatlar təkcə yetim uşaqları yox, həm də aztəminatlı, yaxud da valideynlərin qazanc dalınca uzaq yerlərə getdiyi ailələrin uşaqlarını da qəbul edirdilər. 2015-ci ilin statistikasına görə, internatlarda tərbiyə alan 10 min uşaqdan sadəcə 300-ü həm atası, həm də anası olmayan yetim uşaqlar olub. Təqribən daha 3 min uşağın valideynlərindən biri dünyasını dəyişib. Yerdə qalan uşaqlar yoxsul ailələrin, tənha anaların, yaxud da əmək miqrantlarının uşaqlarıdır.

«Öz təcrübəmdən bilirəm: xaricə qazanc dalınca gedən, yaxud dövlət qurumlarında çalışan valideynlərin çoxu istəyirlər ki, uşaqlarının tərbiyəsi ilə internat məşğul olsun. Deyirlər ki, işin çoxluğundan uşaqlara vaxt ayıra bilmirlər. Onlar yalnız həftə sonları uşaqlarını öz yanlarına aparırlar. Ancaq belə valideynlər uşaqlarından nə qədər uzaqlaşdıqlarını, eləcə də uşaqların ailələrindən nə qədər kənarlaşdığını anlamırlar», – internatın müəllimi Fatima Amriddinova deyir.

TƏHLÜKƏLİ SSENARİLƏR

Ekspertlər hesab edirlər ki, ailələrdə böyümək uşaqların özü üçün daha yaxşıdır.

«Uşaq adi məktəbdə oxuyan zaman özünü cəmiyyətin tamhüquqlu üzvü kimi hiss edir və müstəqil insan kimi böyüyür. İnternatda isə dövlət tərəfindən yaşayış üçün bütün şərait yaradılır. Ancaq biz uşağın ailədə böyüməsinin tərəfdarıyıq», – Düşənbədəki 1 saylı internatın müdiri Jamoliddin Amirkhonov deyir.

Amma uşağın ailəyə qayıtmasının ondan ötrü ən yaxşı yol olduğuna şübhə edənlər də var.

«Əgər dövlət uşaqları yoxsul ailələrə qaytaracaqsa, bu, yeniyetmələr arasında cinayətkarlığın artmasına yol açacaq. Bu uşaqlar, güman ki, bazarlarda işləməyə gedəcəklər. Axı, onlar ailələrini dolandırmalıdırlar. Uşaqların fahişəliyə cəlb edilməsi riski də var. Biz artıq bunu 15 il öncə müşahidə etmişik», – deyə ekspert Firuz Borotov xəbərdar edir.

Hökumətin yeni qərarından sonra Düşənbədəki 1 saylı internatda 600 şagirddən 300-ü qalıb. Qalan şagirdlər valideynlərinin yanına qayıtmalı olacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG