Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:27

Qərb Türkiyəyə «dur» desin


R.T.Erdoğan.
R.T.Erdoğan.

-

Ötən ay 1200-dən çox türkiyəli və xarici akademik petisiya imzalayaraq Türkiyənin cənub-şərqində əsasən kürdlərin yaşadığı şəhərlərdə humanitar böhrana diqqət çəkib. Ancaq prezident Erdoğan bu müraciəti imzalayanları dərhal «satqın» adlandırıb, polis onlarla şəxsi saxlayıb. «The New York Times» qəzetində Behlül Özkan Avropa Birliyini Türkiyədə akademik azadlıqlara və insan haqlarına hücumlara qarşı tədbir görməməkdə suçlayır və bunu vacib bir detala bağlayır: Birlik 2-ci Dünya müharibəsindən bəri ən böyük qaçqın böhranını yaşayır. Türkiyədəki 2.5 milyon suriyalı qaçqın Ankaradan ötrü böyük bir alver predmetidir. Avropa liderləri də bunu yaxşı anlayırlar.

Müəllifin fikrincə, elə Birləşmiş Ştatlar da Türkiyəni narazı salmamağa çalışır. Ancaq diplomatik balanslaşdırma sonsuzluğa qədər gedə bilməz. Amerika Suriyada kürdlərin PYD qruplaşmasını, Türkiyə isə «əl-Qaidə»nin bir qanadı olan «əl-Nusra Cəbhəsi»ni dəstəkləyir. «İslam Dövləti» (İŞİD) qruplaşmasıyla bağlı da tərəflər eyni mövqedə deyillər. Vaşinqton Türkiyəni cihadçı qrupun nəzarətində olan ərazi ilə sərhədini bağlamağa çağırır. Ankara isə İŞİD-i daha böyük problemin – Bashar al-Assad rejiminin simptomu kimi görür. ABŞ bu durumdan xoşlanmasa da, Erdoğan-ın arxasında durmaqdan başqa yolu qalmır.

Türkiyə və AB daha mürəkkəb münasibətdədir. AB Türkiyə ixracının 40 faizindən artığını qəbul edir, həmçinin Ankaranın Birliyə üzvlük məsələsindən təzyiq kimi yararlanır. Ancaq müəllifin sözlərincə, nə AB, nə də Birləşmiş Ştatlar Türkiyə hökumətinin kürdlərə qarşı hərbi əməliyyatlarına, akademik və jurnalistlərə müharibəsinə göz yummamalıdır. Yalnız dünyəvi və demokratik, regiondakı radikal qrupların önünü kəsən Türkiyə Yaxın Şərq və Avropaya sabitlik gətirə bilər: «Cənab Erdoğan müxalifətin kökünü kəsdikcə və təkpartiyalı rejim yaratmağa çalışdıqca, AB və ABŞ yola getmə siyasətinə son qoymalı və ona açıq şəkildə bildirməlidir ki, dalana gedir».

İraqda kürd döyüşçüləri.
İraqda kürd döyüşçüləri.

KÜRD, YOXSA ABŞ DÖYÜŞÇÜLƏRI

«The Washington Post» İraqda «İslam Dövləti» (İŞİD) qruplaşması ilə savaşan kürd döyüşçülərdən yazır.

İŞİD-lə müharibə artıq ikinci ilə keçib. Amerika qüvvələri və peşmərgələr daha çox birlikdə hərəkət edirlər. Hər ikisi İraqın şimalındakı Mosulu almağa çalışır. Bu əməliyyatda evbəev qanlı toqquşmalar gözlənilir. Kürdlərin nəzarət etdiyi ərazilərdəki ABŞ qüvvələri müsahibə verməyiblər, ancaq yazıda onların hər yerdə göründüyü qeyd olunur. Vurğulanır ki, ABŞ həm İraqda, həm də Suriyada özünə aid olmayan quru qüvvələrini hava zərbələri ilə dəstəkləyib. Bu siyasət Ramadinin yenidən ələ keçirilməsi ilə nəticələnib. Amma Mosulda iraqlılar və kürdlər ciddi sınağa çəkiləcək. ABŞ rəsmilərinin sözlərincə, yerli qüvvələrin bu şəhəri alması aylar çəkər, bundan ötrü yetərli təlim və avadanlığa malik olmalıdırlar. Ancaq kürd rəsmiləri şəhəri tutmağa hazır olduqlarını, Ramadi və Əl-Fəllucə yaxınlığındakı İraq ordusunun əsgərlərindən bəzilərinin boşalmasını gözlədiklərini deyirlər.

Lakin onlara amerikanlar da lazımdır. «Amerika kömək eləsə, onları məhv edərik», - Khamad adlı döyüşçü deyir. «Etməsələr, çətin olacaq».

Amerikalı müşavirlər isə cəbhə xəttində mövqelərini dəyişir, düşmənə göz qoyur. Kürdlərə küçə döyüşləri təlimi də keçirlər, Mosulda ilk üzləşdikləri bu olacaq.

Bəzi kürd liderlər isə ABŞ-dan daha çox silah, avadanlıq istəyirlər. Özlərində olanlar, əsasən, İŞİD-dən ələ keçirdikləridir.

Çində neft hasilatı.
Çində neft hasilatı.

RUSİYA ÇİNİN TƏRƏFDAŞIDIR

«Səudiyyə Ərəbistanı Çinin neft bazarında Rusiyanı uzun müddət sıxışdırıb. Onilliyin əvvəlində Səudiyyənin Çinin neft idxalında payı 20%, Rusiyanınkı isə 7% idi. Ancaq indi rusiyalılar bazara soxulur, səudlar isə əsəbiləşirlər». «Business Insider» saytında Elene Holodny belə yazır.

«Dünyada neftə tələbatın artığı ən böyük ölkədə rusiyalılar Səudiyyənin ciddi rəqibinə çevrilməkdədir», - «RBC Capital Markets»dən Michael Tran deyir. Onun sözlərinə görə, Çin bazarında Rusiyanın qazancı artmaqdadır.

Ötən 5 ildə səudlar Çinə ixracı sutkada cəmi 120 min barrelə çatdırıblarsa, Rusiyanın satışı 550 min barreldir. Rusiya Çinə ən böyük ixracatçı kimi səudları sıxışdırıb. Uğurun bir səbəbi Rusiyanın Çindən denominasiya olunan yuanı qəbul etməsidir. Digər tərəfdən, Səudiyyənin Asiyada satış qiymətləri də cəlbedici deyil.

«Səudiyyə birinciliyi geri almaq istəyirsə, neft ödənişləri üçün təkcə dollar deyil, yuanı da qəbul etməlidir», - təhlilçi Gordon Kwan «Bloomberg»ə deyib.

XS
SM
MD
LG