Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 18:09

15 yaşlı tacik məktəblisi Yosuman Ismonzoda kiçik qardaşını məktəbdənxaric məşğələlərə aparırmış. Bir gün qardaşının mental hesab dərsinin bitməsini gözlədiyi vaxt bu sahə onun da diqqətini cəlb edib.

Yosuman-ın dərslərə qatıldığı heç bir il də deyil, ancaq bu işə o qədər bağlanıb ki, ölkəiçi və regional müsabiqələrdə yeddi qızıl medal qazanıb.

15 yaşlı Manizha Toshboltaeva-nın yolu da çox maraqlıdır. O, Düşənbədəki «Bilik İmperiyası» özəl tədris mərkəzinin yaradıcısının qızıdır. Hazırda ölkə onu vunderkind kimi tanısa da, Manizha əvvəllər belə bacarıqlarının olmadığını deyir.

«Bütün başqa uşaqlar o qədər sürətlə hesablayırdılar ki, onlara çata bilmirdim. Məktəbdən evə gəlib özümə söz verdim ki, hər şeyi öyrənəcəyəm», – Toshboltaeva müsabiqədən qayıdandan sonra mental hesabı öyrənməyə başlamağından danışır.

Qızların hər ikisi noyabrın 4-də Moskvada keçirilən «GeniusKid 2017» müsabiqəsində qalib gəldikdən sonra məşhurlaşıblar.

«DAHİ» QIZLAR

Onlar müsabiqədən öncə Rusiya televiziyasında yayımlanan «Qeyri-adi insanlar» şousuna çıxıblar. Burada çoxsaylı üçrəqəmli ədədləri sürətlə toplamaq, çıxmaq və vurmaqla mental hesab bacarıqlarını nümayiş etdiriblər.

Toshboltaeva deyir ki, çox zaman insanlar onlara inanmır və əmin olmaq üçün onları yenidən sınayırlar.

Tacikistan prezidenti Emomali Rahmon çıxışında qızların televiziya proqramına çıxmasını və «GeniusKid» yarışmasındakı qələbəsini xüsusi qeyd edib.

Ismonzoda və Toshboltaeva noyabrın 7-də vətənə qayıdanda, Düşənbə beynəlxalq hava limanında onları qəhrəman kimi qarsalayıblar, aeroportda ailələri və dostları ilə birlikdə hökumət rəsmiləri və onlarla gənc fanatları da olub.

Toshboltaeva əvvəllər hesabla maraqlanmadığını, ancaq ötən il anası Veronika Korobkina Düşənbədə «Bilik İmperiyası» tədris mərkəzini yaradandan sonra mental arifmetika dərslərinə qatıldığını deyir.

50% RİYAZİYYAT, QALANI...

Korobkina iddia edir ki, «istənilən uşaq mental hesabı bu iki qız kimi öyrənə bilər».

20 ildən artıq Düşənbədə məktəb müəllimi işləmiş Korobkina Tacikistanda ilk mental arifmetika mərkəzini açıb. Mərkəzin müəllimlərindən biri tədris üsullarını belə təsvir edir: «50% riyaziyyat, 50% məntiq, məntiqi düşüncə, fotoqrafik yaddaş və diqqəti cəmləmə».

Manizha Toshboltaeva
Manizha Toshboltaeva

Korobkina-nın sözlərinə görə, 2016-cı ildə prezident Rahmon Tacikistanda müəllimləri gənc nəslə dəqiq elmlərə həvəs aşılamağa çağırıb. Bundan sonra o, Moskvada yerləşən «Abakus» məktəbinin köməyi ilə Düşənbədə bu məktəbi açıb.

Valideynlər gələcəkdə uşaqlarının iş tapmağa çətinlik çəkməməsi üçün onları əlavə dərslərə yazdırmağa çalışırlar. Korobkina mərkəzə müraciət edənlərin həddən artıq olduğunu deyir. Kursun aylıq qiyməti 50 dollardır. Bu isə aylıq məvacibin 150 dollar civarında olduğu Tacikistanda kiçik məbləğ deyil.

ƏSAS İSTƏK VƏ MARAQDIR

Korobkina əmindir ki, hansısa uşağın dilləri, yaxud da riyaziyyatı öyrənməyə istedadının yetmədiyi düşüncəsi yanlışdır. «Ən vacib məsələ uşağın istəyi və öyrənməyə marağıdır», – o deyir.

Bu il «Bilik İmperiyası» mərkəzinin 13 şagirdi Qırğızıstanda keçirilən Orta Asiya «Abakus» və mental hesab müsabiqəsində medallar qazanıblar. Medallardan beşi qızıldır.

Ismonzoda və Toshboltaeva 2018-ci ildə də Tacikistanı bir neçə yerli və beynəlxalq yarışda təmsil edəcəklər. Yeniyetmələr mental arifmetikanın onların özgüvənini gücləndirdiyini, digər fənlərə fokuslanmaq qabiliyyətlərini artırdığını deyirlər.

Ismonzoda «xaricdə yaxşı bir universitetdə» riyaziyyat təhsilini davam etdirmək istəyir. Toshboltaeva üçünsə mental arifmetika hobbi olaraq qalacaq. O, musiqi və aktyorluq sahəsini seçmək istəyir. Özü də «bəlkə Los Ancelesdə».

Günün bütün mövzuları

XS
SM
MD
LG