Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:09

CIA ilk sovet peykinə dair gizlinləri açır


«Sputnik-1»

Ötən gün, oktyabrın 4-də ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Mike Pompeo Sovet İttifaqının Yerin ilk süni peykini buraxmasından danışıb. O, CIA və Corc Vaşinqton Universitetinin təşkil etdiyi 4-cü illik milli təhlükəsizlik konfransında çıxış edib. Oktyabrın 4-də həmin hadisənin 60 illiyi qeyd olunub.

Pompeo deyib ki, o zaman «Sputnik-1» peykinin buraxılması «Amerika cəmiyyətini heyrətə gətirsə də, Amerika liderlərini təəccübləndirməyib».

Elə yubiley günü CIA ilk sovet peyki ilə bağlı bütöv bir sənədlər toplusunun üzərindən gizlilik qrifini qaldırıb.

EISENHOWER-İ BİLGİLƏNDİRİRDİLƏR

Sənədlərdə deyilir ki, ABŞ kəşfiyyatı və onun daim məlumatlandırdığı ölkə rəhbərliyi SSRİ-nin peyk və raket proqramının nailiyyətlərindən xəbərdar olub. Hələ 1955-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin Elmi Kəşfiyyat Ofisi (OSI) ABŞ prezidenti Dwight D.Eisenhower-i bu sahədə işlərin gedişindən xəbərdar edirdi. 1957-ci ilin iyununda isə OSI ilk sovet peykinin artıq yaxın vaxtlarda buraxılacağı barədə məlumat verib. Məlumatda həmçinin bildirilib ki, bu hadisədən sonra Sovet İttifaqı Amerikaya gəlib çata bilən qitələrarası ballistik raketlərin (QBR) istehsalına başlaya biləcək.

«Sputnik-1»in kosmosa buraxılması. 1957
«Sputnik-1»in kosmosa buraxılması. 1957

«Sputnik» proqramına dair konfidensiallığı ləğv edilmiş materiallar toplusuna 440 səhifədən ibarət 59 sənəd daxildir. Sənədlərdə sovet kosmik və raket proqramlarının təhlili də var. Bu toplunun yarıdan çoxunda isə daha öncəki sovet kosmik və raket proqramları haqda məlumat əks olunub.

Yerin ilk süni peyki olan «Sputnik-1» 1957-ci il oktyabrın 4-ü, Moskva vaxtı ilə saat 22:28:34-də buraxılıb. Peyk 1958-ci il yanvarın 4-dək 92 gün ərzində Yer ətrafında 1440 dəfə dövr edib.

ABŞ-IN AYILMASI

Amerika alimlərinin bu sahədə apardıqları tədqiqatlar sovet alimlərinin işlərindən geri qalmırdı. Onlar da alman hərbi raket texnikasından yararlanırdılar. Ancaq Amerika mütəxəssisləri silsilə uğursuzluqlarla üzləşmişdilər. Ən böyük uğursuzluq 1957-ci il dekabrın 6-da baş vermişdi. Həmin vaxt ABŞ-ın «Vanguard TV3» adlı ilk süni peykini orbitə çıxarmalı olan raket Floridanın Kanaveral burnunda buraxılmasından cəmi 2 saniyə sonra partlamışdı.

ABŞ özünün «Explorer-1» adlı ilk süni peykini yalnız 1958-ci il fevralın 1-i orbitə çıxara bilmişdi.

Bir çox mütəxəssislər hesab edirlər ki, ABŞ-ı məhz SSRİ-nin ilk süni peykini buraxması «ayıldıb»: ölkədə təhsil islahatı aparılıb, NASA yaradılıb, Amerika elminin inkişafına nəhəng investisiyalar yönəldilib. «Sputnik-1»in buraxılmasından cəmi 12 il sonra, 1969-cu ildə Amerika astronavtlarının səyləri nəticəsində tarixdə ilk dəfə insan Aya ayaq basıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG