Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 18:28

Stalin-in portreti Moskva metrosunun girişindən asılıb


Metronun girişində Stalin-in portreti

Sovet diktatoru Josef Stalin-in portreti Moskva metrosunun 82-ci ildönümü münasibətilə paytaxtın metro stansiyalarından birinin girişindən asılıb.

1935-ci il mayın 15-də Moskva şəhərinin yeraltı nəqliyyat şəbəkəsinin açılışı olub. Ötən gün, mayın 14-də bu tarixi hadisənin ildönümünü qeyd etmək üçün metropoliten rəhbərliyinin təşəbbüsü ilə paytaxtın şimal-şərqindəki «Sokolniki» metro stansiyasının girişinə sovet diktatoru Joseph Stalin-in portreti yerləşdirilib.

Diktatorun «Sokolniki» stansiyasındakı portretinin yanında onun yaxın silahdaşı, SSRİ-nin nəqliyyat üzrə xalq komissarı (narkomu), ilk vaxtlarda Moskva metrosuna adı verilmiş bolşevik Lazar Kaganovich-in portreti asılıb.

PƏRƏSTİŞİN RƏSMİ TƏBLİĞİ?

Portretin yanında üzərində bəyaz hərflərlə «metronun çəkilməsinin təşəbbüskarı və ilhamvericisi, böyük, əziz Stalin» sözləri yazılmış qırmızı «proletar salamı» asılıb. Bütün bunlar sosial şəbəkələrdə rusiyalı istifadəçilərin qızğın müzakirəsinə səbəb olub. Bir çoxları bu addımı qanlı diktatora pərəstişin rəsmi təbliği kimi görürlər.

Tanınmış yumorist və prezident Vladimir Putin-in qatı əleyhdarı Viktor Shenderovich təklif edib ki, növbəti ildönümü məşhur sovet qatili Andrei Chikatilo-nun portretləri ilə qeyd olunsun.

«Deyirsiniz o, qatil idi? Yaxşı, haqlısınız. Ancaq onun etdikləri xırda-xuruş idi. Ən azı Stalin-lə müqayisədə. Həm də o vaxt zəmanə belə idi. Qaranlıq, durğun vaxtlardı», – deyə Shenderovich öz Facebook səhifəsində yazıb.

Xatırladaq ki, A.Chikatilo 56 nəfərin qətlində ittiham olunaraq, 1994-cü ildə ölüm cəzasına məhkum edilib.

Metronun girişində Stalin-in portreti
Metronun girişində Stalin-in portreti

QÜTBLƏŞMƏ YARADAN FİQUR

Stalin bugünədək Rusiyada qütbləşməyə səbəb olan fiqurdur. Pərəstişkarları onun II Dünya müharibəsində nasist Almaniyasına qalib gəldiyini, Sovet İttifaqının sənayeləşdirilməsinə nail olduğunu deyirlər. Diktatorun tənqidçiləri isə onu milyonlarla sovet vətəndaşını öldürməkdə və repressiyalara məruz qoymaqda ittiham edirlər.

Stalin-in tənqidçiləri həmçinin deyirlər ki, nasist Almaniyası üzərində qələbə müharibənin əvvəlindən sonuna qədər çoxlu ciddi səhvlər buraxan Stalin-in yox, sovet əsgərlərinin və sovet xalqının əzmi, şücaəti sayəsində mümkün olub.

Son illər ərzində Rusiyanın bir neçə şəhərində Stalin-in yeni abidələri ucaldılıb. Tənqidçilər Putin-i 17 illik hakimiyyəti dövründə qanlı diktatorun imicini bərpa edərək yüksəltməkdə suçlayırlar.

50 FAİZ RƏĞBƏT BƏSLƏYİR

«Levada-Center» müstəqil sorğu şirkətinin yanvarda keçirdiyi rəy sorğusunun nəticələrinə görə, rusiyalıların, demək olar ki, 50 faizi Stalin-ə rəğbətlə yanaşır. Bu, son 16 il ərzində ən yüksək göstəricidir.

V.Putin-in özü də Stalin-lə bağlı qarışıq fikirlər səsləndirib. 2009-cu ildə deyib ki, «indi heç kəs bizim II Dünya müharibəsindəki bu qələbəmizi təşkil edən və ona doğru aparan insanlara daş ata bilməz».

Ancaq o, həm də əlavə edib ki, bu «müsbət mənzərə» «qəbuledilməz qiymət» bahasına əldə edilib. Putin milyonlarla həmvətənin iztirabına yol açmış idarəetmə tərzini tənqid edib.

«Nəticələnin repressiya yoluyla əldə olunması qəbuledilməzdir, mümkün deyil. Həmin dövrdə təkcə şəxsiyyətə pərəstiş yox, həm də xalqa qarşı kütləvi cinayətlər var idi», – Putin (o zaman o baş nazir idi) 2009-cu ildə canlı yayımda bildirib. Putin də Stalin-in Sovet İttifaqının aqrar ölkədən sənaye ölkəsinə çevrilməsindəki rolunu qeyd edib. Ancaq o, həm də bunun nəticəsində ölkənin kənd təsərrüfatının tənəzzül etdiyini diqqətə çatdırıb. Öz fikrini əsaslandırmaq üçün Putin SSRİ-nin son illərindəki qida qıtlığını, ərzaq növbələrini xatırladıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG