Reuters agentliyinin xəbərində deyilir ki, Azərbaycanın dövlət şirkəti SOCAR Yunanıstanın təbii qaz kəmərləri operatoru DESFA-nı almaq fikrində qaldığını bildirib, lakin buna görə razılaşdırıldığından iki dəfə az pul ödəmək niyyətindədir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev bəyan edib ki, Yunanıstan şirkətinin özəlləşdirilməsi üçün razılaşdırılmış tenderin ilkin şərtləri dəyişdirilib.
“Dəyişdirilmiş qaydalara görə DESFA-nın qiyməti iki dəfə ucuzlaşdırılıb. Əgər gəlirlilik aşağı düşürsə, şirkətin qiyməti də əvvəlki kimi qala bilməz. Hazırda Yunanıstan hökuməti ilə danışıqlar aparılır” – deyib Abdullayev.
Buna baxmayaraq, SOCAR prezidenti bəyan edib ki, onun şirkəti tenderdə qalib gəlib və geri çəkilmək niyyətində deyil.
2013-cü ildə SOCAR böhran keçiriən DESFA-nın 66 faizini 400 milyon avroya almaq barədə razılaşma əldə etmişdi.
Lakin bundan sonra Avropa İttifaqının rəqabətə nəzarət rəsmiləri Azərbaycan şirkətindən öz payının 17 faizini üçüncü tərəfə satmağı tələb etmişdilər. Bu halda SOCAR-ın payı 49 faizə düşür, o həlledici paketə malik olmur və inhisarçıya çevrilmirdi.
İtaliyanın Snam şirkətinin bu 17 faizi almaq niyyəti barədə xəbərlər verilib. SOCAR rəhbəri bildirib ki, Yunanıstanla danışıqlarda italyanlar da iştirak edirlər.
Reuters xəbər verir ki, satışı daha da çətinləşdirən ötən iyulda Yunanıstanın yeni qəbul etdiyi qanun olub.
Bu qanuna əsasən DESFA-nın qaz tarifləri gözlənildiyindən xeyli aşağı səviyyədə müəyyən edilib.
Yunanlar güzəştə gedənə oxşamırlar
Rövnəq Abdullayevin sözlərinə görə, məhz bununla da ilkin razılaşmanın şərtləri pozulub.
“Buna görə də DESFA-nın hazırkı qiyməti onun ilkin dəyərinin yarısı qədər olmaldır” - deyib SOCAR prezidenti.
O SOCAR-ın Yunanıstan hökumətindən izahat gözlədiyini bildirib.
Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev isə yerli mediaya deyib ki, DESFA-nın bazar qiyməti kəskin düşüb və buna görə də SOCAR-ın çəkdiyi zərərin aradan qaldırılması üçün yunan tərəfininin güzəştə qetməsi istənilir.
Lakin belə görünür ki, Yunanıstan bu məsələdə güzəştə o qədər də həvəsli görünmür.
Yunanıstanın Enerji Nazirliyində adının çəkilməsini istəməyən vəzifəli şəxs Reuters-ə deyib ki, SOCAR Yunanıstanda qaza tələbatın aşağı düşməsini nəzərə almalıdır.
"Tariflərin tənzimlənməsi qaz istehlakı təxminlərinin əsasında müəyyənləşdirilir. Aydındır ki, azərbaycanlılar məsələnin yalnız maliyyə tərəfinə baxırlar, onlar ölkədə qaza tələbatın kəskin azaldığını nəzərə almırlar” – deyibrəsmi.
O əlavə edib ki, SOCAR-ın tarif məsələlərinə qarışmaq səlahiyyəti yoxdur, çünki şirkət DESFA-da yalnız passiv səhmdar olacaq.
Yunanıstan hökuməti DESFA-nın özəlləşdirilməsini 2010-cu ildən bəri beynəlxalq borclarının ödənməsinə dair üzərinə götürdüyü öhdəlik çərçivəsində həyata keçirir.