Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 13:14

'Soros universiteti'nə görə hüquqi tədbir görülür


G.Soros

Avropa Birliyi (AB) Macarıstanda yeni təhsil qanunuyla bağlı hüquqi addım atır. Həmin qanun milyarder George Soros-un təsis etdiyi Mərkəzi Avropa Universitetinin (CEU) bağlanmasına yol açır.

BBC-nin yazdığına görə, AB Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis bu qanunun akademik azadlıqlarla ayaqlaşmadığını bildirib.

Macarıstanın baş naziri Viktor Orban isə Avropa Parlamentinə müraciətində cənab Soros-u «amerikalı maliyyə spekulyantı» adlandırıb. Cənab Orban macar əsilli sərmayəçinin «milyonların həyatını darmadağın etdiyini» vurğulayıb. Qeyd edək ki, G.Soros, hələlik, bu ittihamlara cavab verməyib.

QANUN XARTİYAYA ZİDMİŞ

Mübahisəli qanun bu ayın əvvəlində parlamentdə qəbul olunub. Bundan sonra ölkədə Orban hakimiyyətə gələndən ən böyük etirazlar keçirilib.

BBC yazır ki, son hadisələr Macarıstan-AB münasibətlərini gərginləşdirib. Onsuz da əlaqələr Budapeştin insan haqlarına münasibəti üzündən elə da yaxşı deyildi.

Hökumətin Ali Təhsil Aktı CEU-nun Budapeştdə daha diplom verə bilməyəcəyini nəzərdə tutur, çünki bu universitet ABŞ-da qeydiyyatdan keçib.

CEU tələbə və müəllimlərinin etiraz aksiyası.
CEU tələbə və müəllimlərinin etiraz aksiyası.

Avropa Komissiyası isə «dərin» dəyərləndirməyə söykənərək, bu qanunun AB-nin Fundamental Hüquqlar Xartiyasına uyğun olmadığını, akademik azadlıq, təhsil hüququ, biznes qurmaq azadlığı və digər azadlıqları pozduğunu ortaya qoyub.

AB Macarıstan hökumətinə rəsmi məktub da göndərib.

MƏHKƏMƏYƏ MÜRACİƏT OLUNA BİLƏR

«Macarıstan hökuməti buna cavab verməlidir. Bundan sonra komissiya növbəti addımlara qərar verəcək», – cənab Dombrovskis deyib.

BBC yazır ki, Budapeştin cavabından asılı olaraq, komissiya Avropa Ədalət Məhkəməsinə müraciət etmək barədə qərar verə bilər.

CEU liberal dəyərlərin carçısı sayılır və dünyada 200 universitetinin siyahısına düşüb.

Bu universitetin 1440 tələbəsi var. 335-i Macarıstandan, qalanları 107 ölkədəndir.

Qeyd edək ki, Macarıstan sığınacaq istəyənlərlə davranışına görə də tənqid olunur.

Üstəlik, QHT-lərə qarşı məhdudiyyətlərlə bağlı təklif narahatlıq doğurub. Təklif olunur ki, QHT ildə, azı, 24 min 700 dollar xarici gəlir əldə edirsə, qeydiyyatdan keçməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG