Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 08:18

Miqrantlardan ilə 800 min dollar qazanıb


Türkiyədən Yunanıstana keçən qaçqınlar.

Qaçqınların Türkiyəyə keçirilməsindən qazanan qaçaqçıların gəliri azalıb. «The New York Times» qəzetinin müxbiri Partick Kingsley bu haqda yazır.

80 MİNDƏN ÇOX CAVABLANMAYAN ZƏNG

Abu Mohammed darıxır. Hesablayır ki, iki il öncə minlərlə miqrantın Yunanıstandan Türkiyəyə keçirilməsindən 800 min dollardan çox qazanıb. İstanbulda suriyalıların çox olduğu Aksarayda ofis kirayələyib və qərargahına çevirib. Bir dəfə telefonuna baxanda, mümkün müştərilərindən 80 mindən çox zəng gəldiyini görübmüş.

İndi nəinki onun telefonuna zəng gəlmir, heç ofisi də yoxdur. Hərdənbir küçənin o üzündən həmin ofisə baxır.

2015-ci ilin sonlarında qaçqın böhranının pik dövründən bəri Türkiyəylə Yunanıstan arasında miqrasiya 95 faizdən çox azalıb. Bununla da Abu Mohammed-in biznesi çöküb.

Ötən ilin əvvəlindən Balkan ölkələri Avropa üzərindən miqrasiyasını çətinləşdiriblər. Türkiyə də qaçaqçılarla sərt davranmağa başlayıb. Abu Mohammed kimiləri ötən il həftələrlə saxlayıblar. Elə bu məqalədə də onun fotolarında üzü görünmür, ləqəbi ilə danışır.

Qaçqınlar Egey dənizi ilə Türkiyədən Yunanıstana keçirlər.
Qaçqınlar Egey dənizi ilə Türkiyədən Yunanıstana keçirlər.

OĞLUNU DA DƏNİZDƏN KEÇİRİB

Suriyada böyüyən Abu Mohammed cərrah köməkçisi kimi çalışıb. Türkiyəyə qaçandan sonra bu işə girişib. Daha öncə Avropaya qaçmaq istərkən dənizdə, az qala, boğulurmuş. Sərnişinləri içində qohumları da az olmayıb, hətta oğlunu da dənizlə Avropaya keçirib.

O, işinin stressli, qorxulu, həm də utancverici olduğunu deyir. Düzdür, belə qeyri-adi iş gördüyündən qürur duyduğu da hiss olunur, amma eyni zamanda bunun çirkli iş olduğunu boynuna alır. «Bu işdə vicdanlı birini tapmaq çətindir», - deyir.

İndi Abu Mohammed sövdələşmələr qurduğu yerlərdən gen gəzir. Aksaraydakı kafelərdə daha müştəriləri ilə görüşmür. Burada mağazalar daha xilasedici jiletlər də satmır. Kiçik parkda daha qaçqınlar da yatıb qalmır.

KAFE İŞLƏTMƏK İSTƏYİR

İndi həyat ondan ötrü daha ləng gedir, amma həm də daha az stress yaşayır. Daha gecəyarısı zənglərə də cavab verməli olmur. Deyir, bəzən ona dənizin ortasından zəng edirmişlər. Amma 2015-ci ildə qazandığı 800 min dolların 200 minini hələ almayıb, bəzi qaçqınlar Avropaya çatandan sonra pulu ödəməyə söz veriblər.

Amma o, həyatını üçüncü dəfə dəyişməyə yetərincə qazanıb. Deyir, kafe alıb işlədəcək, artıq yer axtarmağa başlayıb.

«Amma görəsən, qaçaqçı bu işi heç buraxarmı? Biz görüşəndən bir neçə gün sonra Türkiyə siyasətçiləri Avropanı yeni miqrant dalğasını buraxmaqla hədələdi. Maraqlıdır ki, Abu Mohammed işinə qayıtmağı ağlından keçirirmi?», – müəllif yazır.

«Türkiyə, heç olmasa, gizli yolla keçməyə çalışanlara göz yumsaydı, qalanların qayğısına qalardıq», – o, bığaltı gülərək deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG