Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 13:26

'Bu, sadəcə basketbol oyunu deyildi'


Münhendəki qarşılaşma 51:50 Sovet basketbolçularının qələbəsi ilə başa çatıb.

Rusiyanın Qış Olimpiya Oyunlarından kənarlaşdırıldığı bir vaxtda ölkə kinoteatrlarında SSRİ-nin ən böyük Olimpiya qələbələrindən biri haqda filmin nümayişinə başlanır. 1972-ci ildə SSRİ ABŞ-ın məğlubedilməz sayılan basketbol komandası üzərində ziddiyyətli qələbə qazanaraq, qızıl medala sahiblənmişdi.

«Yuxarıya doğru» adlı bu vətənpərvərlik blokbasterinin premyerası dekabrın 28-də baş tutmalıdır.

Dünyanı dəyişən uğurlar

Moskva ilə Vaşinqtonun münasibətlərinin soyuqlaşdığı son illər hökumət vətənpərvərlik mövzusunda filmlərin çəkilməsinə çalışır.

Rusiya Mədəniyyət Nazirliyi ötən il xüsusi göstəriş dərc edərək, Rusiya hərbi tarixi, terrorizm və ekstremizmlə mübarizə, «ənənəvi dəyərlər» və «dünyanı dəyişən» ilk uğurlardan söz açan filmlərin maliyyələşdirilməsini prioritet elan edib.

SSRİ basketbol komandasının 1972-ci ildə Münhendə basketbolun vətəni sayılan ABŞ-ın komandasını məğlub etməsi, sözsüz ki, bu təsnifata tam uyğun gəlir. Bu qələbə həm də Olimpiya tarixində ən siyasi yüklü idman hadisələrindən biri idi. Hesab lövhəsində xaos və çaşqınlıq yarandığından sonuncu raund iki dəfə oynanmışdı.

ABŞ tərəfi oyunun nəticələrinə etiraz etsə də, bu, nəticə verməmişdi. Bundan sonra ABŞ idmançıları öz gümüş medallarını qəbul etməmişdilər. Bugünədək sahib çıxılmamış həmin medal İsveçrənin Lozanna şəhərindəki Olimpiya Muzeyində saxlanılır.

Bu oyun Soyuq müharibə kontekstindən başqa, dünya basketbolunun inkişafında buraxdığı izlə də yadda qalıb. Bundan sonra digər ölkələrin komandaları da NBA ulduzları ilə dolu Amerika komandası ilə öz aralarındakı fərqi azaltmağa və hətta onu udmağa başladılar.

«Bizi məğlub etmək hər şey demək idi»

«Dünyada bir çox yeniliklər psixoloji sıçrayışlardan qaynaqlanıb. Növbəti nəsil artıq anladı ki, ABŞ məğlubedilməz deyilmiş», – uzun müddət «Sports Illustrated» jurnalının basketbol yazarı olmuş Aleksandr Volf AzadlıqRadiosuna deyir.

Sovet basketbolçuları amerikalılar üzərində qələbəni bayram edirlər.
Sovet basketbolçuları amerikalılar üzərində qələbəni bayram edirlər.

Dövlət Kino Fondu və Rusiya Mədəniyyət Nazirliyinin maliyyələşdirdiyi «Yuxarıya doğru» artıq mətbuatda bütün rusiyalıların görməli olduğu film kimi təbliğ olunur.

Yeni film tanınmış rejissor, Putinin qızğın tərəfdarı və müttəfiqi Nikita Mixalkovun prodakşn şirkəti ilə dövlətə məxsus «Rossiya-24» televiziya kanalının birgə işidir. 2013-cü ildə bu əməkdaşlıqdan başqa bir film də yaranıb. Putin tanınmış sovet xokkeyçisi Valeri Xarlamova həsr edilmiş «17 saylı əfsanə» filmi çox bəyənmiş, onu «ölkəmizin nailiyyətləri ilə fəxr edənlər üçün» film adlandırmışdı.

«Yuxarıya doğru» filmi də sovet basketbol əfsanəsi Sergey Belovun bioqrafiyası əsasında çəkilib.

«Bu, sadəcə basketbol oyunu deyildi. Söhbət Amerikanın basketboldakı hegemonluğuna son qoymaqdan, onu sorğulamaqdan gedirdi. Sovetlər üçün bizi məğlub etmək hər şey demək idi. Çünki biz heç vaxt uduzmamışdıq», – həmin oyun zamanı İvan Yedeşkoya göz qoymaq tapşırığı almış, sonradan özü də NBA oyunçusu və ABŞ konqresmeni olmuş Tom Makmillen deyir.

«Ciddi prodakşn»

Onun sözlərinə görə, ABŞ komandası onsuz da bir gün Olimpiya oyunlarında məğlub olacaqdı. Çünki Amerika komandaları universitet klublarının oyunçularından ibarət idi. Sovet və başqa milli komandalarda isə peşəkarlar oynayırdı.

«Biz sonadək peşəkar oyunçuların qarşısına kollec uşaqlarını çıxarmaqla oynaya bilməzdik. Artıq dünya basketbolu daha yaxşı oynamağa başlamışdı», – Makmillen deyir.

«Yuxarıya doğru» filmində amerikalı basketbolçuları oynamaq üçün keçmişdə basketbolçu olmuş ABŞ aktyorları çəkilib. Keçmiş ABŞ kollec oyunçusu Oliver Morton tanınmış basketbolçu Duqlas Kollinzi oynayır. O, filmi «ciddi prodakşn» adlandırır və oyun səhnələrinin 30-40 saatlıq çəkilmiş materialdan seçildiyini deyir.

Filmin basketbol məsləhətçiləri arasında Sergey Belovun oğlu Aleksandr Belov və həmin komandanın həyatda qalmış cəmi dörd oyunçusundan biri, belaruslu İvan Yedeşko da var. Yedeşko AzadlıqRadiosuna deyib ki, o, keçmiş komanda yoldaşlarının yaxınlarının ərlərinin və babalarının nələr etdiyini görə biləcəyinə çox sevinir.

«Biz ən güclü, ən yaxşı basketbolu olan ölkəni udmuşuq. Bu ölkə hələ qarşıdakı 100 ildə də ən yaxşı olacaq», – Yedeşko deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG