Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 10:21

SOCAR Avstriyada yanacaqdoldurma məntəqələri alıb


SOCAR

«SOCAR Energy Holdings» Avstriyanın A1 yanacaqdoldurma məntəqələri şəbəkəsini alıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəsmi saytında məlumat yayıb.

Məlumata görə, SOCAR-ın İsveçrədəki törəmə şirkəti «SOCAR Energy Holdings» Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olub. A1 şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini (YDM) və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən «Pronto Oil» firmasını alıb.

««SOCAR Energy Holdings» son 5 ildə İsveçrədə əldə etdiyi gəlirlərin bir hissəsini artırmaq və böyütmək məqsədilə investisiya layihələrinə yatırır. Burada əsas hədəf gələcəkdə gəlir mənbələrini şaxələndirməklə, yeni bazarların potensialından yararlanmaq və Azərbaycan iqtisadiyyatına daha böyük gəlirlər qazandırmaqdır», - SOCAR-ın məlumatında bildirir.

Yeni şirkət təsis olunur

SOCAR əlavə edir ki, Avstriyanın Ştiriya əyalətinin yanacaqdoldurma bazarında aparıcı rola malik A1 şirkətinin ölkə üzrə 82 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Şirkətin 150 nəfər əməkdaşı var:

«A1-lə yanaşı, SOCAR həm də Graz şəhərində yerləşən və ticarət sahəsində fəaliyyət göstərən «Pronto Oil Mineralölhandels GmbH» şirkətini əldə edib. A1 şəbəkəsi və «Pronto Oil Mineralölhandels GmbH» şirkətinin idarə edilməsi məqsədilə «SOCAR Energy Austria» MMC təsis edilib. A1 şəbəkəsi və «Pronto Oil» şirkətinin əməkdaşları işlərində saxlanılacaq və «SOCAR Energy Austria» MMC-nin tərkibində fəaliyyətlərini davam etdirəcəklər. A1 brendinin Avstriya bazarında artıq yüksək səviyyədə tanındığı nəzərə alınaraq, SOCAR satın aldığı YDM-ni həmin brend altında istismar etməyi planlaşdırır».

Bütün bunlara ümumilikdə nə qədər xərc çəkildiyi açıqlanmır.

Xatırlatma

SOCAR Azərbaycanın milli neft şirkətidir. Şirkət Azərbaycan prezidentinin 1992-ci ildə imzaladığı fərmanla yaradılıb.

Son illər SOCAR-ın işçiləri azalmadadır. Bu il iyunun 30-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycandakı işçilərinin sayı 50 min 272 nəfər olub. Ötən ilin sonunda SOCAR-da 50 min 735, 2015-ci ildə isə 52 min 104 nəfər çalışıb. 2014-cü ilin sonuna isə bu dövlət şirkətində 54 min 714 nəfər işçi olub. Bu, son iki ildə SOCAR-ın 4 min 500-ə yaxın işçi itirdiyi anlamına gəlir.

«Moody's» beynəlxalq reytinq agentliyi bu il SOCAR-ın reytinqini aşağı salıb.

SOCAR-ın son illər borclarının artdığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG