Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 03:41

SSRİ-də xarici jurnalistlər necə işləyirdi


Jurnalistlər ABŞ-da Nikita Khrushchev-u gözləyirlər. 1959

Stalin-in hakimiyyəti dövründə xarici müxbirlərin guya SSRİ-dən göndərdikləri materiallarda yaydıqları «iftira» və «antisovet təbliğatı» ilə mübarizə praktikası tətbiq olunmuşdu. Dövlət bu siyasəti ölkənin düşmənlərin əhatəsində olması ilə əsaslandırırdı. SSRİ-də yaşayan xarici müxbirlər Xalq Xarici İşlər Komissarlığının xüsusi icazəsi olmadan paytaxtdan kənara çıxa bilməzdilər. Bundan başqa, onlar daimi «çekist xidməti»nə məruz qalırdılar: bütün səfərlərdə onları xüsusi xidmətlərin əməkdaşları müşayiət edirdi. Həmin əməkdaşlar xarici müxbirin görməli olmadığı şeyləri görməməsini təmin etməyə çalışırdı.

O vaxtdan başlayaraq SSRİ haqqında xaricdə dərc edilmiş bütün məqalələrin tərcümələri TASS-ın bülletenlərində toplanaraq, ölkənin ali siyasi rəhbərliyinə göndərilirdi. Bu materiallara görə Sov.İKP MK SSRİ-də işləyən jurnalistlərin loyallığı barədə fikir yürüdürdü. «İftira» yayanları isə ölkədən qovurdular.

HƏQİQƏT, YA İFTİRA?

SSRİ rəhbərliyinin iftira saydığı materialların xeyli hissəsi həqiqətəuyğun idi. Məsələn, Vyanada çıxan «Neue Freie Presse» qəzetinin müxbiri Nikolaus Basseches məqalələrində yazırdı ki, dövlət istiqrazları könüllü alınmır və sovet vətəndaşlarına məcburi satılır.

SSRİ-də 15 il yaşayan Basseches dəfələrlə Stalin-in qəzəbinə tuş gəlib. 1932-ci ilin iyulunda Stalin TASS-ın bülletenində Basseches-in məqalələrini oxuyaraq qəzəblənib və silahdaşları Kaganovich Molotov-a belə yazıb:

«...O, vaxtilə meşə sənayesində məcburi əmək haqda çirkin şeylər yazmışdı. Biz onu SSRİ-dən qovmaq istəyirdik, ancaq peşman olduğuna görə SSRİ-də saxlanıldı. Sonra o, təsərrüfat hesabı (xozrasçot) siyasəti haqqında çirkin yazılar yazıb. Ancaq biz öz ağılsızlığımızdan bu çirkinliklərin üstündən keçdik. İndi o, istiqraz və kolxoz ticarətini bəyənmir. Bizsə gic kimi susuruq və kapitalist dəllalların bu küçüyünün böhtanına dözürük.

Təklif edirəm:

a) bu kapitalist əclaf «Pravda» və «İzvestiya»nın səhifələrində çirkaba batırılsın;

b) üstündən bir müddət keçmiş SSRİ-dən qovulsun».

«Pravda» qəzeti
«Pravda» qəzeti

«QƏZETİN NÜMAYƏNDƏSİ MOSKVADAN QOVULSUN»

Birinci maddəyə əməl edilib: həqiqətən də «Pravda»da «Özünə vurğun iftiraçı» başlıqlı felyeton dərc edilib. Ancaq jurnalisti yalnız beş ildən sonra, 1937-ci ildə SSRİ-dən qovublar.

Jurnalistin SSRİ-dən qovulması üçün onun özünün «iftira» yaymasına gərək yox idi. Onu çalışdığı qəzetdə başqasının yazdığı məqaləyə görə də qova bilərdilər.

Amerika jurnalistikasının klassiki, UPI agentliyinin Direktorlar şurasının təsisçisi və sədri Roy Wilson Howard 30-cu illərin ortalarında SSRİ-də «The New York World Telegram»ın müxbiri idi. O, hətta Stalin-dən müsahibə də almışdı. Ancaq üç il sonra, SSRİ-yə növbəti səfərindən qayıdan Howard Stalin-in «Böyük terror»unun başlanmasından sonra paytaxt Moskvada yaranmış qorxu və donos mühiti haqda yazıb:

«Son iki il ərzində minlərlə siyasi, hərbi və iqtisadi lider güllələnib, sürgün edilib, bu və ya digər yolla məhv edilib... Casuslar, ...təxribatçı agentlər Moskvanı basmaqdadır... İnamsızlıq, gizlilik və şübhə bütün mühiti daimi yapışqan dumanla örtür...».

Məqalənin tərcüməsinin kənarlarında Stalin-in xətti ilə yazılıb: «Bu qəzetin nümayəndəsi Moskvadan qovulsun».

Moskvada Mərkəzi teleqrafın binası
Moskvada Mərkəzi teleqrafın binası

«20 DƏQİQƏ DƏ GÖZLƏYƏ BİLƏRDİK, 5 SAAT DA»

SSRİ-də uzun müddət xarici jurnalistlərə senzura da tətbiq olunub. Müxbirlərin dərc edilmək üçün nəzərdə tutulmuş materialları xaricə yalnız Qorki küçəsindəki Mərkəzi teleqrafdan göndərilməli idi. Burada isə daim senzura nəzarətinin əməkdaşı növbə çəkirdi. Bu şəraitdə bir çox qəzetlər və xəbər agentlikləri sadəcə Sovet İttifaqında işləməkdən imtina edirdilər. Məsələn, «Reuters» 1950-ci ildə ölkədəki fəaliyyətini dayandırıb.

Khrushchev-in zamanında «United Press International» informasiya agentliyinin Moskva müxbiri işləmiş Nicholas Daniloff bu şəraitdə AzadlıqRadiosunun rus xidmətinə vəziyyətdən necə çıxmasından danışır:

«Məlumatları redaksiyalara çatdırmaq üçün telefon xətləri sadəcə yox idi. Kremlin yanındakı Mərkəzi teleqrafa getmək, mətnin bir neçə yazılı nüsxəsini ora aparmaq lazım idi. Həmin nüsxələr senzora ötürülürdü. Biz o senzorları heç vaxt öz gözümüzlə görməmişik. Onlar başqa binada otururdular və onlarla görüşmək olmurdu. Ona görə də biz məqalələrimizi senzuraya verərək onları nə vaxt teleqramla Londona, Nyu-Yorka və başqa yerlərə göndərə biləcəyimizi gözləyirdik. Gözləmə vaxtı 20 dəqiqə də ola bilərdi, 5 saat da».

SENZURANIN LƏĞVİ

Xarici jurnalistlərə qarşı senzura praktikasına yalnız Stalin-in ölümündən dörd il sonra son qoyulub.

«1961-ci ilin martında Amerika jurnalistləri Nikita Khrushchev-a belə bir məktubla müraciət ediblər: «Siz gələcəyə üz tutmuş lidersiniz və xarici jurnalistlərə belə maneələrin yaradılması heç də Sovet İttifaqının xaricdəki nüfuzunu möhkəmləndirmir. Zəhmət olmasa, senzuranın aradan qaldırılması məsələsinə baxa bilərsinizmi?» - deyə N.Daniloff xatırlayır.

«Tezliklə Khrushchev cavab verdi. Senzura, səhv etmirəmsə, 1961-ci ilin mayında ləğv edildi. Bu bizim həyatımızı kökündən dəyişdi. Biz daha saatlarla Mərkəzi teleqrafda oturmurduq. Bizə ofislərimizdə telekslər - məlumatlarımızı birbaşa London, Paris, Nyu-York, Vaşinqtondakı redaksiyalarımıza göndərməyə imkan verən aparatlar quraşdırmağa icazə verildi», – o əlavə edir.

Ancaq senzura rəsmən ləğv edilsə də, SSRİ-nin hakim dairələri ta dövlət süqut edənədək xarici müxbirlərin işini məhdudlaşdırmağa davam etdilər. Xarici jurnalistlər bəzən siyasi münaqişələrin qurbanına da çevrilirdilər.

N.Daniloff-un özü 1986-cı ilin avqustunda casusluqda ittiham edilərək həbs olunub. Ancaq KQB onun kəşfiyyatla hər hansı bir əlaqəsinin olmadığını gözəl bilirdi. Daniloff-un həbsi «güzgü addımı» – Nyu-Yorkda sovet casusunun həbsinə cavab idi. Jurnalist 13 gün Lefortovo həbsxanasının kamerasında saxlanıldıqdan sonra prezident Reagan-ın şəxsi müdaxiləsiylə azad edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG