Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:01

Kərkükün kürdlərdən alınmasında İran generalının həlledici rol oynadığı deyilir


General-mayor Qassem Soleimani
General-mayor Qassem Soleimani

Bəzi xəbərlərə görə İranın hərbi komandanlarından biri ötən həftə İraqın şimalına səfər edərək kürd liderlərin öz qüvvələrini Kərkükdən geri çəkmələri üçün onlarla danışıqlar aparıb.

Kürd peşmərgə qüvvələrinin Kərkükdən çəkilməsi İraq hökumət qoşunlarının bu şəhər üzərində nəzarəti ələ almasında əsas rol oynayıb.

Kürd millət vəkilləri deyirlər ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun xarici əməliyyatlarını aparan Qüds qüvvələrinin komandanı, general-mayor Qassem Soleimani İraqın iki kürd siyasi partiyasından birinin – Kürdüstanın Vətənpərvər İttifaqının (PUK) rəhbərləri ilə Süleymaniyyə şəhərində görüşüb. Bu görüşdən bir gün sonra İraq baş nazir Haidar al-Abadi hökumət qoşunlarına Kərkük üzərinə yürüş əmri verib.

Bəzi məlumatlara görə Soleimani separat danışıqıları Talabaninin dəfnindən sonra aparıb
Bəzi məlumatlara görə Soleimani separat danışıqıları Talabaninin dəfnindən sonra aparıb

Reuters-in xəbərinə görə Soleimani kürd liderləri inandıra bilib ki, onların peşmərgə qüvvələri Qərbin, habelə Türkiyə və İranın dəstəyinə malik Abadi qoşunlarına qalib gələ bilməyəcəklər.

General həmçinin kürdləri, Tehranın öz dəstəyini onlardan geri çəkəcəyi ilə hədələyib.

Reuters agentliyi kürd siyasi liderlərinə istinadən yazır ki, Soleimani kürdlərə 1991-ci ildə Səddam Hüseynin kürd qiyamını necə qəddarlıqla yatırdığını xatırladıb.

PUK-dan olan millət vəkilinə istinadən Reuters yazır ki, Soleimani kürdlərə ölümcül səhvə yol verməmələri üçün son xəbərdarlığını edib.

PUK rəsmilərindən Ala Talabani deyib ki, iranlı general kürd liderlərlə görüşdə yalnız “müdrik” məsləhət verib.

İran Kərkük neft mədənlərinin İraqın nəzarətindən çıxmasını istəmirdi
İran Kərkük neft mədənlərinin İraqın nəzarətindən çıxmasını istəmirdi

Ala Talabani ərəbdilli əl-Hədəs televiziya kanalına deyib: "Soleimani bizə məsləhət gördü ki, Kərkük qanun və Konstitusiyanın nəzarəti altına qayıtmalıdır və gəlin qarşılıqlı anlaşma əldə edək”.

Kürd peşmərgə komandirləri İranı şiələrin rəhbərlik etdiyi İraq hökumət qoşunlarını Kərkük üzərinə göndərməkdə ittiham edirlər.

İran rəsmiləri bu ittihamları rədd ediblər.

Reuters İran prezidentinə yaxın mənbələrə istinadən yazır ki, kürd liderlərin ötən ay müstəqillik referendumu keçirməsi Tehranı bərk narahat edib. İran Kərkük neftinin İraqın nəzarətindən çıxmasını istəmirdi.

Abadi kürd müstəqilliyi referendumunu qanunsuz elan etmişdi. İraq hökumət qoşunları oktyabrın 16-da Kərkük və onun neft mədənlərini kürdlərdən, demək olar müqavimətsiz geri alıb.

Reuters yazır ki, Soleimaninin Kərkük əməliyyatındakı rolu iki kürd partiyası arasında çəkişmənin nəticəsində faş olub.

İraq şiələrinin hərbi birləşmələri general-mayor Soleimaniyə tabedirlər
İraq şiələrinin hərbi birləşmələri general-mayor Soleimaniyə tabedirlər

Müstəqillik referendumundan əvvəl PUK Barzaninin KDP partiyasını bu səsverməni keçirməklə kürdləri risk altına atmaqda ittiham etmişdi.

Xəbər verilir ki, referendumdan bir neçə gün sonra, oktyabrın 6-da Soleimani PUK lideri Jalal Talabaninin yas mərasimində iştirak edib.

İran rəsmiləri Reuters agentliyinə deyiblər ki, Soleimani Talabaninin dəfnindən sonra PUK liderləri ilə görüşərək onları Kərkükdən çıxmağın zəruriliyinə inandırıb.

Bu arada Barzaninin KDP partiyası PUK lisderlərini kürdlərə xəyanətdə ittiham edib.

Peşmərgə qüvvələrinin komandanlığı bildirib ki, PUK qüvvələri Kərkükdən çıxaraq onu İraq qoşunlarının qarşısında müdafiəsiz qoyublar və bununla da “böyük tarixi xəyanətə” yol veriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG