Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:54

Suriyada atəşkəs başladı


Suriya ordusu Hələbdə.
Suriya ordusu Hələbdə.

Suriyada atəşkəs barədə razılaşma qüvvəyə minib. Atəşkəs dekabrın 29-dan 30-a keçən gecədən başlayıb, hərbi əməliyyatların bütün ölkədə dayandırıldığı elan edilib. Plan baş tutarsa, gələn ay Suriya ilə bağlı sülh danışıqları başlayacaq.

Bu, sentyabrdan bəri Suriyada elan olunmuş ən genişmiqyaslı atəşkəs razılaşması hesab edilir. Amma «The New York Times» qəzeti atəşkəs elan olunduğu vaxtdan cəmi bir neçə saat sonra pozulma hallarının qeydə alındığını yazır.

ŞÜBHƏ

Razılaşma haqda sənədi ilk dəfə olaraq hökumət və qiyamçılar da imzalasa da, müşahidəçilərin çoxu onun uğuruna şübhə edirlər.

Oklahoma Universitetində Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Joshua M.Landdis deyir ki, razılaşma uzun çəkməyəcək, çünki danışıqlara bütün silahlı qruplaşmaları cəlb etməyiblər:

«Amma Türkiyənin hərbi birləşmələrə xəbərdarlığı vacib məsələdir. O, sərhədlərini bağlamaqla dünyanın hərbi qruplaşmalara, Assad-in hərbi yolla devrilməsi cəhdlərinə arxa çevirəcəyini nəzərə çatdırır… Rejim bundan sonra amnistiya məsələsini də danışa bildiyi qruplaşmalarla danışacaq, sülh danışıqlarına qatılmaq istəməyənləri, cihadçı hesab etdiklərini öldürəcək, ya da ölkədən qovacaq».

Suriyada köçkünlər.
Suriyada köçkünlər.

ABŞ-DAN YARDIM ALAN DƏSTƏLƏR

Atəşkəs barədə razılaşmanı imzalayan 7 qiyamçı qrupdan 5-i, «The New York Times»ın yazdığına görə, Birləşmiş Ştatlardan yardım alan dəstələrdir. Bu qruplar Suriyanın şimal-qərbində – Türkiyə ilə sərhəd yaxınlığında, paytaxt Dəməşqin şərqində və cənubda –İordaniya ilə sərhəddə xeyli əraziyə yiyələniblər. Maraqlıdır ki, danışıqlara cəlb edilənlərdən biri də «Əl-Qaidə»nin Suriyadakı qanadıyla əlaqəsi olan mühafizəkar «Əhrar əl-Şam» təşkilatıdır.

Danışıqlardan çıxdaş edilənlər isə cihadçılar, «İslam Dövləti», «Əl-Qaidə»nin Suriyadakı qanadı və onlara bağlı digər qruplardır.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan yeni anlaşmanın tarixi fürsət olduğunu və bu fürsəti əldən verməyəcəklərini söyləyib.

«ƏSL MÜTTƏFİQ»

Atəşkəsdən sonrakı sülh danışıqları yanvarda Qazaxıstan paytaxtında keçiriləcək. Əsas tərəflər Rusiya, Türkiyə və İrandır. Birləşmiş Ştatlar danışıqlardan kənarlaşdırılsa da, təşəbbüsü alqışlayıb. «The New York Times» qəzeti Dövlət Departamentinin təmsilçisi Mark C.Toner-dən sitat gətirir: «Zorakılığı dayandıran, insan həyatını xilas edən, yeni və məhsuldar danışıqlara şərait yaradan istənilən cəhd alqışlanır».

Yeni seçilmiş ABŞ prezidenti Donald Trump indiki dövlət başçısı Barack Obama-nın Suriya siyasətini «uğursuz» adlandırıb, Suriyadakı qiyamçılara yardımın dayandırılmalı olduğunu, terrorla mübarizənin onun administrasiyasının Suriya siyasətində əsas xəttə çevriləcəyini deyib.

«The New York Times»ın yazdığına görə, Suriya lideri Bashar Al-Assad D.Trump-ı terrorla mübarizədə «əsl müttəfiq» adlandırıb. Rusiyanın xarici işlər naziri Sergei Lavrov isə D.Trump administrasiyasının danışıqlara qatılmaq təşəbbüsünü məmnuniyyətlə qarşılayacaqlarını bildirib.

XS
SM
MD
LG